Silahlı Qüvvələrimizlə qürur duyuruq
Gündəm

Silahlı Qüvvələrimizlə qürur duyuruq

Bu gün Azərbaycan Silahlı Qüvvələri yaradılmasının 106-cı ildönümü Azərbaycan siyasi tarixində ilk dəfədir ki, ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin olunması şəraitində keçirilir.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılması dörd mərhələdən ibarətdir. Birinci mərhələyə ulu babalarımızın qurub-yaratdığı ordu birlikləri daxildir. Qurucu babaların nəvələri onların yaratdıqları ordunun varisləri olaraq 2020-ci ildə öz hərbi tapşırıqlarını şərəf və ləyaqətlə həyata keçirdilər. İkinci mərhələ 90-cı illərdən 2003-cü ilə qədərki mərhələ idi ki, Silahlı Qüvvələrimiz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsilə demək olar ki, sıfırdan yaradıldı. Həmin illərdə Ermənistanın işğalının davam etdiyi bir dövrdə ordu yaratmaq asan məsələ deyildi. Otto fon Bismark deyirdi ki, sərkərdələr xalqların taleyidir. Bu mərhələdə biz şanslı olduq. Ulu öndər Birinci Qarabağ müharibəsində atəşkəs müqaviləsini imzalayanda heç də hər kəs bunun nəyə hesablandığını anlamırdı. Amma zaman keçdikcə hər kəs gördü ki, atəşkəsin imzalanması ilə ordu quruculuğuna başlanıldı. Ordu quruculuğunun üçüncü mərhələsi isə dövlət başçısı İlham Əliyevin adı ilə bağlıdır. 2003-cü ilə qədər Silahlı Qüvvələr hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə formalaşdırıldı. Bir çox ölkələrlə siyasi, hərbi əlaqələr yaradıldı. Xüsusən də Türkiyə ilə yaradılan hərbi-texniki əməkdaşlıq, daha sonra NATO ilə Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycan Ordusunun gücünə güc qatdı.

2003-cü ildən Prezident İlham Əliyev Ali Baş Komandan olaraq orduya rəhbərlik etməyə başladı və bu işin öhdəsindən uğurla gəldi, yeni dövrün tələblərinə uyğun olaraq, ən müasir silah-sursatla ordunu XXI əsrin çağırışları əsasında formalaşdırdı. Ötən bu dövr ərzində Milli Ordunun formalaşması çox uğurla həyata keçdi. Artıq 2020-ci ildə Ermənistan ordusunun təhriki ilə müharibə başlayanda Azərbaycan Ordusu bütün komponentləri ilə tam hazır vəziyyətdə idi. Bu səbəbdən də 44 günlük Vətən müharibəsinin nəticələri bütün dünyanın hərbi beyin mərkəzləri tərəfindən təhlil edilir. Xüsusən də 30 illik işğal dövründə ermənilər tərəfindən yaradılmış, möhkəmləndirilmiş müdafiə xəttinin tez bir zamanda yarılmasının səbəbləri araşdırılır. "An-2" təyyarələrinin Ermənistanın hava hücumundan müdafiə vasitələrini aşkar edərək müharibənin birinci üç günündə sıradan çıxarması bu gün də hərbi təhlilçilərin diqqətindədir.

Şuşa əməliyyatı İkinci Qarabağ müharibəsinin zirvəsi hesab olunur. Xüsusi təyinatlılarımız 120-130 km məsafədən 60 kq yüklə Şuşaya qədər hərəkət etdilər və keçirilməsi mümkün olmayan qayalardan qalxaraq Şuşa şəhərini azad etdilər. Əsas mühüm məqamlardan biri də odur ki, hərb tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən ilk dəfə döyüş əməliyyatlarında PUA-lardan genişmiqyasda istifadə edildi. Təbii ki, Silahlı Qüvvələrimizin hərbi tapşırıqlarının yerinə yetirilməsinin zirvəsi 19-20 sentyabr 2023-cü il oldu. 23 saata suveren ərazilərimizdə separatizmin kökü kəsildi. Erməni hərbi birləşmələrinin Xankəndi və ətraf əraziləri tamamilə tərk etməsi ərazi bütövlüyümüz və suverenliyimizin təmin edilməsinə gətirib çıxardı. Bu, Silahlı Qüvvələrimizin formalaşmasının üçüncü mərhələsinin yekunu idi. Dördüncü mərhələ də antiterror tədbirlərindən sonrakı mərhələdir. Bu mərhələdə Azərbaycan Ordusunun daha da inkişaf etdirilməsi dövlətin bir nömrəli prioritetidir. Bunların dörd əsas komponenti var: Bunun birincisi sərkərdəlik amilidir. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Ali Baş Komandanlıq dövründə orduya diqqət və qayğı daha da artırıldı. Və nəticədə böyük zəfər əldə edildi. İkinci komponent təbii ki, Silahlı Qüvvələrimizin bütün qoşun növlərinin və Müdafiə Nazirliyinin tabeçiliyində olan ordunun döyüş hazırlığının ən yüksək səviyyəyə çatdırılması idi. Üçüncüsü, xalqımızın ordumuza və dövlətimizə verdiyi dəstəkdir. Dördüncü komponent isə müttəfiqlərimizin bizi dəstəkləməsi oldu. Türkiyə, Pakistan, İsrail və digər ölkələrlə bu sahədə geniş əməkdaşlıq edilir və həmin ölkələr də müharibə dövründə bizə böyük mənəvi dəstək oldular. Silahlı Qüvvələrimizin inkişafının dördüncü mərhələsinin əsas yol xəritəsi Şuşa Bəyannaməsidir. 2021-ci ildən etibarən Azərbaycan Ordusunda Türkiyə modelinə keçid başlanılıb. Nəzərə almalıyıq ki, Türkiyə NATO-nun ikinci ən güclü ordusudur. Görülən səmərəli işlərin bəhrəsidir ki, Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları siyahısında yaxşı mövqedə qərar tutur. Bu gün Azərbaycan xalqı öz ordusuna güvənir. Hər bir vətəndaşımız öz ordusu ilə qürur duyur.

Elxan ŞIXALIYEV,

hərbi ekspert.