Xankəndidə məskunlaşan separatçılar reinteqrasiya prosesinə əngəl yaradırlar
Digər xəbərlər

Xankəndidə məskunlaşan separatçılar reinteqrasiya prosesinə əngəl yaradırlar

Azərbaycanın, Ermənistandan fərqli olaraq hər zaman irəli sürdüyü təkliflər səsləndirdiyi bəyanatlar beynəlxalq hüquqa söykənir və legitimliyə əsaslanır. Bədxahlarımıza gəlincə isə, onların xarici siyasətinin ana xəttində terror və işğal ilk pillədə dayanır. Yəni hayların fikrincə qonşu olduqları bütün dövlətlər bunlara torpaq borcludur. Həmsərhəd olduğu dörd ölkədən üçünə ərazi iddiaları edən ermənilər, öz beyinlərini artıq anadan olan kimi zəhərləməyə başlayırlar. Məktəb dərsliklərində, qonşu ölkələrə məxsus ərazilər erməni adları ilə əvəzlənir və şagirdlərə həmin yerlərin "qədim" Ermənistan torpağı olduğu öyrədilir. Elə bu yaxınlarda Nikol Paşinyan özü də bəyan etdi ki, dərsliklərdə Ermənistanın ən hündür dağı kimi Ararat dağının qeyd olunması yanlışdır.

Ermənilər işğalda, terrorçuluqda, talançılıqda o qədər irəliyə gediblər ki, hətta bunu konstitusiya çərçivəsində belə legitimləşdiriblər. Onlar hətta dövlət konstitusiya aktında Qarabağı Ermənistan ərazisinin bir hissəsi kimi qeyd ediblər. Halbuki Nikol Paşinyan son günlərdə daha bir etirafı dilə gətirdi ki, dünyada Qarabağı Azərbaycan ərazisi kimi tanımayan ölkə yoxdur. Nikol Paşinyanın axır vaxtlar bəzi məsələləri doğru-düzgün səsləndirməsi heç də o demək deyil ki, erməni baş nazir həqiqət tərəfdarıdır. Xeyr, əsla belə deyil. Sadəcə haylar doğrunu onda söyləyir ki, o zaman yalana yer qalmır. Necə ki, Qarabağın Azərbaycan ərazisini söyləməyə məcbur qaldığı kimi.

2022-ci ilin dekabr ayından başlayaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi Qarabağ ətrafında yeni manipulyasiyaya əl atıblar. Bu dəfə erməni hiyləgərləri, adət-ənənələrinə sadiq şəkildə bəşəriyyətin gözündə məzlum, əlacsız insan kimi görünmək üçün "blokada" oyununu ortaya atıblar. Erməni başbilənləri onlara gələn yeni ssenarilər əsasında qurduqları oyunda Qarabağ ermənilərinin ağır durumda olduqlarını dünyaya car çəkirlər. Əslində, istər Ermənistan, istərsə də Qarabağda yerləşən separatçı rejimin rəhbərləri olsun, kimin ölüb-qaldığı onların veclərinə də deyil. Əgər belə olmasaydı, İkinci Qarabağ savaşında qat-qat güclü Azərbaycan Ordusu qarşısında erməni hərbçilərin məhv olmasına göz yummazdılar. Azərbaycanın 30 ildə sülh çağırışlarına məhəl qoymayan ermənilərin bunun əksinə "Qarabağ Ermənistandır", "yeni ərazilər uğrunda yeni müharibələr" fikirlərini səsləndirmələri qərb qonşularımızın bəşəriyyət üçün necə təhlükəli varlıq olduğundan xəbər verir. Ermənistan rəhbərlərinin ölkədə hökm sürən iqtisadi-siyasi kollaps vəziyyətinə çarə axtarmaq əvəzinə Azərbaycanın daxili işlərinə qarışması isə işin ayrı bir biabırçı tərəfidir.

Əslində, Qarabağın erməni sakinlərinin taleyini Ermənistan dövləti və havadarları Azərbaycan qədər düşünsəydi bu gün vəziyyət bu yerə gəlib çıxmazdı. Vardanyan və Araikin əsirinə çevrilən erməni milli azlıqlar sadəcə siyasi spekulyasiyanın qurbanına çevriliblər. Elə iyulun 19-da baş verən hadisələr bir daha bunu göstərmiş oldu. Azərbaycan hökuməti Xankəndiyə humanitar yüklərin daşınması üçün Bərdə-Ağdam-Xankəndi yolunu təklif etdikdən dərhal sonra Moskvadan bura göndərilmiş erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın rəhbərlik etdiyi bir qrup Ağdamdan Xankəndiyə gedən yolu beton plitələrlə bağladı. Səbəb isə bəllidir. Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasının qarşısını almaq. Xankəndiyə gələn humanitar yolu beton plitələrlə bağlayıb sonra dünyaya haray salasan ki, Azərbaycan bizi blokadada saxlayır, bunun üçün doğrudan da erməni olmalısan.

Dövlətimizin təklif etdiyi Ağdam-Xankəndi yolu ermənilər üçün təzə anlayış deyil. Hətta yaxın keçmişdə, SSRİ dövründə Qarabağ erməniləri bu yoldan Ağdam bazarından alış-veriş etmək üçün istifadə ediblər. Digər bir məsələ də Azərbaycanın təklifinə beynəlxalq səviyyədə müsbət yanaşmanın olmasıdır. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, ABŞ dövlət katibi Antoni Blinken və Beynəlxalq Qırmızı Xaç Komitəsi bu yolun önəmini diqqətə çatdırıblar. Belə olan halda böhran içində çarpışan, xaricdən gələn maliyyə hesabına ayaqda durmağa çalışan Ermənistanın Ağdam-Xankəndi yoluna qarşı çıxmasının əsl səbəbləri bəlli olur. İlk növbədə, qeyd olunduğu kimi, bu yoldan humanitar məqsədlər üçün istifadə olunması reinteqrasiya prosesini sürətləndirəcək və müəyyən zamandan sonra Qarabağın erməni sakinləri azərbaycanlılarla qaynayıb-qarışacaq ki, beləcə, Ermənistan sülhə məcbur olacaq. İkinci bir məsələ isə, Ermənistan müharibə başa çatandan sonra Xankəndi və ətraf ərazilərdə 30 minə yaxın erməninin yaşadığını bildirmişdi, daha sonra isə bu rəqəmi süni şəkildə 120 minə qaldırdılar. Əslində isə Qarabağda nəinki 120 min, hətta 30 min erməni belə yaşamır. Əgər Ağdam-Xankəndi yolu istifadəyə açılarsa, onda ermənilərin dəqiq sayı müəyyənləşəcək ki, bu da separatçı rejim və Ermənistan tərəfindən istənilməyən bir haldır.

Musa BAĞIRLI,

"Respublika".