“YAŞIL ŞƏHƏR
Region

“YAŞIL ŞƏHƏR" LAYİHƏSİNƏ DAİR MÜZAKİRƏLƏR

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb. Söhbət zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının həyata keçirdiyi "Yaşıl Şəhər" layihəsi ətrafında müzakirələr aparılıb.

Şəhər rəhbəri Niyazi Bayramov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2020-ci ildə Gəncə Azərbaycanın ilk şəhəri olaraq "Yaşıl Şəhər" layihəsinə qoşulub. O qeyd edib ki, bu layihə Gəncə sakinləri üçün önəmli hadisələrdən biridir. Niyazi Bayramov bu istiqamətdə aparılan işlərdə öz dəstəyini əsirgəməyəcəyini deyib və layihənin gedişatına uğurlar diləyib. Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə rəhbəri Kamola Mahmudova səmimi görüş üçün Niyazi Bayramova təşəkkür edib. O qeyd edib ki, "Yaşıl Şəhər" layihəsi Gəncə şəhərinə ən aktual ekoloji problemləri və iqlim dəyişikliyi risklərini müəyyən etmək və prioritetləşdirməkdə kömək edəcək. Layihənin üç mərhələdən ibarət olduğunu diqqətə çatdırıb. Bunlar bərk məişət tullantılarının idarə edilməsi, şəhərin küçə işıqlandırma sisteminin və ictimai nəqliyyatın yenilənməsidir. Kamola Mahmudova görüləcək işlərin hər biri şəhərin ekoloji vəziyyətinə müsbət təsir edəcəyini deyib. Mövzu ətrafında geniş müzakirələr zamanı, ilkin mərhələdə Gəncənin məişət tullantıları poliqonunun ətrafının hasarlanmasının və yaşıllıq zolaqlarının salınmasının nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

Zabit XƏLİLOV,

"Respublika".