Həkim adı şərəflidir
Gündəm

Həkim adı şərəflidir

Ümummilli lider Heydər Əliyev bütün sahələr kimi, səhiyyənin də hərtərəfli inkişafı üçün lazımi tədbirlər görmüşdür. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar tibb sahəsində də öz bəhrəsini verdi. Ulu öndərin 1998-ci il 13 mart tarixli sərəncamı ilə səhiyyə sistemində islahatlar aparmaq məqsədilə hökumət komissiyası yaradıldı, həmin ilin dekabrında “Azərbaycan Respublikasında səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında əsasnamə” təsdiq olundu. Heydər Əliyev həkimlərin şərəfli işini daim yüksək qiymətləndirib və öz çıxışlarında bu fikri hər dəfə qeyd edib. O, 1995-ci il dekabrın 29-da Respublika Ailə–Sağlamlıq Mərkəzinin açılış mərasimindəki çıxışında deyirdi: “Səhiyyə cəmiyyətimizin müqəddəs sahələrindən biridir. Səhiyyə sahəsində çalışan, öz həyatlarını tibb xidmətinə həsr edən insanlar çox şərəfli adamlardır. Onların hər biri çalışmalıdır ki, bu şərəfli adı daim yüksəklərə qaldırsın. Həkim adı, şəfqət bacısı adı şərəfli addır. Bu adı, onun mənəvi məzmununu qoruyub saxlamaq lazımdır”.

Tarixdən bəllidir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyinin yaradılması barədə qərar qəbul etdi. 1988-ci ildə isə Heydər Əliyev hər il iyun ayının 17-nin tibb işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzaladı. Bu, ulu öndərin milli səhiyyəmizə diqqət və qayğısının təzahürü idi.

Vip Milan Hospitalın həkimi Vəfa Əhmədova bu əlamətdar gün ilə bağlı bizimlə fikirlərini bölüşərək dedi: “Həkimlik peşəsi hər zaman cəmiyyətin ən vacib və müqəddəs peşələrindən biri hesab olunub. Çünki həkim olmaq məsuliyyət, insanpərvərlik, fədakarlıq, səbir, təmkin və yüksək bilik tələb edir. Həkimlər Hippokrat andını qəbul edərək, hər zaman xəstələrin mənafeyini üstün tutmağa, onların şəxsi məlumatlarını gizli saxlamağa və heç bir ayrı-seçkilik etmədən hər kəsə bərabər münasibət göstərməyə söz verirlər. İşində uğurlu və məsuliyyətli həkim olmaq üçün sənətinə daim sevgi ilə yanaşmalısan”.

Həmsöhbətim bu sənətə uşaqlıqdan böyük marağı olduğunu bildirdi: “Azərbaycan Dövlət Tibb Universitetinə daxil olduğum günü həyatımın ən sevincli günü hesab edirəm. 7 illik təhsil dövründə çəkdiyim əziyyətlər, keçirdiyim yuxusuz gecələr öz bəhrəsini verdi. Mənim bu gün bir həkim kimi peşəkar olmağımda o günlərin böyük rolu vardır. 34 ildir ki, həkim kimi fəaliyyət göstərirəm. Bu illər ərzində neçə-neçə ailələrə sağlamlıq bəxş etmək, mənim ən böyük mükafatımdır. Onların narahatlıqlarını anlamaq, dəstək olmaq və xəstədə həkimə qarşı inam yaratmaq həm peşəkar, həm də insani bacarıq tələb edir”.

Tibb işçilərinin peşə bayramı günü ilə bağlı danışarkən qeyd etdi ki, bu günün təsis olunması həkimlərin işinin dəyərini və cəmiyyət üçün vacibliyini əks etdirir: “Hər il biz kollektiv olaraq həmin günü xüsusi qeyd edir, tədbir keçirərək fikirlərimizi bölüşür eyni zamanda nailiyyətlərimizdən və uğurlarımızdan danışırıq. Bizim məqsədimiz gələcək nəsillər üçün daha sağlam dünya yaratmaqdır. Dövlətimizin bizə göstərdiyi dəstək və hörmətə görə təşəkkür edirəm. Bu dəstək, bizim işimizə olan sevgimizi və məsuliyyətimizi daha da artırır”.

Röya RÜSTƏMLİ,

“Respublika”.