Suveren ərazilərimizə nəzarət regionda təhlükəsizliyi də təmin edir
Digər xəbərlər

Suveren ərazilərimizə nəzarət regionda təhlükəsizliyi də təmin edir

Əsrlər boyu azərbaycanlılara nifrət, kin-küdurət bəsləyən ermənilər tarixin müxtəlif dövrlərində "türk düşmənçiliyi", "türksüz Ermənistan" ideyasını reallaşdırmağa müəyyən mənada nail olmuşlar. Dünyanın ayrı-ayrı yerlərindən Azərbaycan torpaqlarına köçürülən bu soysuzlar əzəli yurd yerlərimizə yerləşdikdən sonra xalqımıza məxsus torpaqlarda özlərinə dövlət qurmuş, yerli əhaliyə qarşı ən qəddar vəhşiliklər, müsibətlər törətmişlər.

Qərbi Azərbaycanda erməni təcavüzünə məruz qalmayan bir mahal, kənd, qəsəbə olmamış, soydaşlarımız yaşadıqları əzəli ərazilərdən zorla qovulub çıxarılmış, deportasiya edilmişlər.

1905-1907-ci illərdə ermənilər İrəvan və Yelizavetpol quberniyalarında 200-dən artıq kəndi yerlə-yeksan etmiş və əhalisini soyqırıma məruz qoymuşlar. 1918-1920-ci illərdə Azərbaycan-Ermənistan arasında baş verən müharibə azərbaycanlıların kütləvi etnik təmizləmə siyasəti, mart qırğınları, Şuşa qətliamı və s. kimi etnik zorakılıqlarla xarakterizə olunur.

SSRİ Nazirlər Sovetinin müvafiq fərmanına uyğun olaraq 1947-1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə köçürülməsinə başlanılmışdır. O illərdə azərbaycanlıların min illər boyu yaşadıqları ərazilərdən məcburi şəkildə köçürülməsi ilə paralel olaraq yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, rayonların birləşdirilməsi də həyata keçirilmişdir. 1988-ci ildə Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatlar başlamış və münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnmişdir. Ümumilikdə, Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkünə çevrilmiş, minlərlə insan həlak olmuş, itkin düşmüş, ermənilər tərəfindən əsir və girov götürülmüşdür.

1991-ci il dekabrın 23-də Xocalı rayo

nunun Meşəli kəndində ermənilərin törətdikləri qətliam isə Xocalı ssenarisinin ilk pərdəsi idi. Şaxtalı-boranlı qış günündə erməni silahlı birləşmələrinin Meşəliyə hücumu zamanı 8-i qadın, 3-ü uşaq olmaqla 25 kənd sakini qətlə yetirilmiş, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almış, yüzlərlə insan didərgin düşmuş, evlər yandırılmışdır. Erməni silahlı birləşmələri Meşəlidə törətdiklərini digər kəndlərimizdə - Malıbəylidə, Quşçularda, Qaradağlıda da həyata keçirmişlər. Meşəli faciəsi ilə təməli qoyulan, bəşər tarixində ən dəhşətli vandalizm aktlarından hesab olunan Xocalı soyqırımı isə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə baş vermişdir.

Meşəli cəlladlarından biri olan Vaqif Xaçaturyan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Bəli, uzun illər ermənilərin silah-sursat, narkotik daşımaq üçün istifadə etdikləri yol indi yalnız humanitar məqsədlər üçün açıqdır. Elə erməniləri və ermənipərəst qüvvələri də narahat edən məhz yoldan daha başqa məqsədlər üçün istifadənin mümkün olmamasıdır. Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin açılması təxribatçıları, terrorçuları o qədər narahat etdi ki, hətta onlar Beynəlxalq Ədalət Məhkəməsindən belə mədət umdular. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada "Euronews" televiziyasına müsahibəsi zamanı deyib: "Hazırda da hərəkət etmək azadlığı bloklanmayıb. Aprelin 23-dən sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. Amma iyunun 15-də Ermənistan növbəti hərbi təxribata əl atdı və bizim sərhədçilərimizdən birini yaraladı. Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da, sonra təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi".

Bununla yanaşı, Azərbaycan Ermənistana Qarabağda yaşayan ermənilərə humanitar yardımların çatdırılması üçün daha əlverişli yol, Ağdam-Xankəndi yolunu təklif edir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda yerləşmiş ermənilərin "qayğısına" qalan Beynəlxalq Qırmızı Xaç Komitəsinə də Xankəndiyə gediş-gəlişin və humanitar yardımların daşınması üçün bu yolun daha təhlükəsiz və əlverişli olduğu dəfələrlə bildirilmişdir. Lakin Ermənistan Ağdam-Xankəndi yolu ilə qaçaqmalçılıq fəaliyyətlərini həyata keçirə bilməyəcəkləri üçün bu təklifi qəbul etmir, humanitar yardımların məhz Laçın yolu ilə daşınmasına israr edirlər. Çünki bu yolda onları rus "sülhməramlıları" müşayiət edirlər. Öz himayədarlarına sığınan ermənilərə gediş-gəlişin və humanitar yardımın Laçın yolundan həyata keçirilməsi Qarabağdakı separatçıları silah-sursatla təmin etmək, həm də Vaqif Xaçaturyan kimi caniləri azadlıqda saxlamaq üçün lazımdır. Lakin soyqırımı törədənlər, işğalçılıq siyasəti yürüdənlər artıq anlamalıdırlar ki, Xocalı rayonunun Meşəli kəndində törədilən soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan hərbi cinayətkar Vaqif Xaçaturyan kimi, digər cinayətkarlar da Azərbaycan qanunları qarşısında cavab verəcəklər. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, İkinci Qarabağ müharibəsində işğaldan azad olunmuş ərazilərimizdə dövlətimizin qanunlarına, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə uyğun fəaliyyətin təmin olunması bunu deməyə əsas verir. Azərbaycan sərhəd ərazilərinə nəzarəti özü həyata keçirməkdə qətiyyət nümayiş etdirir ki, bu da ümumilikdə regionda sabitliyin, təhlukəsizliyin təmin olunmasına xidmət edir. Öz ərazisində sərhəd-keçid məntəqəsi yaratmaq isə legitim hüququmuzdur.

Mehparə ƏLİYEVA,

"Respublika".