Vətən Müharibəsi Qəhrəmanının doğum günündə məzarı ziyarət olundu
Region

Vətən Müharibəsi Qəhrəmanının doğum günündə məzarı ziyarət olundu

Vətən müharibəsinin şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun 39 yaşı qeyd olundu. Tədbirdə Neftçala Şəhər İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH aparatının məsul əməkdaşları rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, döyüş yoldaşları və qazilər iştirak etdilər. Tədbir iştirakçıları Camal İsmayılovun Şəhidlər Xiyabanındakı məzarını və Həsənəbad qəsəbəsindəki abidəsini ziyarət edib gül dəstələri qoyub, ruhuna dualar oxudular.

Mərasim iştirakçıları Camal İsmayılova həsr olunan rəsm sərgisi ilə tanış oldular.

Şəhid Camal İsmayılovun atası Vidadi İsmayılov, bacısı Xəyalə Ağamalıyeva, şəhid Elyar Vəliyevin atası Arif Vəliyev, "13 Əfsanə" kitabının redaktoru Güləmail Murad, döyüş yoldaşı Ayar Abbasov, Azərbaycan Dövlət Radiosunun "Vətən yaşasın" verilişinin redaktoru, şair-publisist Ötərxan Eltac, "Camal Əfsanəsi" jurnalının təsisçisi Ruhəngiz Nəcəfova, AYB-in üzvü, Prezident təqaüdçüsü, "13 Əfsanə" kitabının müəllifi Elnur Uğur Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qələbədən və bu qələbədə iştirak edən şəhid Camal İsmayılovun şücaətindən, keçdiyi döyüş yolundan söhbət açdılar. Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun həyatını əks etdirən videoçarx nümayiş olundu. Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun qızı Əsnad İsmayılova L.V.Bethovenin "K Elize" əsərini ifa etdi.

Tədbirdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov qeyd etdi ki, qəhrəman gənclərimizin vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunur.

Şəhidin ailə üzvləri qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Tədbir Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin hazırladıqları kompozisiyalar ilə davam etdi.

Ərəstun ABDULOV,

"Respublika".