Həmrəylik bayramı azərbaycançılıq ideologiyasına söykənir
Region

Həmrəylik bayramı azərbaycançılıq ideologiyasına söykənir

Qax

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dekabrın 29-da rayonda konfrans keçirilib.

Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, Yeni Azərbaycan Partiyası fəallarının, şəhid ailələrinin, qazilərin və rayon ictimaiyətinin nümayəndələrinin iştirak etdiyi tədbiri rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, dünya azərbaycanlılarının müstəqil dövlət və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifinin Ümummilli Lider Heydər Əliyev olduğunu diqqətə çatdırıb. Bildirib ki, Ulu Öndərin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi, milli diasporun formalaşması və lobbi fəaliyyətinin inkişafı prosesinin başlanğıcını qoyub.

“Heydər Əliyev milli həmrəyliyimizin banisidir” mövzusunda məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova qeyd edib ki, həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir.

Çıxışlarda vurğulanıb ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü üç ildir tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi, həm də, milli həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında daha sıx birləşməsinin təcəssümü oldu. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi.

Toplantı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş videofilmin nümayişi ilə başa çatıb.

M.NƏRİMANOĞLU,

“Respublika”.