Keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdır
Sosial həyat

Keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdır

Düşmənin yer üzündən sildiyi şəhər və kəndlərimiz yenidən salındıqca, qalib xalqımız daha da qürurlanır

Tarixi yurd yerlərimizin düşmən əsarətindən azad olunmasından üç ilə yaxın vaxt keçir. Cəmi 44 günə 30 illik işğala öz gücü, iradəsi ilə son qoyan Azərbaycan dünya hərb tarixində yeni səhifə yazdı. İqtisadi gücünü, məqsədyönlü siyasətini və xalqla birliyini ortaya qoyaraq düşmənə və onun işğalçılıq siyasətini dəstəkləyən qüvvələrə meydan oxudu. "Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz... Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır", - deyən Ali Baş Komandan İlham Əliyevin bu qətiyyəti sayəsində xalqımız öz tarixi torpaqlarına qovuşdu. Dəqiq, məqsədyönlü, ardıcıl siyasət aparan ölkə başçımız müzəffər ordumuz, ona inanan, etibar edən xalqımız ilə bir nöqtəyə vuraraq torpaqlarımızı düşməndən azad etdi. Vətən müharibəsində  bütün dünyaya səs salan qələbəmizin sevincini hər gün yaşayırıq. Düşmənin yer üzündən sildiyi şəhər və kəndlərimiz yenidən salındıqca, qalib xalqımız daha da qürurlanır, ona bu qalibiyyəti yaşadan liderinin dövlət, xalq yolunda atdığı hər addımını etimadı, inamı ilə dəstəkləyir.

Beynəlxalq hərbi ekspertlər tərəfindən də XXI əsrin müharibəsi adlandırılan İkinci Qarabağ müharibəsinin yalnız Azərbaycanın iqtisadi gücünün deyil, eyni zamanda müdrikliklə həyata keçirilmiş məqsədyönlü siyasətin nəticəsi olduğu bütün dünyaya bəllidir. Azərbaycan Prezidentinin uğurlu diplomatiyası, əzmi, cəsarəti, liderlik məharəti düşməni məhv etdi, onun işğalçılıq siyasətinə, vandallıq əməllərinə son qoydu. Dövlət başçımız eyni qətiyyəti bu gün işğaldan azad olunmuş torpaqlarımızda düşmənin vəhşi əməllərinin izlərinin silinməsi məqsədilə reallaşdırılan genişmiqyaslı işlərdə nümayiş etdirir. İşğaldan azad olunan yurd yerlərimizdə quruculuq işləri geniş vüsət alıb, tarixi ərazilərimizin bərpası, inkişafı dövrü başlayıb. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması üçün mühüm addımlar atılır. Böyük Qayıdış sürətlə, genişmiqyaslı layihələrlə həyata keçirilir.

İşğaldan azad olunmuş ərazilərin sakinlərinin doğma yurdlarına qayıtdıqdan sonra dayanıqlı məskunlaşmasını təmin etmək, bu yerləri cəmiyyətin sağlam, müasir və abad yaşayış mühitinə çevirmək üçün viran qoyulmuş şəhər və kəndlərimiz, tarixi, mədəni, dini abidələrimiz bərpa olunur, yurd yerlərimizə həyat qayıdır, müasir infrastruktur layihələr reallaşır. Bərpa işləri ən yüksək səviyyədə təşkil edilir, quruculuq və əsaslı tikinti işləri uğurla icra olunur.

Region üçün mühüm coğrafi mövqeyə malik olan Laçın rayonunda da bir sıra mühüm strateji infrastruktur layihələr reallaşdırılır. Artıq təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq, generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Prezident İlham Əliyevin sərəncamına əsasən uzunluğu 72,8 kilometr, hərəkət hissəsinin eni 9-16 metr olan Kəlbəcər-Laçın avtomobil yolu tikilir. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunur, yol üzərində 3 tunelin tikintisi aparılır. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. Olduqca mühüm strateji əhəmiyyətə malik, Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın ərazisində aeroportun tikilməsi Laçın-Kəlbəcər avtomobil yolları şəbəkəsinin də müasirləşməsinə şərait yaradacaq. İşğaldan azad olunmuş ərazilərimizdə  bütün növ, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Həmçinin, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonunda davam etdirilir. Zəngilan-Qubadlı-Laçın yolu ilə yanaşı, Kəlbəcər və Laçın rayonlarında həm strateji, həm də sərhəddəki mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən uzunluğu 700 kilometrə qədər olan hərbi əhəmiyyətli yollar çəkilir. 4 hərəkət zolaqlı Xudafərin-Qubadlı-Laçın və 2 hərəkət zolaqlı Kəlbəcər-Laçın avtomobil yollarının tikintisi aparılır. Qısa müddət ərzində Laçın şəhərinin böyük bir hissəsi yenidən qurulub, şəhərin Baş planı hazırlanıb. Laçını dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək məqsədilə yenidənqurma işləri sürətlə aparılır. Şəhərdə tibb məntəqəsi, təhsil ocağı və onlarla digər müəssisələr, o cümlədən Aqro və Sənaye parkları yaradılır.

Ağalı və Talış kəndlərindən sonra Böyük Qayıdışın reallaşdığı üçüncü məkan olan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. Avqustun 16-da paytaxtın Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən növbəti köç karvanı ilə daha 18 ailə - 65 nəfər köçürülüb və bununla da Laçın şəhərində 221 ailə, yəni 858 nəfərin daimi məskunlaşması təmin edilib. Yaxın zamanlarda Zabux və Sus kəndlərinə də vətəndaşlarımızın köçürülməsi nəzərdə tutulur. Bu il may ayının 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşərkən bu barədə demişdir: "Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır".

Mehparə ƏLİYEVA,

"Respublika".