Qərbin maşasına çevrilən İrəvan Kremlə açıq demarş edir
Siyasət

Qərbin maşasına çevrilən İrəvan Kremlə açıq demarş edir

İrəvanda yerləşən "Zvartnots" hava limanındakı erməni sərhədçiləri artıq kifayət qədər təcrübə toplayıblar və avqust ayından etibarən fəaliyyətlərini Rusiya tərəfinin köməyi olmadan həyata keçirə bilərlər. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında məlumat verib. Hökumət rəhbəri Moskvaya qarşı açıq demarş etsə də vəziyyəti daha da gərginləşdirməyib. Baş nazir bəyanatlarında ehtiyatı da əldən buraxmayıb. Paşinyan Ermənistanın müstəqillik əldə etdiyi vaxtdan bəri "Zvartnots" hava limanında xidmət etdiklərinə və sərhəd təhlükəsizliyinin təmin edilməsində dəstəyə görə Rusiyaya təşəkkür edib.

O, həmçinin baş verənlərin geosiyasi yox, işgüzar dəyişiklik olduğunu diqqətə çatdırıb. Amma erməni nazirin bu əsaslandırması məntiqəuyğun deyil. Belə ki, Nikol çıxışında bildirib ki, ölkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurub və görüşlərdə iştirak etmir. Onun sözlərinə görə, qurum Ermənistanda məsuliyyət zonası ilə bağlı suala cavab versə və bu, İrəvanın ideyalarına uyğun gəlsə, o zaman məsələ həllini tapacaq. Əks təqdirdə, Ermənistan təşkilatdan çıxacaq. Hökumət rəhbəri bununla bağlı dəqiq tarix verməyib. Amma artıq KTMT-dən çıxma məsələsinin də gündəmə gətirilməsi onu deməyə əsas verir ki, proses məqsədyönlü şəkildə davam etdirilir və "Zvartnots" Kremldən uzaqlaşmaq zəncirinin ilk həlqəsidir.

Sözsüz ki, Ermənistanın belə rahatlıqla Rusiyaya qarşı çıxmasının arxasında Qərbin vədləri dayanır. Çünki hər gün daha çox Qərb lideri Ermənistanın Avropaya inteqrasiyasından danışır. Son olaraq Fransa, Hindistan və Yunanıstan İrəvana silah tədarükündə razılığa gəldiklərini açıqlayıblar. Birləşmiş Ştatların ardınca Böyük Britaniya isə Rusiyadan gələn təhlükələr qarşısında Paşinyan hökumətini dəstəkləməyə hazır olduğunu elan edib. Üstəlik, məlum olub ki, erməni baş nazir bu ilin payızından gec olmayaraq Avropa İttifaqına ərizə verəcək. Kollektiv Qərbin bu prosesdə Ermənistana tam dəstək göstərməsinin səbəbi İrəvanı ruhlandıraraq onu Rusiya ilə müttəfiqlikdən əl çəkməyə sövq etməkdir. Avropa Nikola onun ətrafındakı konsolidasiyanın nə qədər böyük olduğunu göstərmək istəyir. Yəqin ki, "qoca qitə" heç vaxt Ermənistana tam dəstək verməyəcək. Buna baxmayaraq, Paşinyan keçmiş müttəfiqi olan Moskvaya demarş edərək Avropanın gözünə xoş görünmək istəyir.

Rusiyanın da baş verənlərə səssiz qalacağı gözlənilmir. Artıq Kremlin sözçüsü Dmitri Peskov Nikol Paşinyanın "Zvartnots" barəsindəki son açıqlamasına cavab verib. Prezident sözçüsü bildirib ki, ölkəsi hava limanı ilə bağlı məsələdə Ermənistandan bildiriş alıb və hazırda İrəvanla təmaslar davam edir. Görünür Moskva hələlik vəziyyətin nəzarət altında olduğunu göstərməyə çalışır. Bu müddətdə isə hansı preventiv addımları ata biləcəyinin üzərində işləyir. Əslində Kremlin İrəvana təsir imkanları çoxdur. Çünki Ermənistan iqtisadiyyatı əsasən Rusiyadan asılıdır. Həm də nəzərə almaq lazımdır ki, son dövrdə Yuxarı Lars sərhəd-keçid məntəqəsində vəziyyət kifayət qədər gərgindir. Erməni mətbuatının məlumatına görə, rus səlahiyyətliləri bəzi maşınları buraxır, bəzilərinə isə süni maneələr yaradır. Ona görə də bu yanaşmanın daha da sərtləşəcəyi ehtimal edilir. Digər tərəfdən, Rusiyada 3 milyondan çox erməni yaşayır. Kreml onların müəyyən qisminin geri qaytarılması ilə Ermənistanda Paşinyanın fəaliyyətindən narazı elektoratın artmasına nail ola bilər. Amma hazırda Rusiya Şərqi Avropada müharibə aparır. Moskvanın qarşısında bütövlükdə Qərb dayanıb. Ona görə də indi bu ölkənin ikinci bir qütblə toqquşmaya getməsi mümkün görünmür. Bu da onu deməyə əsas verir ki, hələ bir müddət də Kreml Paşinyan iqtidarına qarşı radikal addım atmayacaq, sərt açıqlamalar verməklə kifayətlənəcək. Rusiya Ukraynada əhəmiyyətli nailiyyət qazanacağı təqdirdə keçmiş müttəfiqi ilə yaxından "maraqlanacaq", indiyədək etdiklərinin hesabını soracaq.

Jalə QASIMZADƏ,

"Respublika".