Avro-2024: İngiltərə Serbiyanı minimal hesabla məğlub edib
İdman

Avro-2024: İngiltərə Serbiyanı minimal hesabla məğlub edib

Almaniyada keçirilən futbol üzrə XVII Avropa çempionatının C qrupunda ilk tura yekun vurulub. "Respublika" xəbər verir ki, turnirin favoritlərindən sayılan İngiltərə Serbiya yığması ilə qarşılaşıb.

Qelzenkirxen şəhərinin “Arena AufSchalke” satdionunda keçirilən qarşılaşma ingilislərin hücumları ilə başlayıb. Nəticədə britaniyalılar hesabı aça bilib. Matçın 13-cü dəqiqəsində Cud Bellinqem fərqlənib - 1:0. Bundan sonra bərabərlik axtarışında olan serblər bir neçə dəfə Cordan Pikfordu narahat etsələr də əlcək ustası qapısını toxunulmaz saxlayıb.

Nəticədə Qaret Sautgeytin komandası minimal hesablı qələbə ilə qrupda liderliyə yüksəlib. Qeyd edək ki, C qrupunun digər görüşündə Danimarka Sloveniya ilə 1:1 hesablı nəticəyə razılaşıb.