Ürəklərdə yaşayan igid oğullar
Region

Ürəklərdə yaşayan igid oğullar

Minlərlə qeyrətli oğul kimi, dağlar diyarı Lerikin qartal balası şəhid kapitan Əbülfəz Rəhmətov da Vətənini öz canından əziz bildi. Əbülfəzin qəlbində işğalçı erməni dığalardan intiqam, qisas almaq alovu səngimir.

Odur ki, İkinci Qarabağ müharibəsində gözünü qırpmadan, ölümün gözünə dik baxaraq özünü odun-alovun içinə atır. Kəşfiyyatçı motoatıcı taborun rəisi olaraq düşmənə qarşı vuruşur. Hər döyüşdə Vətən məhəbbəti, yurd sevgisi ona uğur gətirir. Füzulidə, Cəbrayılda, Qubadlıda gedən haqq savaşımızın qəhrəmanı olur. Sözün əsl mənasında, düşmənə qan uddurur, onlarla canlı qüvvəsini, neçə-neçə hərbi texnikasını məhv edir. Şəhid olduğu gündə son damla qanına qədər döyüşür "Şəhid qanı axmayan torpaqdan Vətən olmaz", - deyib əbədi gözlərini yumur.

Vətən qarşısında xüsusi xidmətləri olan, öz qəhrəmanlığı ilə dastan yazan Əbülfəz Rəhmətov ölümündən sonra dövlət tərəfindən sonra "3- dərəcəli Vətənə xidmətə görə Rəşadət" ordeni, "İgidliyə görə", "Vətən uğrunda" "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunur.

Lerik camaatı qəhrəman oğlunu həmişə böyük ehtiramla xatırlayır. Əbülfəzin şəhadətə ucaldığı gündən iki il ötür. Anım günündə Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə təşkilat rəhbərləri, şəhid ailələri kənd sakinləri doğulub boya-başa çatdığı Ambu kənd qəbiristanlığında məzarını ziyarət edib, qəbirüstü abidənin üzərinə gül dəstələri düzdülər.

Zəfər ORUCOĞLU.