Qərbi azərbaycanlıların qayıdışının beynəlxalq hüquqi aspektləri
Digər xəbərlər

Qərbi azərbaycanlıların qayıdışının beynəlxalq hüquqi aspektləri

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev isə qalib Azərbaycan dövlətinin banisidir.

Bu gün biz qürur hissi ilə söyləyə bilərik ki, 1923-cü ildən bəri ermənilərin başlatdığı müharibə və zorakılıqlar Azərbaycanın tam qələbəsi ilə yekunlaşdı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımız qəhrəmanlıq dastanı yazdı. Prezident İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun sayəsində əldə olunan şanlı Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi, xalqımız uzun illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Respublikamızın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri həyata keçirən Ordumuz bir gün ərzində uğurlu qələbəyə imza atdı və dövlət suverenliyimiz tam bərqərar olundu. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymağa, döyüş mövqelərindən və hərbi postlardan çıxmağa məcbur oldular və tam şəkildə tərk-silah olundular. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verildi. Bütün bu müvəffəqiyyətləri ona borcluyuq ki, Ali Baş Komandanımız həm siyasi və diplomatik müstəvidə, həm də döyüş meydanında "nəyi, necə, nə vaxt etmək lazım olduğunu" çox gözəl bilir və yaxın tarix Onun müdrik siyasətini bir daha nümayiş etdirdi.

Dövlət başçısının qeyd etdiyi kimi, qarabağlılar artıq öz doğma torpaqlarına qayıdır, azərbaycanlıların növbəti qayıdacaqları yer Qərbi Azərbaycan olacaqdır. Artıq Qərbi azərbaycanlıların böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşamasının zamanı çatmışdır və bu proses beynəlxalq hüquq normalarına əsaslanmaqla həyata keçirilməlidir.

İlk növbədə, qayıdış hüququ ilə bağlı beynəlxalq və milli-hüquqi əsasları nəzərdən keçirmək lazımdır. Qərbi Azərbaycandan - indiki Ermənistan ərazisindən zor gücünə qovulan soydaşlarımızın tarixi yurd yerlərinə qayıtmaq istəyi onların beynəlxalq konvensiyalarla təsbit olunan hüquqlarıdır.

Hər bir insanın eyni hüquqlara malik olması fikrinə əsaslanan ilk beynəlxalq sənədlərdən biri olan, müxtəlif beynəlxalq müqavilələrdə öz əksini tapmış beynəlxalq insan hüquqları standartlarını formalaşdıran Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinə görə: "Hər bir insan hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququna malikdir. Hər bir insan öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir". Burada "öz ölkəsi" termini milli mənsubiyyət məsələlərini nəzərdə tutmur, dövlətlə siyasi-hüquqi bağlılıq və həmin ölkənin ərazisində uzunmüddətli yaşayış amillərini nəzərdə tutur. Bəyannamə universal beynəlxalq hüquqi aktdır, onun bir sıra normaları beynəlxalq adət hüququnun tərkib hissəsinə çevrilib və Bəyannamədə nəzərdə tutulmuş bir sıra hüquqlardan irəli gələn öhdəliklər "erga omnes" xarakterlidir, yəni dünya birliyi üçün məcburi olan öhdəliklərdir. Nəzərə alaq ki, Ermənistanın müstəqilliyi haqqında Bəyannaməyə görə, Ermənistan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərini rəhbər tutur, belə olan halda həm dövlətdaxili hüquqa, həm də beynəlxalq hüquqa əsasən Bəyannamə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə, həm də azərbaycanlıların öz doğma torpaqlarına, indiki Ermənistan ərazisinə ləyaqətli və təhlükəsiz qayıdışını təmin etməyə borcludur.

Analoji norma bir qədər geniş formada Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən heç kəs öz ölkəsinə qayıtmaq hüququndan məhrum edilə bilməz. Bu sənəddə də "öz ölkəsi" ifadəsi milli mənsubiyyətə əsaslanmır, dövlətlə siyasi-hüquqi bağlılıq və həmin ölkənin ərazisində uzunmüddətli yaşayış amillərini nəzərdə tutur. Adıçəkilən Pakt hüquqi statusuna görə beynəlxalq müqavilədir və tərəflərin üzərinə məcburi öhdəliklər qoyur. Paktı ratifikasiya etmiş dövlətlər beynəlxalq hüququn ümumtanınmış prinsiplərindən biri olan "pacta sunt servanda" prinsipinə uyğun olaraq Pakt üzrə öhdəliklərə əməl etməyə borcludurlar. Nəzərə alaq ki, Ermənistan Paktın iştirakçısıdır, belə olan halda Paktın 12-ci maddəsinin tələblərinə görə azərbaycanlıların ləyaqətli və təhlükəsiz qayıdış hüququnu təmin etməyə borcludur.

İnsan hüquqlarının müdafiəsi sahəsində səmərəli beynəlxalq mexanizmlərdən biri də BMT-nin müqavilə orqanlarından biri olan və Mülki və siyasi hüquqlar haqqında Paktın əsasında fəaliyyət göstərən İnsan Hüquqları Komitəsidir. İştirakçı dövlətlər tərəfindən Paktın implementasiyasının monitorinqini həyata keçirən Komitə üzv dövlətlərin Pakt üzrə öhdəliklərinin icrasına dair hesabatlarını araşdırır və yekunda həmin dövlətlərə təklif və tövsiyələrini ünvanlayır. Həmin tövsiyələr məcburi xarakter daşımasa da, dövlətlər buna riayət etməyə çalışırlar. Komitənin mühüm səlahiyyətlərindən biri dövlətlərarası işlərə baxmaqdan ibarətdir. Lakin bu prosedur könüllü xarakter daşıyır. Yəni Komitənin dövlətlərarası işlərə baxa bilməsi üçün iştirakçı dövlətlərin Paktın 41-ci maddəsinə əsasən xüsusi bəyanatı tələb olunur. Dövlətlərarası işlərə münasibətdə Komitənin rolu subsidiardır. Belə ki, əgər 41-ci maddəyə uyğun olaraq Komitənin müvafiq səlahiyyətini tanımaq barədə bəyanatla çıxış edən hər hansı istirakçı dövlət (və ya dövlətlər) belə bəyanat verən digər iştirakçı dövlətin Pakt üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməməsi qənaətinə gələrsə, bununla bağlı həmin dövlətə yazılı müraciət olunur. Əgər məsələ öz həllini tapmazsa yalnız bundan sonra iş Komitəyə təqdim oluna bilər. Təcrübədə müəyyən siyasi maraqlar səbəbindən dövlətlərarası şikayət proseduru öz təsdiqini tapmasa da Komitənin dövlətlərarası şikayətlərə baxmaqla bağlı yurisdiksiyasını tanıdıqdan sonra bu mexanizmdən də istifadə istisna olunmur. Yəni "yumşaq beynəlxalq pressinq" vasitələrindən maksimum dərəcədə istifadə olunmalıdır.

BMT çərçivəsində ən mühüm qeyri-müqavilə mexanizmlərindən biri Baş Assambleyanın köməkçi orqanı olan İnsan Hüquqları Şurasıdır. Şuranın əsas funksiyaları sırasında dialoq və əməkdaşlıq vasitəsilə insan hüquqları pozuntularının qarşısının alınmasına yardım etmək və insan hüquqları sahəsində fövqəladə vəziyyətlərə reaksiya vermək, insan hüquqlarına dair Baş Assambleyaya tövsiyələr vermək bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Şura həm də insan hüquqlarının bütün sahələri üzrə tematik məsələlərin mü-zakirə olunması üçün forum kimi çıxış edir. Qərbi azərbaycanlıların ləyaqətli qayıdışının təmin edilməsi baxımından bu mexanizmin imkanlarından da səmərəli istifadə olunmalı, soydaşlarımızın ləyaqətli və təhlükəsiz qayıdış hüququnun təmin edilməsi məsələsinin İnsan Hüquqları Şurasının gündəliyinə daxil edilməsinə və Şuranın bununla bağlı Baş Assambleyaya müraciət edilməsinə və Assambleya tərəfindən xüsusi qətnamənin qəbul edilməsinə nail olunmalıdır.

Buna praktiki misal kimi, BMT Baş katibinin Abxaziya, Gürcüstan və Sxinvali regionundan, Cənubi Osetiyadan (Gürcüstandan) olan məcburi köçkünlərin və qaçqınların vəziyyətinə dair hesabatını və qayıdışla bağlı Baş Assambleyanın qətnamələrini qeyd etmək olar. Məhz Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdışı üçün bu beynəlxalq mexanizmlərin imkanlarından yararlanmaq zəruridir.

Məsələyə beynəlxalq-hüquqi aspektdən, həmçinin "ratione temporis" prizmasından yanaşdıqda, Ermənistanın törətdiyi pozuntular uzanan pozuntu kimi qiymətləndirilməlidir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsaslanmaq olar. Yeri gəlmişkən, Qərbi azərbaycanlılar Ermənistan tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarının, xüsusilə də 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu ilə bağlı Avropa Məhkəməsinə müraciət edə bilərlər. Baxmayaraq ki, hüquq pozuntusu baş verən zaman Ermənistan Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmamışdı və Avropa Məhkəməsinin yurisdiksiyasını tanımamışdı, lakin Məhkəmə təcrübəsinin təhlili onu deməyə əsas verir ki, bu kimi halları Avropa Məhkəməsi "uzanan pozuntu" kimi qiymətləndirir və "ratione temporis" baxımından işə baxmağa özünü səlahiyyətli sayır. Ümumi şəkildə qeyd etmək olar ki, belə pozuntu Konvensiyada təsbit olunmuş bu və ya digər hüququn pozulmasıdır ki, bu pozuntu cavabdeh dövlətin Konvensiyanı ratifikasiya etməsi və Məhkəmənin yurisdiksiyasını tanıması tarixindən əvvəl baş vermişdir və bu tarixdən sonra da davam etmişdir.

Məhkəmənin təcrübəsinə əsasən bu pozuntulara "uzanan hüquq pozuntusu" statusu verilməli və buna əsasən qarşı tərəfin "ratione temporis"lə bağlı ola biləcək etirazı rədd edilməlidir. Qeyd olunanları Məhkəmənin təcrübəsindən Loizidou Türkiyəyə qarşı, De Bekker Belçikaya qarşı, Almeyda Qarrett və başqaları Portuqaliyaya qarşı kimi işlərinə istinadən əsaslandırmaq mümkündür. Məhkəmə təcrübəsindən konkret misallara müraciət edək. Belçika vətəndaşı İkinci Dünya müharibəsi illərində faşistlərlə əməkdaşlıq etməkdə günahlandırılmışdır. Onun əməli sübuta yetirilmiş və Belçika tərəfi Konvensiyanı ratifikasiya edənə qədər, milli məhkəmə tərəfindən iş üzrə qərar çıxarılmışdır. Lakin sonradan adıçəkilən şəxs Avropa Məhkəməsinə müraciət etmiş və bildirmişdir ki, onun bir sıra hüquqlardan, əsasən də özünü ifadə hüququndan məhrum olması, Konvensiyada təsbit olunmuş bir sıra hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarmışdır. Beləliklə də bu hadisənin Belçikanın Konvensiyanı ratifikasiya etməsindən əvvələ təsadüf etməsinə baxmayaraq və bu pozuntunun işin baxılma anına qədər davam etdiyini nəzərə alaraq, bu hüquq pozuntusunun "uzanan pozuntu" olması qeyd olunmuşdur. Müvafiq olaraq bu halda "ratione temporis" şərti tətbiq olunmamalıdır. "Almeyda Qarrett və başqaları Portuqaliyaya qarşı" işi üzrə 1970-ci illərin ortalarında (Konvensiyanın Portuqaliyaya münasibətdə qüvvəyə minməsindən əvvəl) ərizəçilərin torpaq sahələrinin eks-propriasiyası nəticəsində onlara kompensasiya ödənilməməsini Məhkəmə uzanan hüquq pozuntusu kimi qiymətləndirmiş və bunun nəticəsində 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu bəyan etmişdir. Yaxud "Roş (Roche) Birləşmiş Krallığa qarşı" işi üzrə, 1960-cı illərdə ərizəçinin hərbi qulluqçu qismində iştirak et-diyi kimyəvi silahın sınağı ilə bağlı dövlət tərəfindən ərizəçiyə zəruri məlumat verilməməsini Məhkəmə 8-ci və 10-cu maddələrin uzanan pozuntusu kimi qiymətləndirmişdir.

Beləliklə, Avropa Məhkəməsinin zamana görə yurisdiksiyası baxımından Avropa İnsan Hüquqları Konvensiyasının və onun əlavə protokollarının müddəalarının pozulması ilə bağlı Ermənistana qarşı işlərə baxılmasına hüquqi maneə yoxdur.

Bütün bu faktlar Ermənistanın üzərinə BMT-nin Nizamnaməsi və digər müvafiq beynəlxalq hüquqi sənədlərə əsasən onun ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq daxil olmaqla onların hüquqlarının bərpası və qorunması sahəsində konkret öhdəliklər qoyur. Yəni beynəlxalq hüquqi əsaslara görə, Ermənistan hökuməti bu ölkənin ərazisindən qovulmuş, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz ölkələrinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağa borcludur. Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Cenevrə Konvensiyasının 134-cü maddəsində də təsbit edilmişdir ki, dövlətlər hərbi əməliyyatlar və ya işğal başa çatdıqdan sonra bütün şəxslərin son yaşayış yerlərinə qayıtmasını təmin etməyə və ya onların repatriasiyasını asanlaşdırmağa səy göstərməlidirlər.

Eyni zamanda, milli qanunvericilik də azərbaycanlıların hazırkı Ermənistan Respublikasına qayıtmalarına hüquqi təminat verir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər.

Ermənistanın qeyd etdiyimiz öhdəliklərinin icra edilməməsinə görə məsuliyyətin tətbiqi məqsədilə beynəlxalq və regional müdafiə mexanizmlərinə müraciət olunması zəruridir. Dövlətimiz artıq bir çox beynəlxalq mexanizmlərdən istifadə etməyə başlamışdır. Belə ki, 2023-cü ilin yanvarın 18-də Azərbaycan "Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında" Bern Konvensiyasına uyğun olaraq ilk dövlətlərarası arbitraj prosesinə təşəbbüs göstərmişdir. Arbitraj işi ərazilərin qanunsuz işğalı dövründə Ermənistanı Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv edilməsinə görə məsuliyyətə cəlb etmək məqsədi daşıyır. Arbitraj prosesi çərçivəsində Azərbaycan Ermənistandan Bern Konvensiyasının hazırda davam edən bütün pozuntularına son qoymağı və işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə görə Azərbaycana tam kompensasiya ödəməyi tələb edir. Bu kimi addımların davam etdirilməsi Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpası və onların ləyaqətli geri qayıdışı üçün də yüksək nəticələr verəcəkdir.

Qeyd edilməlidir ki, şəxsin könüllü, təhlükəsiz və ləyaqətli qayıtma hüququ ilə bu qayıdış üçün əlverişli şəraitin yaradılması arasında birbaşa əlaqə mövcuddur. Məcburi köçkün vəziyyətində fərdin geri qayıtmaq hüququ beynəlxalq insan hüquqları sənədlərində nəzərdə tutulmuş şəxsin hərəkət azadlığı hüququndan irəli gəlir. Qayıdış həm insan hüququ, həm də humanitar məsələ olduğu üçün birbaşa siyasi məsələlərlə və ya sülh sazişlərinin bağlanması ilə əlaqələndirilə bilməz. Əsas münaqişənin hər hansı həllindən asılı olmayaraq, bu məsələ həll edilməlidir. Eyni zamanda, riskləri qiymətləndirmək və müəyyən bir zamanda geri qayıtmaq barədə məlumatlı seçim etmək üçün soydaşlarımızın təhlükəsizliyinə, ləyaqətinə və əsas insan hüquqlarını həyata keçirmək qabiliyyətinə təsir edə biləcək bütün amillər nəzərə alınmalıdır. Məhz buna görə də qəbul edilmişdir ki, təhlükəsiz geri qayıdış fiziki, hüquqi və maddi təhlükəsizlik elementlərini əhatə edir. Fiziki təhlükəsizliyə yaşamaq hüququnun, azadlıq və təhlükəsizlik hüququnun, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq hüququnun təmin edilməsi daxildir. Bu, ilk növbədə, qaçqınların zorakılıq və təhdidlərə məruz qalmaması, onların ölkəyə qayıtması zamanı fiziki təhlükəsizliklə bağlı bütün tədbirlərin dövlət orqanları tərəfindən həyata keçirilməsini ehtiva edir. Hüquqi təhlükəsizliyə ayrı-seçkiliyə yol verməmək, milliyyətlə bağlı hər hansı hüquqlardan məhrum edilməmək, mülki statusun tanınması və milli təhlükəsizlik mexanizmlərinə çıxış daxildir. Maddi təhlükəsizliyə sosial, iqtisadi və mədəni hüquqların təmin edilməsi, geri qayıtmanın ilk dövründə sosial dəstəyi artıran və uzunmüddətli inkişaf planlarını asanlaşdıran amillər daxildir. Geri qayıdan şəxslər də digər vətəndaşlar kimi bu hüquqlardan istifadə edə bilməlidirlər. Təhlükəsiz və ləyaqətli qayıdış üçün, həmçinin ailə birliyi prinsipinə riayət edilməsi, qaçqınlara qayıtdıqdan sonra daşınar əmlaklarını gətirmək hüququnun təmin edilməsinə, qaçqınlara sərbəst hərəkət imkanının verilməsinə diqqət yetirilməlidir.

Ləyaqətli qayıdışla bağlı "4R Proqramı" da xüsusi qeyd olunmalıdır. Belə ki, 2003-cü ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin İnkişaf Proqramı və BMT-nin Uşaq Fondunun (UNİCEF) iştirakı ilə hazırlanmış 4R (Repatriation - könüllü qayıdış, Reintegration - yenidən inteqrasiya, Rehabilitation - reabilitasiya və Reconstruction - yenidənqurma) proqramı elan edildi. Qaçqınların geri dönüşünün yaxşı şəraitdə baş tutmasını təmin etmək üçün yaradılmış 4R hərəkət üsulu bəzi məqamları vurğulayır. Birincisi, qaçqınlar üçün inkişaf yardımı genişləndirilməlidir ki, bu da çoxlu sayda qaçqını qəbul edən ev sahibi ölkələr üçün çox vacibdir. İkincisi, münaqişədən sonra qayıdış, reinteqrasiya, reabilitasiya və yenidənqurma məqsədlərini özündə əks etdirən 4R proqramları yaradılmalıdır. Lakin görüləcək işlər yerli tələblərə uyğun aparılmalıdır. Münaqişədən sonrakı vəziyyətlərdə yenidən tənzimləmə əməliyyatlarının uğurlu olması üçün monitorinq edilən ölkədə sahələr üzrə həyata keçirilən əməliyyatların çevikliyi qorunmalıdır. 4R proqramının tətbiq olunduğu təcrübələrə misal olaraq, Sierra Leone və Şri-Lankanı göstərmək olar ki, 4R yanaşması resursların, təhlükəsizlik və texniki təcrübənin bölüşdürülməsi yolu ilə səmərəli qayıdışı təşviq edir.

Qeyd etməliyik ki, bu cür proqramlar Qərbi azərbaycanlıların geri qayıdışı zamanı da tətbiq oluna bilər. Lakin prosesdən gözlənilənləri əldə etmək üçün BMT agentliklərinin, ikitərəfli və çoxtərəfli institut və təşkilatların bu prosesdə iştirak etməsi vacibdir.

Hazırda Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə uğurlu dialoq xətti soydaşlarımızın pozulmuş hüquqlarının bərpasında da müstəsna əhəmiyyət kəsb edir. Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə ünvanladığı müraciətlər erməni vəhşiliyinin beynəlxalq aləmdə qiymətləndirilməsi baxımından da vacibdir. Belə ki, Azərbaycanın haqlı mövqeyi, ölkəmizin yürütdüyü uğurlu siyasət bir daha beynəlxalq müstəvidə öz əksini tapır. Azərbaycanın haqq səsini dünyaya çatdırması selektiv yanaşmanın qarşısını almağa da töhfə verəcəkdir. 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə cənab Prezident İlham Əliyev İcmanın fəaliyyətini müsbət qiymətləndirərək bildirmişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".

Cənab Prezidentin çağırışına uyğun olaraq, hüquq fakültəsi də bu proseslərdən kənarda qalmır, fakültənin professor-müəllim heyəti İcmanın fəaliyyətində yaxından iştirak edirlər. Fakültə müntəzəm olaraq İcmanın fəaliyyətini diqqət mərkəzində saxlayır və 2023/2024-cü tədris ili ərzində bir sıra tədbirlər və layihələrin həyata keçirilməsini planlayır ki, bunlardan biri də "Qərbi Azərbaycana ləyaqətli qayıdış Ulu Öndərin vəsiyyəti kimi" adlı tədbirin keçirilməsidir.

Qərbi Azərbaycana qayıdışla bağlı fakültəmizin təqdim etdiyi başlıca təkliflər sırasında qayıdış proqramının hüquqi aspektdən tərtib olunması və müvafiq tədbirlər planının işlənib hazırlanmasından ibarətdir. Bu proqram çərçivəsində hüquq fakültəsi tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsi mümkündür: informasiya müharibəsinin vacibliyini nəzərə alaraq, Qərbi Azərbaycan İcmasının təsis edilmiş sosial şəbəkələrində aktivliyin təmin edilməsi məqsədilə tələbə, professor-müəllim heyətinin sosial şəbəkələrdə iştirakını təşviq etmək, bunun üçün ilk növbədə səmərəli koordinasiyanın təmin edilməsi üçün müəllim və tələbələrdən ibarət Qərbi azərbaycanlıların müvafiq təşkilatını yaratmaq; həftənin müəyyən günlərində televiziyada Qərbi Azərbaycandan olan tələbə, professor-müəllim heyətinin həyat hekayəsi, Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, məsələnin hüquqi və beynəlxalq hüquqi aspektləri mövzusunda çıxışlar etmək; Qərbi Azərbaycan.info instagram səhifəsini yaratmaqla mütəmadi olaraq professor-müəllim heyətinin Qərbi Azərbaycanla bağlı məqalə, tezis və çıxışlarının yerləşdirmək və s.

Təhlükəsiz və ləyaqətli qayıdışla yanaşı, Ermənistan tərəfindən soydaşlarımızın pozulmuş hüquqlarının bərpası məqsədilə də beynəlxalq sferada fəal və ardıcıl iş aparılması zəruridir. Cənab Prezidentimizin söylədiyi kimi: "Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq".

Bununla yanaşı, təhlükəsiz və ləyaqətli qayıdışa məcburetmə də əsas götürülməlidir. Son dövrdə yaşadığımız şanlı tarixi faktların hamısı cənab Prezidentimizin sülhə məcburetmə konsepsiyasının nəticəsidir. Unutmamalıyıq ki, güc hüquq normasının məcburi elementi olub, normanın strukturunda əsas yer tutur. Hüquq normasını digər normalardan fərqləndirən başlıca xüsusiyyət də məhz güc elementidir. Təsadüfi deyildir ki, klassik beynəlxalq hüquqa görə, ədalətli müharibə hüquqi məcburetmənin formalarından biri sayılır. Ədalət ilahəsi Femidaya nəzər salaq: Femidanın bir əlində qılınc (gücü təcəssüm etdirir), digər əlində isə tərəzi (hüququ, haqq və ədaləti təcəssüm etdirir) vardır. Qılıncsız tərəzi heç nəyə yaramır, hüquq amorf xarakter alır. Tərəzisiz qılınc isə zorakılıqdır. Ona görə də onlar vəhdətdə olarsa, uğurlu nəticələr əldə oluna bilər.

Neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən biri İmmanuel Kantın ifadə etdiyi kimi, hüquqlar uğrunda mübarizə aparmaq lazımdır. Məhz belə mübarizənin nəticəsində hüququ əldə etmək mümkün olur. Ona görə də indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini etnik təmizləmə kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirilməli və davamlı sülh və təhlükəsizliyin bərqərar olması üçün Qərbi azərbaycanlıların geriyə qayıtma hüququnun təmin edilməsi yolunda mübarizəmizi davam etdirməli, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bölgədə sülhyaratma prosesinin tərkib hissəsi kimi Ermənistanı soydaşlarımızın ləyaqətli və təhlükəsiz qayıdışını təmin etməyə məcbur etməliyik.

Zaur ƏLİYEV,

Bakı Dövlət Universitetinin Hüquq

fakültəsinin dekanı, hüquq elmləri üzrə

fəlsəfə doktoru, dosent.