Şeytanla şərikli buğda əkən sonda saman biçər
Siyasət

Şeytanla şərikli buğda əkən sonda saman biçər

"AŞPA-da Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edərkən deyib. Ölkə başçımızın səsləndirdiyi bu fikirlər münasibətlərin necə olmasından xəbər verir. Əslində Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi gündən bu anti-Azərbaycan ab-havası hiss olunur. Bir sıra Avropa təsisatları tərəfindən ölkəmizə qarşı genişmiqyaslı kampaniya başlanıb. Bunun qərəzli xarakter daşıdığı isə yaxşı məlumdur.

Ermənistan kimi işğalçı dövlət qalıb bir kənarda, 30 ildən sonra öz gücü ilə torpaqlarına qovuşan Azərbaycan "qara siyahı"ya düşüb. Bir çoxları ermənidən artıq erməni olmağa çalışırlar. Qarabağdan könüllü çıxan ermənilərin guya zorakılığa məruz qaldıqlarını iddia edirlər. Lakin şər qüvvələr nə qədər yolumuza daş qoysalar da, xəbis xəyalları puç olacaq. Həmin qüvvələr öz xislətlərindən əl çəkməyib, yolumuza tikan düzsələr yəqin ki, o zaman Azərbaycan özünə yeni yol açmalı olacaq. Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı çirkin kampaniyanın aparılmasından və nümayəndələrimizin səsvermə hüququnun dondurması qərəzli münasibətdən xəbər verir. Azərbaycanlı heyət Assambleyanın binasını tərk edərək beynəlxalq aləmə ciddi mesajlar ötürdü: dövlətimiz haqsızlıq olan heç bir yerdə olmayacaq. Qarşı tərəfin beynəlxalq təşkilat olmasına baxmayaraq, hüquqlarımız tapdalanan belə bir platforma bizə lazım deyil.

Əslində ölkəmiz ilk dəfə deyil ki, həmin təşkilatın qərəzi ilə üzləşir. Çox uzağa getmədən ötən ilin aprelinə yada salsaq görərik ki, ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmaması tələb edilib. Lakin avropalılar qarşıdakının kim olduğunu unutdular. Düşündülər ki, qonşu ölkələrdən biri forpost olmağa meyillidirsə, yəqin digəri də elə olar. Heç də belə olmadı. Qərb qüvvələri necə deyərlər sərt qayaya rast gəldilər. Azərbaycan tərəfinin təzyiqlər qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı aldı. Belə ki, 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Şübhəsiz ki, buradakı əsas məqsəd ermənilərin "blokadada yaşaması"nı göstərmək, bunu hesabatlara salmaq idi. AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini "ermənilərin hüquqları" təşkil edib. Ölkəmizdə bunu çox yaxşı bilirdilər. Buna görə də respublikamız bu absurd addımlara, çirkin niyyətlərin torpaqlarımızda baş tutmasına imkan vermədi. AŞPA ölkəmizə qarşı yeni təxribata əl atdı. Bunu 7 fevralda Azərbaycanda keçirilən seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə "siyasi məhbus"ların olması ilə əlaqələndirdi. Bundan başqa, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Azərbaycanı Ermənistanın suverenliyinə qəsd etməkdə ittiham edib. Məlum məsələdir ki, pərdəarxası heç də belə deyil. Burada əsas səbəb Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmək, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir. Assambleyada ilk çıxış edənlərdən olan almaniyalı Frank Şvabenin səsləndirdiyi "100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması" iddiası da absurddur. Ermənilərin "vəziyyətindən" narahat olan AŞPA 23 oktyabr 2023-cü ildə qəbul etdiyi "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamənin 23-cü bəndində açıq-aşkar Azərbaycanı təhdid edib, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror tədbirlərini hərbi əməliyyat kimi qiymətləndirib və ölkəmizi nümayəndə heyətinin etimadnaməsinin 2024-cü ilin ilk iclasında tanınmayacağı ilə hədələyib. Bu cür yanaşmalar nümayəndə heyətimizin oranı tərk etməsinə səbəb oldu. Bu ədalətsizliyə qarşı bir sıra ölkələrin parlamentləri tərəfindən yerindəcə etiraz bildirildi. Lakin Assambleyanın "qərəzsiz" fəaliyyətini dəstəkləyən və anti-Azərbaycan şüarları səsləndirənlər də az deyildi. Unutmaq lazım deyil ki, şeytanla şərikli buğda əkən sonda saman biçər. AŞPA üçün məsələ əslində Azərbaycan deyil. Burada mühüm məqam, bölgələrdə öz diktələrini yeritməkdir. Lakin Azərbaycanın gündən-günə artan gücü qarşısı AŞPA-nın davranışları ölkəmiz üçün əhəmiyyət kəsb etmir. Odlar yurdu qüvvətli və qüdrətli bir yolla irəliləyir.

Töhfə SƏMƏDOVA,

"Respublika".