Tərtərli fermerlərin uğurları
Region

Tərtərli fermerlərin uğurları

Qarabağ iqtisadi rayonuna daxil olan Tərtər son 30 il düşmən təxribatlarından əziyyət çəkmişdir. Rayon iqtisadiyyatının formalaşmasında aqrar sahə mühüm yer tutur. Bütün bu illər ərzində mənfur ermənilər analoqu olmayan rəzilliklərə əl atmış, qış aylarında suvarma suyuna tələbatın az olduğu zamanlarda Sərsəng Su Anbarından suyu Tərtər çaya buraxmışlar.

Bitkilərin suya ehtiyacı olan zamanlarda isə (yaz-yay mövsümlərində) suyun qarşısını kəsmişlər. Azərbaycan dövlətinin və xalqının onlara daim humanistcəsinə yanaşmasına başqa don geyindirmiş, bütün dünya ictimaiyyətinə özlərini məzlum xalq kimi göstərməyə çalışmışlar.

Son hadisələr Ağdam-Xankəndi yolunda AzQAC tərəfindən onlara aparılan humanitar yardımı qəbul etmirlər. Belə qənaətə gəlmək olar ki, artıq onlarla başqa dildə danışmağın vaxtı çatmışdır.

Bu günlərdə Tərtərdə kənd təsərrüfatının vəziyyəti ilə maraqlandıq. Məlum oldu ki, ötən payız Tərtər rayonunda 8929,88 hektar sahədə taxıl səpilib, yüksək aqrotexniki qulluq göstərilməklə becərilmiş, bütün qüvvələr səfərbər olunaraq artıq biçin optimal müddətdə itkisiz başa çatdırılmışdır. 5245,18 hektar buğda sahəsindən 23258,6 ton (hər hektardan orta məhsuldarlıq 44,3 sentner), 3684,7 hektar arpa sahəsindən 15644,1 ton (orta hesabla 42,5 sentner) məhsul əldə olunmuşdur. Ümumi məhsuldarlıq 43,6 sentner təşkil etmişdir.

Dövlətin əkinçilərə göstərdiyi diqqət və qayğı, verilən subsidiyalar fermerlərin daha həvəslə çalışmasına stimul verir. Rayonun qabaqcıl fermerlərindən Fazil Vəliyev cari təsərrüfat ilində yüksək məhsuldarlığa nail olmuş, 50 hektar buğda səpilmiş sahəni yüksək aqrotexniki qaydada becərmiş və ürəkaçan nailiyyət əldə edərək hər hektardan 55 sentner buğda əldə etmişdir. Digər fermer Mirzə Cümşüdov 45 hektar buğda sahəsinin hər hektarından 50 sentner yüksəkkeyfiyyətli məhsul əldə etmişdir.

Son illərdə Tərtərdə günəbaxan əkilib-becərilməsinə xüsusi diqqət verilir. Cari ildə 2049 hektar sahədə dən üçün günəbaxan bitkisi əkilmişdir. Bundan 1958 hektar sahədə yığım aparılmış, hər hektardan 27 sentner məhsul götürülmüşdür.

Rayonda bağçılığın inkişaf etdirilməsinə də münbit şərait yaradılmışdır. 2023-cü ildə meyvə bağlarının ümumi ərazisi 1706,4 hektar təşkil edir. Bundan 1468,4 hektar bar verən bağlardır.

Ən çox xurma, şaftalı, nar, ərik yetişdirilir. İntensiv üsulla yaradılmış meyvə bağları xüsusi yer tutur. Xoruzlu kəndində "Aqropark" MMC-yə məxsus 380 hektar, Çaylı kəndində "FRUTTO Aqro MMC" şirkətinə məxsus 400 hektar bağlar intensiv üsulla salınmışdır. Həmçinin ayrı-ayrı kəndlərdə fərdi fermerlər tərəfindən intensiv bağlar da mövcuddur. Qabaqcıl fermerlər Elçin Maqsudov, Muxtar Orucov, Telman Abbasov, Zaur Əliyev və başqaları yüksək məhsuldarlığa nail olmuşlar.

Rayonda tərəvəzçiliyin inkişafı da diqqət mərkəzində saxlanılır. Bu günə qədər 1375,5 hektar sahədə tərəvəz və kartof əkinləri aparılmışdır. Eyni zamanda rayon ərazisində təkrar əkinlər də aparılır. Ən çox üstünlük təşkil edən əkinlər silosluq və dənlik məqsədi üçün aparılan qarğıdalı sahələridir. Ümumiyyətlə, təkrar qarğıdalı əkinlərinin ərazisi 950 hektardan artıq olmuşdur.

Tərtərdə gəlirli sahə olan pambıqçılığın inkişafı son illərdə geniş təşəkkül tapmışdır. Cari ildə 2511 hektar sahədə pambıq əkini aparılmışdır. 744 nəfər fermer şirkətlərlə müqavilə imzalamışdır. Hazırda pambığın yığımına hazırlıq işləri aparılır.

Hazırda suvarma işləri ilə birlikdə mübarizə tədbirləri də başa çatmaq üzrədir. Sentyabr ayının 15-dən sonra məhsul yığımı ilə əlaqədar defolyasiya işlərinə başlanacaqdır. Rayonda 13 ədəd pambıqyığan kombayn, 63 ədəd traktor, kifayət qədər qoşqu və digər texnikalar mövcuddur.

Pambıqçılıq gəlirli sahə olduğu kimi, bölgələrdə əhalinin işlə təminatında da mühüm rol oynayır. Mövsüm ərzində rayonda 12500 nəfərə yaxın insanın əməyindən istifadə olunur. Bu da öz növbəsində insanların maddi rifah halının yaxşılaşması deməkdir.

Rayonda gəlirli sahə sayılan maldarlığın inkişafı da geniş təşəkkül tapmışdır. Aparılan düzgün epizootik tədbirlərin nəticəsidir ki, indiyədək heç bir təhlükəli infeksion xəstəlik aşkar olunmamışdır.

 

V.POLADOĞLU,

"Respublika".