Azərbaycanın mədəniyyət naziri Daşkənddə TÜRKSOY-un baş katibi ilə görüşüb
Türk dünyası

Azərbaycanın mədəniyyət naziri Daşkənddə TÜRKSOY-un baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Daşkənddə Adil Kərimli ilə TÜRKSOY-un baş katibi Sultan Rayev arasında ikitərəfli görüş keçirilib.

Görüşdə TÜRKSOY-un 30 illik yubileyi münasibətilə baş katibə təbriklərini çatdıran nazir türk xalqlarının ədəbi-mədəni zənginliklərinin təbliğində təşkilatın fəaliyyətini yüksək qiymətləndirib.

Ölkəmizlə TÜRKSOY arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirən Adil Kərimli Azərbaycanın qədim Şuşa şəhərinin 2023- il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunmasına Şuşada "paytaxt ili"nin açılış mərasimində şəxsən iştirakına görə Sultan Rayevə təşəkkürünü ifadə edib.

Baş katib Azərbaycanın TÜRKSOY-un fəaliyyətinə verdiyi davamlı dəstəyin əhəmiyyətini vurğulayıb, "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı" ilinin Azərbaycanın bu qədim şəhərinin tarixi-mədəni mirasının daha geniş miqyasda təbliği baxımından böyük fürsət olduğunu bildirib.

Görüşdə "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı" ili çərçivəsində nəzərdə tutulan tədbirlər layihələr barədə fikir mübadiləsi aparılıb.