Xalq siyasi iradəsini bir daha nümayiş etdirəcək
Siyasət

Xalq siyasi iradəsini bir daha nümayiş etdirəcək

"Hər millət layiq olduğu idarəetməyə və dövlət adamlarına sahibdir, çünki onların yaratdığı şəxslər vəzifəyə gəlirlər və onların xislətini, onların düşüncəsini, onların yanaşmasını özlərində ehtiva edirlər".

Bu sözlər məşhur rus yazıçısı Qriqori Petrovun "Bəyaz zanbaqlar ölkəsində" kitabının "Xalqlar və qəhrəmanlar" bölməsindən götürülüb. Əslində yazar bir cümlə ilə dövlət sistemini tamamilə aydın formada izah edir. Nəticə etibarilə anlayırıq ki, ölkə başçısı xalqın aynası, öz dövlətinin bir vətəndaşı və bütün həmvətənlilərinin ümumiləşmiş formasıdır. Azərbaycanın hər bir insanı mərd, dövləti üçün canından, qanından keçəcək gücə sahibdir. Prezident İlham Əliyev isə bütün bu xüsusiyyətləri ilə Azərbaycanı dünya arenasında məharətlə təmsil edir. Ölkəmiz güclü sərkərdəyə sahibdir. Prezident İlham Əliyevin davamlı olaraq ölkə vətəndaşlarının rifahı üçün çalışması son 20 ildə özünü açıq formada göstərir. İstər iqtisadi-siyasi, mədəni, təhsil, istərsə də hərbi sahədə yürüdülən siyasət bəhrələrini verir. Xalq öz prezidentini seçərək düzgün qərar verib, gələcək illərdə əmin-amanlıq içində yaşamaq üçün uğurlu addım atıb.

Gələn il fevralın 7-də vətəndaşlarımız yenidən öz siyasi iradələrini nümayiş etdirəcəklər. Lakin ötən illərdən fərqli olaraq bu dəfə Azərbaycan tam suverən dövlət kimi növbədənkənar seçkilərdə iştirak edəcək. Prezident İlham Əliyevin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı verdiyi bu qərar ölkəmizin demokratiyanın beşiyi olduğunu göstərir. 20 ildir xalqa xidmət edən, rahat həyat tərzi sürmələri üçün ciddi addımlar atan dövlət başçımız elə ən düzgün seçimdir.

Hazırda Azərbaycanla yanaşı, bir sıra ölkələrdə də növbədənkənar seçkilər keçiriləcək. Gündəm mövzusu olan bu məsələ xarici mediada öz yerini alıb. Belə ki, Türkiyə, Ərəbistan, Avropa, Çin və bir çox ölkələrin KİV-lərində seçkilərlə bağlı yazılar yayımlanıb. "Associated Press" xəbər verir ki, hazırda siyasi arenada onunla rəqabət aparacaq bir rəqib yoxdur və xalq dəstəyi ilə qeyd-şərtsiz qələbə şansı yaranır. "Reuters" isə yazır ki, İlham Əliyev ölkəsinin neft zənginliyindən istifadə edir, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla möhkəm ittifaq qurub, eyni zamanda həm Rusiya, həm də Qərblə işgüzar əlaqələri davam etdirməyi bacarıb.

"English News" isə bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev dördüncü səlahiyyət müddətinin başa çatmasına bir il qalmış, ölkədə növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Mərkəzi Seçki Komissiyasına seçkilərin ölkənin Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".