Azərbaycanı dünyaya tanıdan uğurlu platforma
Siyasət

Azərbaycanı dünyaya tanıdan uğurlu platforma

16-18 iyun 2022-ci il tarixində Nizami Gəncəvi Beynəlxalq Mərkəzində “Qlobal dünya nizamına təhdidlər” adlı IX Qlobal Bakı Forumu keçirilib. Mərkəzin təşkil etdiyi tədbirdə dünyanın 53 ölkəsindən 400-ə yaxın ali və yüksək səviyyəli nümayəndə, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri iştirak ediblər. İlk növbədə qeyd etmək lazımdır ki, qlobal forumun Bakı şəhərində keçirilməsi dünya ictimaiyyətinin Azərbaycana olan yüksək etimadının, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yerinə və roluna, habelə siyasi və humanitar dialoqun inkişafına  töhfələrinə verilən qiymətin real ifadəsidir. Bu forum dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır. 2 il əvvəl keçirilən forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb. IX Qlobal Bakı Forumunda ölkə başçısı cənab İlham Əliyev də iştirak edib. Azərbaycan Respublikasının Prezidenti qlobal gündəliyin aktual məsələlərindən olan enerji təhlükəsizliyi ilə bağlı çıxış edib: “Enerji bazarlarındakı vəziyyəti proqnozlaşdırmaq çətindir. O, istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açır və bu, həmçinin istehsalçılar üçün də riskdir. Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar – istehsalçılara həqiqətdə bu, lazımdır. Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında səylər buna yönəlib. Bütün bunlar yeni çağırışlardır”.

Həqiqətən də müasir dövrdə enerji ehtiyatlarının azalması, qiymətlərin dəyişkən olması, dünya dövlətlərinin siyasi, iqtisadi və enerji mənbələri uğurunda maraqlarının toqquşması hər bir ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün güclü bir strategiya müəyyənləşdirməsini zəruri edir. Dünya əhalisinin sürətli artımı və sənayenin inkişafı qlobal enerji tələbatının artımını da şərtləndirir. Azərbaycanın enerji resurslarına ehtiyac artır. Avropada vəziyyətin kəskin dəyişməsi səbəbilə Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artır. Ölkəmiz artan tələbatı təmin etmək üçün əlindən gələni edir. Karbohidrogen ehtiyatlarının tam olaraq nə vaxt tükənəcəyi ilə bağlı müxtəlif proqnozlar verilsə də onların bir gün tükənəcəyi danılmaz faktdır. Alternativ enerji mənbələrinin mövcudluğu dayanıqlı enerji təchizatının təmin edilməsi, qlobal istiləşmə və iqlim dəyişikliyinin qarşısının alınması baxımından dövrün əsas çağırışlarından biridir.

Dövlətimizin başçısı Forumda həm də Azərbaycan-Ermənistan münasibətlərinin bu günü və gələcəyi, eləcə də Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı konkret fikirlər səsləndirib, regional kommunikasiyaların açılması barədə prinsipial mövqeyini ortaya qoyub. Prezident bildirib ki, əgər Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq çətin olacaq. Azərbaycanın dövlət başçısı Forumdakı çıxışında dünyadakı münaqişələrin sülh yolu ilə həllinin, ərzaq təhlükəsizliyinin təmin edilməsinin, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyini qeyd edib. Dövlətimizin başçısının dünyadakı hadisə və proseslərə, qlobal böhran və problemlərə yanaşma tərzi bir daha Azərbaycanın nə qədər sülhpərvər siyasət yürütdüyünü göstərdi. Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər, sadəcə ölkəmiz üçün deyil, bütün region və onun gələcək inkişafı üçün yol xəritəsi hesab edilə bilər. Regionumuzun inkişafı və tərəqqisi üçün bütün region dövlətləri Azərbaycan Prezidentinin çağırışlarını dəstəkləməli, bu çağırışların daha geniş miqyasda reallaşmasına töhfələrini verməlidirlər.

Yekunda bir məqamı xüsusilə vurğulamaq lazımdır. Qlobal Bakı Forumu kimi tədbirlər vasitəsilə dünya ictimaiyyəti Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və respublikamızın inkişafına, artan gücünə, regiondakı roluna şahidlik edir. Forumun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi isə artıq qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəz rolunu oynayır.

Jalə QASIMZADƏ,

“Respublika”.