Ermənistan hər zaman Azərbaycana qarşı düşmən mövqeyində olmuşdur. Tarixin müxtəlif dövrlərində ermənilərin həyata keçirdikləri deportasiya prosesi bunun bariz nümunəsidir. Erməni millətçiləri, onların havadarları Qərbi azərbaycanlılara qarşı dəhşətli cinayətlər törətmiş, xalqımız əzəli torpaqlarından zorla qovulub çıxarılmışdır. Məhz bu proseslərin nəticəsində qədim İrəvan ərazisində - Qərbi Azərbaycan da Ermənistan dövləti yaradılmışdır.
Bu gün Prezident İlham Əliyevin uğurlu, məqsədyönlü siyasəti sayəsində Qərbi Azərbaycana qayıdışla bağlı mühüm işlər görülür. Bunun nəticəsidir ki, prosesin tez həyata keçirilməsi istiqamətində mühüm konsepsiya hazırlanmışdır. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə təhlükəsiz şəkildə qayıtmasını təmin etməkdir. Konsepsiya, həmçinin beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas məqamlarından biri də deportasiyadan əvvəlki məskunlaşma coğrafiyasının bərpası ilə bağlıdır. Eyni zamanda Ermənistan doğma torpaqlarına geri dönəcək azərbaycanlıların mülkiyyət hüquqlarını qorumalı, onların evlərini, icma torpaqlarını qaytarmalıdır. Ermənistan tərəfi isə hər zaman olduğu kimi, yenə də üzərinə düşən öhdəliklərdən boyun qaçırmağa çalışır. Şübhəsiz, üzdəniraq düşmənin bu fəaliyyəti əbəsdir. Çünki dünyada haqq-ədalət mütləq öz yerini tapır. Ölkə başçımız İlham Əliyevin də dediyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır.
Bu yaxınlarda Qərbi Azərbaycan İcmasının beynəlxalq aləmə müraciəti də tarixi ədalətin bərpa olunması yönündə atılan mühüm addımlardan olmuşdur. Bu müraciət cari il yanvarın 17-də Birləşmiş Millətlər Təşkilatının katibliyi, BMT Təhlükəsizlik Şurasının Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayılmışdır. Müraciətdə qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndlər də yer almışdır. Bu baxımdan, müraciət tarixi məsələmizin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurlardandır. Müraciət azərbaycanlıların öz evlərinə qaytarılması və təməl insan hüquqlarının qorunmasını beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olmasının zəruriliyini bir daha təsdiqləmişdir. Bundan başqa, beynəlxalq hüquqa müvafiq olaraq müəyyənləşdirilmiş konsepsiyanın BMT-də rəsmi sənəd kimi yayılması Ermənistan hökumətinin Qərbi Azərbaycan mövzusunu təhrif etməsi imkanlarını heçə endirmişdir.
Nəzrin ELDARQIZI,
"Respublika".