“Ağxalatlı” qəhrəmanlar
Səhiyyə

“Ağxalatlı” qəhrəmanlar

Hər il iyunun 17-si Azərbaycan Respublikasında tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Gecə-gündüz bilmədən, bayram keçirmədən, harada olmasından asılı olmayaraq hər an insanların sağlamlığının keşiyində duran, onların köməyinə tələsən həkimlərin hər biri böyük hörmət və diqqətə layiqdirlər. COVİD-19 pandemiyasının yayıldığı ölkələrdə aparılan mübarizəöz köməyini əsirgəməyən ağxalatlı həkimlər bir daha sübut etdilər ki, tibb işçiləri cəmiyyətimizi, insanları qoruyan müqəddəs peşə sahibləridir.

Maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və digər tədbirlər tibb müəssisələrini dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmiri və bərpası, regionlarda müasir tipli yeni xəstəxanaların istifadəyə verilməsi, tibbi sığorta sisteminin tətbiq olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.

Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanırlar. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.

Prezident İlham Əliyev dünyanı bürüyən COVİD-19 pandemiyasına qarşı mübarizədə həkimlərin fəaliyyətini həmişə yüksək qiymətləndirib. İyunun 9-da dövlət başçısı Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışı zamanı həkimlərin fədakarlığını xüsusi qeyd edib: “Həkimlər öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır. Mən bir daha onlara təşəkkür edirəm”.

44 günlük Vətən müharibəsində tibb işçilərinin əməyini xüsusi vurğulamaq lazımdır. “Müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin də fəaliyyətini biz gərək qeyd edək. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatlarını risk altına ataraq yaralılara qulluq edirdilər”.

Bu fikirləri ölkə başçısı İlham Əliyev 2021-ci ildə Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib. Prezident qeyd edib ki, şəhidlərimizin sayının çox olmamasının səbəblərindən biri də ön cəbhədə fəaliyyət göstərən həkimlər olub.

Vətən müharibəsində 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.

Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova da tibb işçisi olub. Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışova Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib.

2020-ci il oktyabrın 23-də Qubadlı uğrunda döyüşlərdə növbəti dəfə yaralı əsgəri döyüş meydanından çıxaranda aldığı güllə yarasından şəhid olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Müharibə bitdikdən sonra ön cəbhədə xidmət göstərmiş həkim və tibb işçiləri dövlət tərəfindən mükafat və fəxri fərmanlarla təltif olunublar. Lakin müharibə bitsə də həkimlərin işi bitməyib. Hələ neçə-neçə qazimiz müalicələrini davam etdirir, həkimlərin sayəsində yenidən sağlamlıqlarına qovuşmağa çalışırlar.

Hazırda Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkə başçımızın diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq yeni avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına imkanlar açır.

Bayram SALMANOV,

“Respublika”.