Regionda mövqeləri gücləndirmə cəhdi
Siyasət

Regionda mövqeləri gücləndirmə cəhdi

Azərbaycan Rusiya XİN-in bəyanatına kəskin etirazını bildirdi

Vətən müharibəsindəki qələbəmizdən sonra yeni reallıqlar yarandı, aydın idi ki, sonrakı mərhələdə bütün şərtləri diktə edən tərəf Azərbaycan olacaq. Və belə də oldu. Möhtəşəm zəfərimiz, günü-gündən artan gücümüz bu gün Ermənistanı da, onun rəhbəri Paşinyanı da vadar edir ki, ağıllarını başlarına yığsınlar və xəyallara dalmasınlar. Çünki başqa yolları, alternativləri yoxdur.

2020-ci ildə 44 günlük İkinci Qarab

ağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərini azad edib, ərazi bütövlüyünü bərpa edib. Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə olsa da, həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir. Amma tərəflər arasında hələ ki, sülh sazişi imzalanmayıb. Mövcud proseslər isə sülhə doğru gedir. Sülhün əsas şərtlərindən biri və ən önəmlisi Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır. Bəzi hallarda Paşinyan ictimai rəyi öz üzərindən yayındırmaq, prosesi uzatmaq üçün müəyyən cəhdlər edir, lakin onun bu cəhdləri səmərə vermir, Ermənistanın törətdiyi təxribatların da nəticəsi olmayacaq. Reallıq budur ki, bu dövlət məğlub olub və qarşıdakı mərhələdə labüd sülhlə barışmalıdır. Paşinyan bu kontekstdə artıq ismarışlarını verir, qapalı ifadələrlə də olsa razılığını bildirir və anlayır ki, Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanımaqdan və sülh müqaviləsini imzalamaqdan başqa çarəsi yoxdur.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə iyulun 15-də Brüsseldə keçirilən növbəti görüş rəsmi Moskva tərəfindən tənqidlə qarşılanıb. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin iyulun 15-də "Dağlıq Qarabağ" ətrafındakı vəziyyətlə bağlı yaydığı bəyanatda deyilir ki, "2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının himayəsi altında keçirilən sammitlərdə Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyıb. Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq, lakin bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının imzalanmasının əsas şərtlərini, eləcə də bölgədə yerləşdirilən Rusiya sülhməramlı kontingentinin mövqeyini kökündən dəyişdi. Hesab edirik ki, bu şəraitdə Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalıdır. Əvvəllər əldə edilmiş razılaşmalar əsasında Bakı ilə Yerevan arasında dərhal sülh müqaviləsinin hazırlanmasına başlanılmalıdır. Biz ondan çıxış edirik ki, bu sazişin tərkib hissəsi Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin etibarlı və aydın təminatları, habelə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlərin bütün maddələrinin, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanmasının ciddi şəkildə yerinə yetirilməsi olmalıdır".

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin qurulması üçün beş baza prinsiplərini, sülh müqaviləsi təklifini, eləcə də sərhədlərin delimitasiyası təşəbbüsünü irəli sürən tərəfdir və bu istiqamətlərdə bütün ilkin sənədlərin müəllifidir. Hazırda da Azərbaycan tərəfi sülh müqaviləsinin irəlilədilməsi istiqamətində əməli addımlar atır. Ölkəmiz həmçinin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara daim sadiqlik nümayiş etdirib. Buna baxmayaraq, sözügedən üçtərəfli Bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfi bəyanatın bir çox müddəalarını yerinə yetirməyib və Rusiya tərəfi öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etməyib.

2023-cü ilin aprelində Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında Laçın sərhəd-buraxılış məntəqəsi qurulub. Ermənistan bunu 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın pozulması kimi qiymətləndirib. Azərbaycan isə postun Laçın dəhlizi ilə Qarabağa silah və başqa qanunsuz yüklərin daşınmasının qarşısını almaq məqsədilə qurulduğunu açıqlayıb. Moskva Qarabağ ətrafında vəziyyətin neqativ ssenari üzrə inkişaf etdiyini iddia edir və bundan narahatlığını bildirir. Bu kontekstdə, Azərbaycanın suveren hüququ olan Laçın sərhəd-keçid məntəqəsinin yaradılması məsələsinin siyasiləşdirilməsi cəhdlərinin və bölgədə guya gərgin humanitar vəziyyət yarandığı barədə iddialar səsləndirilməsinin heç bir əsasının olmadığı hər kəsə bəllidir. Uzun müddət ərzində Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyətə, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınmasına, qanunsuz hərbi birləşmələrin rotasiyasına, üçüncü ölkə vətəndaşlarının icazəsiz əraziyə gətirilməsi kimi faktlara dair Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu fəaliyyətlərin qarşısının alınması üçün heç bir tədbir görülməyib. Bu məntəqədən son bir neçə ay ərzində yüzlərlə erməni sakinlərin tənzimlənən və şəffaf şəkildə keçidi təmin olunub. Lakin Ermənistan tərəfi yenə də Azərbaycan əleyhinə hərbi təxribatlarından əl çəkməyərək 15 iyun tarixində məntəqəni atəşə tutub və iyul ayında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılığa cəhd göstərib. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi BQXK vasitəsilə erməni sakinlərin keçidi üçün yenə də şərait yaradıb və Ağdam-Xankəndi yolu vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması imkanlarının mövcud olduğunu bildirib. Rusiya Federasiyasının tərəf olduğu 2020-ci il üçtərəfli Bəyanata zidd olaraq, Azərbaycan ərazilərindən erməni qanunsuz silahlı birləşmələrinin qalıqlarının hələ də tam olaraq çıxarılması təmin edilməyib, əksinə, bölgədə Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir.

Əslində, Rusiya növbəti dəfə Ermənistandakı müvafiq qüvvələrə bir mesaj göndərir ki, Paşinyan Avropa Birliyinin və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Moskva ilə Yerevan arasındakı münasibətlərə çox ciddi zərbə vurur. Bu mənada, Rusiya XİN-in bəyanatı Ermənistanın xarici siyasətinin dəyişdirilməsinə və Moskvanın regionda mövqelərinin gücləndirilməsinə cəhddir. Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya XİN-in bu bəyanatına etiraz edib. Bəyanatda bu yanaşma Azərbaycanla Rusiya arasındakı Müttəfiqlik Bəyannaməsinə, o cümlədən Rusiya prezidentinin Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iyulun 17-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşündə  ölkəmizin qəti mövqeyini bildirib.

Bununla yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunikasiyaya müxtəlif bəhanələrlə maneçilik törədildiyi məlumdur. Azərbaycan regionda sülh və əmin-amanlığın təmin edilməsində maraqlıdır və bu istiqamətdə səylərini bundan sonra da davam etdirəcək.

Mustafa KAMAL,

"Respublika".