“Reuters”: BP Azərbaycanın dənizdəki yeni platformasından neft hasilatına başlayır
Diaspora

“Reuters”: BP Azərbaycanın dənizdəki yeni platformasından neft hasilatına başlayır

“Reuters” xəbər verir ki, BP Xəzər dənizində yeni Azəri Mərkəzi Şərqi (ACE) platformasından neft hasilatına başlayıb. ACE platforması Xəzər dənizində nəhəng AÇG yatağında quraşdırılmış yeddinci neft hasilatı platformasıdır. AÇG-də ilk hasilata 1997-ci ildə başlanıb və həmin vaxtdan indiyədək yataqdan 4,3 milyard bareldən çox neft hasil edilib. ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır. ACE platformasından ilk neft ötən ilin sonunda qazılmağa başlanmış birinci quyudan əldə edilib. 2024-cü il ərzində platformada daha iki quyunun qazılıb istismara verilməsi planlaşdırılır. Bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna qədər gündə təxminən 24 000 barelə çatacağı gözlənilir.

Töhfə SƏMƏDOVA,

“Respublika”.