Deputat: Qarabağdakı ermənilər reinteqrasiya olunmaq istəmirlərsə...
Gündəm

Deputat: Qarabağdakı ermənilər reinteqrasiya olunmaq istəmirlərsə...

Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin reinteqrasiyasının həyata keçirilməsi, onların ağır sosial problemlərdən, bununla yanaşı, separatçıların təsir və təzyiqlərindən, həmçinin əsarətindən qurtarmaları üçün imkan yaradıb. Dövlət başçımız dəfələrlə orada yaşayan əhaliyə çağırış edib və bildirib ki,  ölkəmizlə razılığa, ortaq məxrəcə gəldikləri təqdirdə tam təhlükəsiz, həmçinin bir çox imkanlarla təmin olunacaqlar.

İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Dünən yayımlanan müsahibədə yenidən reinteqrasiya məsələsinə toxunan ölkə başçımız bildirib:

"Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar... Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm".

Mövzuyla bağlı “Respublika”ya açıqlama verən deputat Elşad Mirbəşiroğlu bildirib ki, ölkə başçımız Qarabağda yaşayan ermənilərlə bağlı məsələyə bir daha toxunub:

“Bununla bağlı Azərbaycanın bəlli mövqeyi bir daha səsləndirildi. Bu platforma kifayət qədər geniş auditoriyaya malikdir. Azərbaycan tərəfinin hər zaman mövqeyi ondan ibarət olub ki, ölkəmizdə yaşayan ermənilər yalnız Azərbaycan vətəndaşları statusunda öz mövcudluqlarını davam etdirə bilərlər. Azərbaycan Prezidenti bunu bir neçə dəfə səsləndirib. Qarabağda yaşayan ermənilər fərqli düşünürlərsə, o zaman Azərbaycan ərazilərindən getməlidirlər, özlərinə başqa yaşayış yerləri seçməlidirlər. Azərbaycanın ərazisində müxtəlif xalqların münayəndələri tam təhlükəsiz, dinc şəraitdə yaşayıb, inkişaf etməkdədirlər, öz milli identikliklərini saxlamaqdadırlar. Azərbaycan Prezidenti vurğuladı ki, ölkəmizdə olan ermənilər də digər etnik qruplar kimi, öz mövcudluqlarını davam etdirə bilərlər. Dövlət başçımız açıq mətnlə bildirib ki, ölkəmizin ərazisində yaşayan erməni əhalisi Azərbaycan pasport stollarından keçirlər. Yəni onlar Azərbaycan Konstitusiyasının qanunlarına tabe olaraq digər Azərbaycan vətəndaşları kimi ölkə ərazisində leqal yaşamalıdırlar. Bunu “Euronews” platforması çərçivəsində ölkə başçımız bir daha vurğuladı. Bir növ əslində ölkə ərazisində yaşayan ermənilərə də səslənmiş oldu”.

"Prezident İlham Əliyev ona işarə edib ki, biz sizin dövlətinizlə münasibəti normallaşdırmaq, sülh şəraitində dinc yanaşı mövcud olmaq, həmçinin sülh sazişi imzalamaq istəyirik. Bölgədə yaşayan erməni azlıqlarının da normal həyata qayıtmaları üçün Azərbaycan vətəndaşı statusunda mövcud olmalıdırlar. Onlar istəyəcəkləri halda Azərbaycan ərazisində yaşayan digər xalqların nümayəndələri kimi, normal həyat şəraitinə malik olacaqlar. Ölkə başçısının bu çağırışı çox mühüm məsələ idi. Hazırda sülh məsələsi də əsas müzakirə mövzusudur. Əlavə olaraq Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması imkanları mövcuddur və realdır. Təbii ki, bununla ölkə Prezidenti həm də ona işarə etdi ki, Ermənistan konstruktiv mövqe nümayiş etdirərsə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh əldə olunması gerçəkləşdirilə bilər” - deyə, Elşad Mirbəşiroğlu bildirib.  

Töhfə SƏMƏDOVA,

“Respublika”.