BQXK ədalətli fəaliyyət sərgiləməlidir
Digər xəbərlər

BQXK ədalətli fəaliyyət sərgiləməlidir

Uzun zamandır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan-Azərbaycan münaqişəsinə birtərəfli yanaşma sərgiləməsi haqqında cəmiyyətdə müəyyən fikirlər formalaşıb. Hətta onların Laçın-Xankəndi humanitar yolundan sui-istifadə hallarına yol verdiklərinə dair şübhələr olub. Ümumiyyətlə, BQXK-nın Qarabağda yerləşən nümayəndəliyinin hələ də Ermənistandakı mərkəzə tabe olması isə məsələnin ayrı bir tərəfidir.

Bu yaxınlarda BQXK-nın Xankəndidə yerləşən ofisinin işçilərinin İrəvanla əlbir olması barədə şübhələrin heç də əsassız olmadığı sübuta yetirildi. İyul ayında erməni əsilli sürücülərin Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək cəhdləri aşkarlandı. Bu hadisə özünü humanitar təşkilat adlandıran bir qurum üçün olduqca utancverici haldır. Sanki bunların da Qarabağda fəaliyyət göstərmələrinin məqsədi ermənilərə xidmət etməkdir. Halbuki, humanitar təşkilat olaraq onlar azərbaycanlılara və ermənilərə bərabər yanaşma sərgiləməlidir. Lakin bu təşkilat istər 90-cı illərdə, istərsə də İkinci Qarabağ müharibəsi dönəmində fərqli mövqe ortaya qoyub. Azərbaycan tərəfinin müraciətlərinə baxmayaraq, BQXK hələ də, Birinci Qarabağ müharibəsi dönəmində itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı məlumat verməyib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən 2007-ci il ərzində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-sı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. Qeyd olunan bu cinayət hallarının araşdırılıb, ona hüquqi qiymət verilməsi isə heç vaxt BQXK üçün gündəm olmayıb. Lakin bunun əvəzində Qarabağda yaşayan bir gülləyə belə tuş gəlməyən bir neçə min erməninin taleyi onları daha çox narahat edir. BQXK-nın ermənilərə qarşı bu qədər canyananlıq etməsi isə ikiüzlülüyün pik həddidir. Əgər bu qurumun tək dərd-səri dinindən, irqindən asılı olmayaraq, insanların humanitar ehtiyaclarını qarşılamaqdırsa, onda nəyə görə təkcə ermənilərə qarşı bu qədər diqqət və qayğı göstərilir. Əgər onlar hesab edirlərsə ki, müharibənin ağırlığını illər boyu ermənilər çəkib, burada böyük bir yanlışlığa yol verirlər. Onlar xatırlamalıdır ki, 30 il işğaldan əziyyət çəkən də, torpaqları 20 faiz işğal altında olan da azərbaycanlılardır. Uzun illər boyu çadır şəhərciklərində ağır şəraitdə yaşayan 1 milyon məcburi köçkün və qaçqınlarımızın düşdükləri ağır vəziyyət BQXK-nı heç bu qədər narahat etməyib. Olmaya erməni lobbisi bunları da ələ keçirib? Belə sualların yaranmasının səbəbi onların qeyri-obyektiv yanaşma sərgiləməsidir.

Bütün bu haqsızlıqlar azmış kimi BQXK indi də iyulun 23-də bölgədə humanitar vəziyyətlə bağlı bəyanat yayıb. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan tərəfi Laçın-Xankəndi yolu vasitəsilə Ermənistana və Qarabağa humanitar yüklərin daşınmasına heç bir maneçilik törətmədiyinə görə rəsmi Bakıya təşəkkür etmək əvəzinə, haqlı səbəbdən Laçın postunun müvəqqəti bağlanmasına dair yalan bəyanatlar yayır. Reallığa gəlincə isə həqiqət tam başqadır. Azərbaycan XİN-də buna cavab olaraq bildirib ki, Ermənistan tərəfindən aparılan qeyri-qanuni fəaliyyət cəhdlərinin qarşısını almaqla yanaşı, Azərbaycan tərəfi BQXK ilə vacib əməkdaşlığı davam etdirib. Azərbaycan tərəfinin BQXK ilə apardığı müzakirələrdən sonra, zəruri qaydalara riayət etməklə, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinə şərait yaradılıb və gün ərzində onlarla erməni sakin hər iki istiqamətdə sərhəd məntəqəsindən keçib.

Bununla yanaşı, Azərbaycan həm erməni, həm də BQXK tərəfinə böyük miqdarda dərman preparatları və yüklərin daşınması və tədarükü üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım təklif edilib. Lakin buna baxmayaraq, hər iki tərəf bu yoldan imtina edir. Azərbaycanın etdiyi təklifləri rədd edib bunun cavabında Qarabağda "gərgin humanitar vəziyyət" adlı yalançı bəyanatlar vermək siyasi manipulyasiyadan başqa bir şey deyil. BQXK-nın yaydığı bəyanatın qeyri-səmimi olması tez-tez Qarabağdan yayılan görüntülərdən də məlumdur. Ermənilər Xankəndi və ətraf ərazilərdə intensiv olaraq toy və şənliklər keçirib bunu sosial şəbəkədə yaymaqla özlərini və elə saxta bəyanat yayanları ifşa edirlər. Onlar sanki bir tərəfdən burada "aclıq"dır deyir, digər tərəfdən də bunun yalan olduğunu bildirirlər.

Musa BAĞIRLI,

"Respublika".