Vətənə sipər olan oğullar
Region

Vətənə sipər olan oğullar

Vətənin dar günündə dadına çatıb, onun yolunda canını fəda edən daha bir qəhrəmanımız Afərin Müqəddəs oğlu Qulamzadədir.

Şəhidliyi xalqına igidlik, vətənsevərlik, əsl kişilik məktəbi olan Afərin 1999-cu ilin iyulun 13- Lənkəran rayonunun Mamusta kəndində dünyaya göz açıb. Elin İgid oğlu İkinci Qarabağ müharibəsi başlayan gündən doğma Azərbaycanın müqəddəsliyini hər şeydən əziz tutaraq, əlinə silah alıb özünü odun-alovun içinə atır, 30 il əsarətdə qalan Vətən torpaqlarının azadlığı uğrunda erməni dığaların kabusuna çevrilir. 3 noyabr tarixində Xocavənd istiqamətində gedən haqq savaşımızda 21 yaşında düşmən gülləsinə tuş gəlir.

Afərinin döyüş yolu müharibənin ən qaynar nöqtəsi olan Füzulidən başlayıb. Hər an Vətən uğrunda canından keçməyə hazır olan igid döyüşçü bir-birindən çətin döyüşlərdə yaşının çərçivəsinə sığmayan rəşadət nümunəsi göstərir. Döyüşlərin birində yaralı komandirini atəş zonasından çıxararkən ayağından ağır yaralanır. Afərin 3 gün hərbi hospitalda müalicə alsa da, ailəsinə bu barədə bir söz demir. Sağalar-sağalmaz döyüş meydanına, silahdaşlarının yanına qayıdır. Döyüşdən-döyüşə bərkiyən qəhrəman Vətən oğlu son nəfəsinə qədər erməni dığalarına qan uddurur...

Şəhidin atası Müqəddəs kişi oğlu ilə fəxr etdiyini deyir: "Oğlum Vətəninə çox bağlı idi. Elə bu istəyinin arxasınca gedərək qəhrəmancasına şəhid oldu. İndi bütün xalqım onu özünə iftixar mənbəyi bilir. Oğlumun yeri cənnət, adı isə Azərbaycanla qoşadır". Afərin ermənilərə qarşı qanlı döyüşlərdə göstərdiyi şəxsi igidliyə görə 3- dərəcəli "Vətənə xidmətə görə" ordeninə, "Vətən uğrunda", Füzulinin Xocavəndin azad olunmasına görə medallarına layiq görülüb.

 Zəfər ORUCOĞLU.