XİN
Siyasət

XİN "Kommersant"ın yazısına münasibət bildirib: Qarabağın erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozub

Avqustun 11-də Rusiyanın "Kommersant" qəzetində "Arsax Qarabağa qarşı" adlı məqalədə Ağdam-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən istifadə müqabilində Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsindən keçidə imkan yaradacağına dair ilkin razılıqlar barədə fikirlər səsləndirilib.

AZƏRTAC bu fikirlərlə bağlı Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin şərhini təqdim edir.

Son günlər ərzində beynəlxalq tərəfdaşların səyləri nəticəsində Ağdam-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan BQXK vasitəsilə keçidin daha da intensivləşməsinə dair razılıq mövcud idi.

Bununla yanaşı, Azərbaycan tərəfinin təklifi əsasında Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşün keçirilməsi razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı.

Bütün bu razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozublar.

Onların və bu mövzunu siyasi manipulyasiya alətinə çevirən Ermənistanın pozucu fəaliyyəti qarşı tərəfin sülh və sabitlikdə, habelə bu istiqamətdə dialoqda maraqlı olmadıqlarını bir daha nümayiş etdirib.

Bununla yanaşı, qeyd edilən addımlar humanitar əsasda iddiaların əsassız olduğunu bir daha sübut edərək, bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir.