İcma:
Digər xəbərlər

İcma:

Qərbi Azərbaycan İcması ABŞ-ın Ermənistandakı səfirinin İstisuya səfəri ilə bağlı bəyanat yayıb

Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinin məlumat verdiyi kimi, bu gün səfir Kristina Kvien İstisu (Cermuk) qəsəbəsinə səfər edib. Biz xanım səfirin İstisuya hansı məqsədlə səfər etməsi barədə məlumata malik deyilik. Lakin, səfirin İrəvandan gələrkən İstisu daxil olmaqla əvvəllər azərbaycanlıların yaşamış olduqları, məscidlərinin, qəbiristanlıqlarının dağıdıldığı, təhqir edildiyi yaşayış məskənlərindən keçdiyini bilirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd edilib.

"Bilmək istərdik ki, özünü dünyada insan hüquqlarının müdafiəçisi kimi qələmə verən ABŞ-ın Ermənistanda, - etnik təmizləmə yolu ilə monoetnik məkana çevrilmiş bir dövlətdə, - səfiri olan xanım Kvienin akkreditə olunduğu ölkədə tüğyan edən irqçilik və qeyri-tolerantlığın aradan qaldırılması və azərbaycanlıların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində nəzərdə tutulan qayıdış hüquqlarının reallaşdırılması üçün nələr edir.

Biz, həmçinin fürsətdən istifadə edərək, ABŞ tərəfini etnik və dini ayrı-seçkilik qoymadan insan hüquqlarına dəstək verilməsi xahişi ilə Dövlət katibi Antoni Blinkenə göndərdiyimiz müraciətə cavab verməyə çağırırıq", - deyə İcmanın bəyanatında vurğulanıb.

 

Ermənistanda bir nəfərin, sadəcə, türkcə danışmasına görə həbsini kəskin şəkildə qınayırıq

Biz, Ermənistandan zorla qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması, bu günlərdə Ermənistanın Karvansara (İcevan) rayonunda bir nəfərin, sadəcə, türkcə danışmasına görə hücuma məruz qalmasını və onun polis tərəfindən həbs olunmasını kəskin şəkildə qınayırıq.

Bu insident, Ermənistandan bütün azərbaycanlıların 1987-1991-ci illərdə zorla qovulmasının əsas səbəbi olan ölkənin dövlət siyasətində və cəmiyyətində dərin kök salmış irqçilik və ksenofobiyanın növbəti bir bədnam göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı yaydığı bəyanatda bildirilib.

"Biz dünya ictimaiyyətini bu insidenti pisləməyə və Ermənistanın irqçi siyasətinə son verməsi, ölkədə tolerant mühit yaratması və qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasını təmin etməsi üçün bu ölkəyə təzyiq göstərməyə çağırırıq.

Biz, həmçinin BMT-nin İnsan hüquqları üzrə Ali Komissarını, İrqçiliyin, irqçi ayrı-seçkiliyin, ksenofobiyanın və əlaqədar qeyri-tolerantlığın müasir formaları üzrə BMT-nin xüsusi məruzəçisini, "Human Rights Watch" və "Amnesty International" təşkilatlarını sözügedən insidentlə məşğul olmağa və təqibə məruz qalan şəxsin hüquqlarını müdafiə etmək üçün lazımi addımları atmağa çağırırıq", - deyə Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb.