Abad, füsunkar bir diyar
Region

Abad, füsunkar bir diyar

25 noyabr qədim yurd yerimiz olan Kəlbəcərin 27 illik əsarətinin sona çatdığı gün kimi tarixə düşmüşdür. Hər birimiz o yurda qovuşmaq arzusu ilə yaşayırdıq, ümidimizi, inamımızı bir an belə itirmirdik. O tarixi unutmadıq və həmin günlərdən nəticə çıxararaq Zəfər tarixi yazdıq.

2020-ci il  noyabrın 10-da  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan tərəfindən imzalanan üçtərəfli Bəyanatın altıncı bəndinə uyğun olaraq Kəlbəcər rayonu 25 noyabr tarixində işğalçı qüvvələrdən təmizlənərək Azərbaycana təhvil verilmişdir. Əzəli Azərbaycan torpağı olan Kəlbəcər 27 ildən sonra nəhayət öz səmasında şanlı bayrağımızın əzəmətlə dalğalanmasının qürurunu yaşadı. Başlıbel, Ağdaban faciələrinə şahidlik edən yurd yerimiz bu dəfə sevincə, qürura qərq oldu. Şanlı Ordunun, Azərbaycan əsgərinin addım səsləri Kəlbəcərə həsrət qaldığı sakitliyi, dincliyi gətirdi. Vətən müharibəsinin ilk günlərindən hər kəs Prezident, Ali Baş Komandan İlham Əliyevdən Kəlbəcərin yağı düşməndən azad olunması müjdəsini gözləyirdi. Və nəhayət o gün gəldi. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı böyük qələbənin məntiqi davamı kimi siyasi müstəvidə əldə etdiyimiz zəfər bizi ən böyük rayonumuza - Kəlbəcərimizə qovuşdurdu.  Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam, Laçın və Kəlbəcər qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqına Qarabağı, bu torpaq uğrunda şəhid olanların ruhlarına isə rahatlığı gətirdi. Zəfərli günlərdə hər an daha da irəli gedən rəşadətli Azərbaycan Ordusunun döyüş meydanındakı uğurlarını xalq birbaşa Müzəffər Ali Baş Komandanın özündən eşidirdi. Vətən müharibəsinin ilk günlərində azad olunan ərazilər arasında Murovdağda yerləşən yüksəkliklər də var idi. O Murovdağ ki, yüksəklikdə yerləşən aşırımlı yollarını 1993-cü ildə kəlbəcərlilər yurd-yuvanı tərk etmənin acısı və düşmənə qarşı nifrəti ilə ayaqyalın aşmaq məcburiyyətində qalmışdılar. Rayonun azərbaycanlı əhalisi zorakılıqla qovulub, dağ yolları ilə, piyada erməni təcavüzkarlarından qaçıb xilas olub. Onların düşmən tərəfindən atəşə tutulması nəticəsində 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb.

Prezident cənab İlham Əliyev 2020-ci il noyabrın 25-də Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində demişdir: "...Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. ...Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini".

Kəlbəcərdə infrastruktur layihələri ilə yanaşı, artıq kənd təsərrüfatının inkişafı istiqamətində də mühüm layihələr icra edilir. Ölkə ərazisində  646 yaylaq bitkisindən 521-i məhz Kəlbəcər ərazisində bitir. Zəngin təbiətə sahib Kəlbəcər rayonu bu özünəməxsus özəlliyi ilə hələ sovetlər dövründə heyvandarlığın inkişafında mühüm rol oynamışdır. Kəlbəcər rayonundakı yaylaqlara 27 ildən sonra ilk dəfə olaraq pilot layihə çərçivəsində qoyunçuluq və arıçılıq təsərrüfatları köçürülüb.

Bu gün Kəlbəcərdə  bərpa-quruculuq işləri həyata keçirilir, qədim yurd yerimizə  yeni nəfəs verilir. Kəlbəcərdə görülən işlər Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında, onun tapşırıqları əsasında həyata keçirilir. İşlərin sürətli və keyfiyyətli aparılmasında bir məqsəd var - Böyük Qayıdışa tezliklə nail olmaq. Azərbaycan dövləti əhalinin doğma yurd-yuvalarına mümkün qədər qısa müddətdə qayıtmasına çalışır.  Kəlbəcərin əvvəlki şöhrəti  özünə qaytarılacaq, qısa zaman kəsiyində daha müasir, abad, füsunkar bir diyara çevriləcəkdir.

M.MİRZƏ,

"Respublika".