Yüksək nəticə göstərən şagirdlərlə görüş
Region

Yüksək nəticə göstərən şagirdlərlə görüş

Goranboy

Bugünkü yeniyetmələr daha bacarıqlı və yüksək hazırlığa malikdirlər. Şagirdlərimizin ildən-ilə artan uğurlarının sayı da bunu bir daha təsdiqləyir. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr, olimpiadalar və bilik yarışları məhz bizə neçə-neçə yüksək bilik və bacarığa, istedada malik olan yeniyetmənin üzə çıxmasına imkan yaradır. Son illər Respublika Fənn Olimpiadalarında qalib olan şagirdlərin sayında artım müşahidə olunur. Bu isə buraxılış imtahanlarında yüksək nəticələr əldə etməyə müsbət təsir göstərir.

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX siniflər üzrə buraxılış imtahanında: Aşağı Ağcakənd qəsəbə tam orta məktəbinin şagirdi Turan Xəlilzadə (275 bal), Goranboy şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Əli Quliyev (274 bal) və Goranboy şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Aynur Məmmədova (272 bal) yüksək nəticələr göstəriblər.

Alpout kənd tam orta məktəbin 4-cü sinif şagirdi Türkay Şəfizadə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində və Səmədabad kənd tam orta məktəbin 2-ci sinif şagirdi İsmayıl Nəsirov məktəblilər arasında keçirilən KİNGS Liqasında yüksək nəticələr göstərərək qızıl medal qazanıblar. Bu münasibətlə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev qalib şagirdlər, onların valideynləri və müəllimləri ilə görüşüb.

Qaliblərə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərman”ı və qiymətli hədiyyələr təqdim edilib.

Zabit XƏLİLOV,

“Respublika”.