Şamaxı: Şəhidin ordeni atasına təqdim olunub
Region

Şamaxı: Şəhidin ordeni atasına təqdim olunub

Xalqımızın qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində igidlik göstərən qəhrəmanlarımız Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif edilir.

Belə qəhrəmanlarımızdan biri də Vətən müharibəsinin şəhidi Xaməmmədov Şirxan Xaməmməd oğludur. Göstərdiyi igidlik və şücaətə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunan şəhidin ailəsi ilə Şamaxı Rayon İcra Hakimiyyətində görüş keçirilib, şəhidin təltif edildiyi orden onlara təqdim edilib.

Görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Əlahiddə Ümumqoşun ordusunun zabiti, polkovnik-leytenant Bəhruz Xalıqov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin əməkdaşı və şəhidin atası iştirak edib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında ordumuzun döyüş meydanlarında əldə etdiyi qələbədən, bu qələbənin qazanılmasında igidlərimizin göstərdiyi qəhrəmanlıqdan danışaraq ölkə başçısının şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərdiyi diqqət və qayğısından geniş söhbət açıb.

Şəhidin atası Xaməmməd Xaməmmədov oğlunun göstərdiyi şücaətə görə ordenlə təltif olunmasından iftixar hissi keçirdiyini vurğulayaraq ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Daha sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni şəhidin atası Xaməmməd Xaməmmədova təqdim olunub.

M.QULUYEV,

"Respublika".