Vətənpərvərliyi ilə örnək idi
Sosial həyat

Vətənpərvərliyi ilə örnək idi

Yasən Yelmar oğlu Əhmədov 16 sentyabr 1974-cü ildə Ağdam rayonunun Kosalı kəndində anadan olub. Ailədə 3 bacı və 1 qardaş olublar. Uşaqlıq illəri Ağdam rayonunda keçib. 1991-ci ildə orta təhsilini başa vurduqdan sonra, 1992-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Zoomuhəndislik" fakültəsinin qiyabi şöbəsinə daxil olub və 1998-ci ildə buranı bitirib.

Birinci Qarabağ müharibəsi başladığı zaman 18 yaşı tamam olmamış cəbhəyə gedib. Yasən könüllü olaraq atası Yelmar Əhmədov xidmət etdiyi könüllülər batalyonuna yazılıb və müharibədə atası ilə birgə iştirak edib. 1994-cü ilin noyabr ayından etibarən Müdafiə Nazirliyi tərəfindən Yasənə kiçik gizir hərbi rütbəsi verilməklə "N" saylı hərbi hissədə motoatıcı bölüyünün baş çavuşu, 1 il sonra həmin hərbi hissədə inzibati təsərrüfat hissəsi rəisi vəzifəsinə təyin edilib. Daha sonra 1996-cı ildən 2002-ci ilə qədər kadrlar və nizami bölmənin məsul icraçısı vəzifəsində xidmət edib və həmin ildə xidmətini başa vurduqdan sonra ehtiyata buraxılıb. 1997-ci il yanvar ayının 13-də Yasən Əhmədova gizir rütbəsi verilib.

2007-ci ilin iyununda müdafiə nazirinin əmrinə əsasən, yenidən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılıb, döyüş bölgəsində yerləşən müxtəlif hərbi hissələrdə xidmət göstərib. Müxtəlif hərbi hissələrdə şəxsi heyət bölməsi rəisinin köməkçisi vəzifəsində xidmət edib. 2017-ci ildən 2020-ci il oktyabr ayının 22-nə qədər mühəndis istehkam bölüyünün baş texniki vəzifəsində xidmət edib. 2016-cı il oktyabr ayının 18-də gizir Yasən Əhmədova baş gizir rütbəsi verilib. Xidmət etdiyi dövrdə "Qüsursuz xidmətə görə" III dərəcəli , "Qüsursuz xidmətə görə" II dərəcəli , "Qüsursuz xidmətə görə" I dərəcəli , "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilib.

44 gün davam edən Vətən müharibəsində baş gizir Yasən ön xəttə yollanaraq ağır döyüşlərdə iştirak edib. Suqovuşan və Talış istiqamətində gedən şiddətli döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərib.

Yasən bir neçə yaralı hərbçilərimizi döyüş meydanından çıxarıb. Qəhrəman gizir oktyabr ayının 9-da Talış yüksəkliyində yaralanıb. Naftalan Mərkəzi Xəstəxanasına gətirilərək orada əməliyyat olunub. 13 gün komada yatan baş gizir Yasən Əhmədov oktyabrın 22-də şəhadətə ucalıb. Şəhidin nəşi Mingəçevir şəhərinə gətirilib və Şəhidlər xiyabanında torpağa tapşırılıb. 2 oğlu - Yunis və Yelmar adlı övladları əmanət qalıb.

Şəhidin həyat yoldaşının xatirələrindən: "Yasən 25 il şərəflə Azərbaycan Ordusunda xidmət etmişdir. Onu Azərbaycanda çox az adam olar ki, tanımasın. Öz etibarı, sədaqəti, hərbi savadı və peşəkarlığı ilə hərbçilər arasında xüsusi hörmət sahibi idi. Ləqəbi "Hərbinin arxivi" idi. Bütün bunlarla yanaşı, Yasən vətənpərvərliyi ilə də hər kəsə örnək olacaq biri idi. Çox təəssüf ki, torpaqlarımızı işğaldan azad görmədən şəhid oldu. Halbuki ən çox haqqı olanlardan biri idi. Çünki 1992-ci ildən bəri torpaqlarımızın azad olunmasını görmək ümidi ilə yaşayırdı. O bu vətənpərvərliyini ailəsinə, övladlarına da aşılamışdı. Onun tanınmasını, unudulmamasını istəyirik. Cəmiyyətimizin belə insanları tanımasına ehtiyac böyükdür".

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, baş gizir Yasən Yelmar oğlu Əhmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

M.CƏFƏROV,

"Respublika".