Azərbaycanın müstəmləkəçilikdən əziyyət çəkən ölkələrə dəstəyi
Siyasət

Azərbaycanın müstəmləkəçilikdən əziyyət çəkən ölkələrə dəstəyi

Neokolonializmin təsirindən çıxa bilməyən dövlətlər içərisində ilk yeri Fransa tutur. Eyni zamanda buna qarşı çıxanları da hədəfə alır. Dünyada tək ölkədir ki, bu gün də müstəmləkə ərazilərini saxlayır və bu çirkin siyasətini davam etdirir. Ümumiyyətlə, müstəmləkə siyasəti həm geridə qalmışlıq, həm də bəşəri proseslərə ziyan vurmaqdır. Bu gün rəsmi Paris bu əməllərindən uzaq durmaq əvəzinə, azadlıq çağırışı edən xalqları əzməkdə davam edir.

Beynəlxalq arenada ədalət və sülh prinsipinə sadiqliyi ilə seçilən Azərbaycan dünya miqyasında istismara məruz qalmış ölkələrə daim dəstək olur. İlham Əliyev Cənubi Qafqazın lider dövlətinin başçısı kimi, çoxşaxəli fəaliyyət göstərir. Qlobal miqyasda özünü göstərən hüquq pozuntuları və ədalətsizliklərə qarşı mübarizə üçün regional və beynəlxalq təşkilatlarda dövlət başçısı real və ədalətli təklifləri ilə digər liderlərdən daim seçilir. Azərbaycanın BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi platformalarda müstəmləkəyə məruz qalan ölkələrin hüquqlarını müdafiə etməsi bunun bariz nümunəsidir.

Qoşulmama Hərəkatı çərçivəsində müstəmləkəçiliyə qarşı daha fəal mübarizə aparılır. Ölkə rəhbəri anti-müstəmləkə platforması təklif edir ki, bu da təşkilatın hər bir üzvünün maraqlarına uyğundur. Dövlət başçısı bununla bağlı deyib: “Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik”.

Ötən il məhz dövlətimizin təşəbbüsü ilə müstəmləkəçiliyə qarşı Bakı Təşəbbüs Qrupu (BTQ) yaradılıb. Platforma bu günədək 8 beynəlxalq konfrans keçirib. Həmin tədbirlər dünyada müstəmləkəçiliyin aradan qaldırılması üçün konkret fəaliyyət istiqamətlərinin müəyyən edilməsinə və lazımi addımlar atılmasına xidmət edir. Tədbirlərdə Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən xalqların və ölkələrin haqlarının qorunması, onların hüquqlarının təmin edilməsi kimi məsələlər müzakirə olunur.

Eyni zamanda Bakı Beynəlxalq Humanitar Forumları, Multikulturalizm Mərkəzinin tədbirləri və digər beynəlxalq platformalar vasitəsilə bu ölkələrin səsi dünyaya çatdırılır və ictimaiyyətin diqqəti onların problemlərinə yönləndirilir. Fransanın neokolonializm siyasəti, bir çox ölkənin suverenliyini və iqtisadi inkişafını əngəllədiyi halda, Azərbaycan beynəlxalq hüququn və ədalətin təmin olunması üçün fəal mövqe nümayiş etdirir. Müstəqil dövlətlərin daxili işlərinə müdaxilələrə qarşı çıxır, bu ölkələrin iqtisadi və sosial inkişafına dəstək verir. Bu mövqeyi ilə dövlətimiz beynəlxalq arenada ədalət, sülh və insan hüquqlarının müdafiəçisi kimi çıxış edir. Bir sözlə, Azərbaycan neokolonializmə qarşı mübarizədə örnəkdir.

Müstəmləkəçilik siyasəti yeritməklə özünü qüdrətli hesab edən Fransa vaxtilə zəbt etdiyi ölkələrdən biabırçı formada qovulur. Həmin ərazilərdə Parisə qarşı etiraz aksiyaları, Yelisey sarayına qarşı çıxışlar, narazılıqlar hər gün artır. Məsələn, son etiraz aksiyalarında Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasına minlərlə insan qatılıb. İştirakçılar Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər. Aksiyalarda Azərbaycan bayrağı da daxil olmaqla BMT və azadlıq tələb edən ölkələrin bayraqları qaldırılıb.

Tarixi təcrübəsi və müstəqillik uğrunda mübarizəsi, Azərbaycanın müstəmləkəçiliklə mübarizə aparan digər xalqların yanında yer almasını zəruri edir. Siyasi dəstək, iqtisadi və humanitar yardım, həmçinin mədəniyyət diplomatiyası yolu ilə Azərbaycan müstəmləkəçilikdən əziyyət çəkmiş xalqların səsini dünyaya çatdırmağa davam edir.

Röya RÜSTƏMLİ,

“Respublika”.