Yerinə yetirilən vəsiyyət
Digər xəbərlər

Yerinə yetirilən vəsiyyət

Ömrünü xalqına bağışlayan Ulu Öndər və Xalqını Qalib edən Müzəffər Lider

Prezident İlham Əliyevin antiterror tədbirlərindən sonra azad olunan tarixi torpaqlarımıza növbəti səfəri müstəqilliyimizin yenidən bərpa olunması günlərinə təsadüf edir. Bu tarixi dönüşlə həqiqətin üstündən qara pərdələr qaldırıldı və dünyanın gözündə yazıqlıq etalonuna çevrilən Qarabağdakı separatçı "dövlət"in "varlığına" son qoyuldu. Əslində onların sonunu gətirən faktı "böyük Ermənistan" xülyasının yer aldığı xəritəyə nəzər yetirən Müzəffər Ali Baş Komandan bircə cümlə ilə ifadə etdi: "Bunların xəstəliyi bax, budur. Dırnaqarası böyük Ermənistan. Onu bədbəxt eləyən bax budur...".

Hələ Vətən müharibəsindən öncə də Prezident İlham Əliyev beynəlxalq hüququn prinsiplərinə əməl etməsi, işğal olunmuş Azərbaycan torpaqlarından qoşunlarını çıxarması və nəhayət, öz xalqını gələcək təhlükələrdən qoruması üçün Ermənistan rəhbərliyinə xəbərdarlıq etmiş, daha doğrusu, şans vermişdi.

Xarici havadarlarının üç il bundan öncəyə qədər "qorxma, səninləyəm" havasına uyan işğalçı indi peşmandır və "bəlkə də qaytardılar" təsəllisinin məğlubiyyətinə dərman olmadığının fərqindədir.

Məsələ bitib. Azərbaycan suverenliyini təmin edib və bütövlüyünü qüdrətli ordu qoruyur. Reinteqrasiya üçün verilən söz Prezidentin dediyi kimi, imzası qədər keçərlidir. Azərbaycanda Ermənistandan fərqli olaraq tolerantlıq və ən əsası burada yaşayan bütün xalqları bir bayraq altında birləşdirən bir ideologiya var. Məhz illər sonra işğal olunmuş torpaqları da "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam" gerçəkliyi ilə böyüyən Azərbaycan gəncliyi azad etdi.

Sevincliyik, qürurluyuq, eyni zamanda bizi bütövlüyümüzə qovuşduran oğulları xatırlayanda kövrəlirik. Doğma yurdlarına qayıdan Füzuli sakinləri ilə görüşdə "Əziz bacılar, qardaşlar, dostlar, bir daha təbrik edirəm. Bu gün həm sevincli, həm kədərli gündür. Qızımızın göz yaşları da təbii ki, heç vaxt dayanmayacaq. Bunu biz bilməliyik, 10 il keçsə də, 20 il keçsə də. Hamımız göz yaşları tökmüşük və tökürük", - deyərək kövrələn Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev kimi...

Böyük şəxsiyyətlərin kövrəlməyi də, sevinci də, kədəri də oxşar olur. Necə ki, illər öncə ulu öndər Heydər Əliyev xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirini deyərkən kövrəlmişdi...

Hafiz ZİYADXANOĞLU.