Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur
Siyasət

Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur

1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələri torpaqlarımızın 20 faizini işğal etdi. 1992-ci il mayın 8-də Qarabağın tacı Şuşa şəhəri mənfur qonşular tərəfindən zəbt olundu. Lakin ağrılı, acılı günlər, aylar, illər arxada qaldı. 28 ildən sonra Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin azad edilməsi müjdəsini verdi. Ordumuzun igid hərbi qulluqçuları şəhərə sıldırım qayalardan qalxaraq, əlbəyaxa döyüşərək düşməni Şuşadan qovdu. Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi.

Qısa bir zamanda şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparıldı. Dövlət başçısının Sərəncamı ilə Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Doğma yurdumuzda tarixi abidələrin, yolların bərpası, yaşayış komplekslərinin yaradılması, kommunikasiya xətlərinin, ümumiyyətlə, bütün infrastrukturun bərpası və yenilənməsi ilə bağlı artıq xeyli iş görülüb.

Şuşa mədəniyyət beşiyi kimi yenidən dünya mədəni irsinə öz töhfəsini verir. Mədəniyyət və memarlıq abidələri ilə zəngin olan bu şəhər Qarabağ memarlığının bütün xüsusiyyətlərini özündə birləşdirir. Qafqazın incisi Şuşa, həmçinin türk və islam mədəniyyətinin əsas mərkəzlərindən biri hesab edilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 7 may sərəncamı ilə Şuşa şəhərinin “Azərbaycanın mədəniyyət paytaxtı”, 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci ilin “Şuşa ili”, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, o cümlədən 2023-cü il sentyabrın 25-də Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi deyilənlərin təsdiqidir.

Müsəlman dövlətlərinin ölkəmizə marağı da xüsusi qeyd edilməlidir. Belə ki, ötən il 25-26 sentyabr tarixlərində Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin “İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru” mövzusuna həsr edilmiş 12-ci Konfransında 2024-cü ildə abidələr məkanı Şuşa şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması Azərbaycanın mədəni irsinin və tarixinin tanınması baxımından əhəmiyyətli bir hadisədir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 noyabr 2023-cü il tarixli Sərəncam imzalayıb.

Belə ki, sərəncamda cari il ərzində İslam ölkələrində “Şuşa günləri”nin folklor incəsənət qruplarının, Qarabağ xalçalarının, kitab təqdimatlarının keçirilməsi, foto və rəsm əsərlərinin nümayişi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) qərargahında Şuşaya həsr edilmiş birgə elmi və mədəni tədbirlərin təşkili nəzərdə tutulub.

Zəngin mədəniyyət nümunələri ilə tanınan bu qədim şəhərə göstərilən diqqət hər bir azərbaycanlıda qürur doğurur.

Röya RÜSTƏMLİ,

“Respublika”.