Azərbaycan Mərkəzi Asiya ölkələrinin etibarlı tərəfdaşıdır
Digər xəbərlər

Azərbaycan Mərkəzi Asiya ölkələrinin etibarlı tərəfdaşıdır

"Biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik". Bu fikri Prezident İlham Əliyev Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfransdakı çıxışında bildirib.

Azərbaycanın nüfuzu gündən-günə artır. Region, ətraf ölkələr, təşkilatlarla qurulan əlaqələr, imzalanan müqavilələr bunun əyani nümunəsidir. Ölkəmizin təbii sərvətlərlə zəngin olması, keyfiyyətli neft-qaz resurslarına sahib olması, ona marağı daha da artırır. Hazırda bir çox ölkələr, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türk dövlətləri və s. ilə əməkdaşlıq davam edir.

Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında 100-dən çox müqavilə, saziş imzalanıb. Bu gün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) ölkəmiz aktor rolunu oynayır. Ötən il yanvar-oktyabr aylarında daşınan yüklərin həcmi 66 faiz artıb. Azərbaycanın tranzit ölkə kimi rolu artdıqca Mərkəzi Asiya ölkələrində maraq daha da çoxalır. Bir çox enerji və ya digər ixracat məsələlərində Mərkəzi Asiya ölkələri tərəfdaş kimi, Azərbaycanı seçir.

Mərkəzi Asiya, təxminən əhalisinin əksəriyyəti müsəlman olan, coğrafi olaraq Orta Asiyanı əhatə edən böyük bir ərazidir. Bu da əslində, bir tərəfdən əməkdaşlıq üçün etibarlı zəmin yaradır. Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın inkişafı üçün Azərbaycanın seçilməsi, bölgədəki iqtisadi, ticari və mədəni əlaqələrin gücləndirilməsinə kömək edir. Ölkəmizdəki sabitlik bölgədəki ölkələrə yatırım imkanları təqdim edir. Həmçinin Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Bakı-Supsa neft və qaz boru xətləri kimi böyük infrastruktur layihələrə malik olması, Mərkəzi Asiya ölkələrinə enerji tədarükü, digər mədəni, iqtisadi, ticari əməkdaşlıq əlaqələrinin qurulması üçün imkan yaradır.

Bununla yanaşı, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı, bölgədəki dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi və əlaqələrin genişləndirilməsinə xidmət edir.

Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Mərkəzi Asiya dövlətlərindən biri də Qazaxıstandır. Bu gün iki ölkə arasında qədim tarixə əsaslanan dostluq münasibətlərinin mövcud olması, Qazaxıstananın paytaxtı Astananın mərkəzi küçələrindən birinə Ulu Öndər Heydər Əliyevin adının verilməsi mühüm əhəmiyyət kəsb edir. İki ölkə aradındakı münasibətlər çoxtərəfli səviyyədə davam edir və dərinləşir. Belə ki, Qazaxıstan və Azərbaycan iqtisadi tərəfdaş olmaqla yanaşı, hər iki ölkə Türk Dövlətləri Təşkilatının (TDT) fəal üzvüdür. Bu günə qədər dost ölkə ilə 130-dan çox sənəd imzalanıb. Bunlar arasında "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə" (1 mart 2004-cü il, Astana), "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə" (24 may 2005-ci il, Bakı), "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə" (24 avqust 2022-ci il, Bakı) xüsusi vurğulanmalıdır. Ölkələrimiz arasındakı bir çox maraqlar üst-üstə düşür.

Hazırda aparılan ən böyük islahatlar qaz və enerji ilə bağlıdır. Qazaxıstanın Energetika Nazirliyi "KazMunayQaz" şirkəti ilə birgə hazırda Azərbaycan istiqamətində neft nəqli üçün üç marşrut-Aktau-Bakı-Tbilisi-Ceyhan, Aktau-Bakı-Supsa və Aktau-Bakı-Batumi marşrutunu nəzərdən keçirir. Əlavə qaz nəqli üçün yeni marşrut yolları axtarılır. Bu da onu göstərir ki, neft-qaz ixracatı cəhətdən Azərbaycan bu il də ilk sıralarda olacaq. Hər iki ölkənin beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizinə çevrilmələrinə xidmət edən "Rəqəmsal İpək Yolu" layihəsinin əsas hissəsi olan Xəzəraltı fiber-optik kabel magistralının inşası istiqamətində işlər görülüb. Bunun nəticəsidir ki, ötən il sentyabrın 28-də "AzərTelecom" və "Kazakhtelecom" telekommunikasiya şirkətləri arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb.

Digər dost və tərəfdaş ölkə isə böyük hidroenerji və su ehtiyatları ilə məşhur olan Tacikistandır. Ölkələrimiz arasında qədim tarixə söykənən əlaqələr mövcuddur. Hər iki ölkə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli genişlənməsinə daim diqqət yetirir. Bu günə qədər iki ölkə arasında 76 rəsmi əməkdaşlıq sənədi imzalanıb. İmzalanan sənədlər arasında ölkələrimiz arasında ikitərəfli münasibətlərin tamamilə yeni, daha yüksək inkişaf mərhələsinə keçidini təmin etmək məqsədilə  "Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol", "Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə Tacikistan Milli Bankı yanında Maliyyə Monitorinqi Departamenti arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, əlaqəli əsas (predikativ) cinayətlər və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maliyyə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" və digər protokol və sazişlərə imza atılıb.

Bu da onu deməyə əsas verir ki, Azərbaycan və Tacikistan arasındakı münasibətlər gündən-günə inkişaf edir. Qeyd edək ki, ölkələrimiz arasında ilk ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2008-ci il fevralın 7-də yaradılıb. Ötən il ölkəmizlə Tacikistan arasında ticarət dövriyyəsi təxminən 6,5 milyon dollar, bu ilin yanvar-fevral ayları üzrə isə 824,59 min dollar təşkil edib.

Azərbaycanın dost sayının gündən-günə artması onun beynalxalq arenada etibarlı tərəfdaş olduğunun bir nümunəsidir. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi, iqtisadi məsələlərlə bağlı Azərbaycanın öz sözünü deməsi dünyada nüfuzunu və çəkisini daha da artırır. Şübhəsiz ki, təkcə Mərkəzi Asiya ölkələri yox, həmçinin digər Türk dövlətləri, ətrafı ölkələr ölkəmizlə əməkdaşlığı üstün tutur.

Töhfə SƏMƏDOVA,

"Respublika".