Ermənilərin terror üzü - Livandakı səfirliyimizə hücum
Digər xəbərlər

Ermənilərin terror üzü - Livandakı səfirliyimizə hücum

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri bir neçə dəfə radikal qrupların hücumuna məruz qalıb. Belə hücumlardan biri də Livandakı səfirliyimizə qarşı törədilib. Azərbaycan Respublikasının Livan Respublikasındakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endiriblər.

Bu kimi hadisələr ikitərəfli münasibətlər müstəvisində dekonstruktiv xarakter daşıyan məqamdır. Nəzərə almaq lazımdır ki, beynəlxalq qanunvericiliyin tələblərinə görə, baş vermiş cinayətin məsuliyyətini həm də həmin ölkələr daşıyırlar. Lakin bu günə qədər Böyük Britaniyada, İranda, Fransada, Livanda diplomatik nümayəndəliklərimizə hücumlarla bağlı heç bir tədbir görülməyib. Bu, gələcəkdə də oxşar hadisələrin baş verməsinə şərait yaradır...

Qeyd etmək lazımdır ki, Azərbaycanda müxtəlif dövlətlərin səfirliklərinin mühafizəsi ən yüksək səviyyədə həyata keçirilir. Məhz bu səbəbdən  indiyədək ölkəmizdə oxşar hallara rast gəlinməyib. Bu isə qarşılıqlı prinsiplərə əsasən digər dünya dövlətlərindəki diplomatik nümayəndəliklərimizin də mühafizəsinin gücləndirilməsini tələb edir. Xatırlatmaq yerinə düşür ki, diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Məhz bu baxımdan səfirliklərimizin binasının lazımi səviyyədə qorunmaması həmin  dövlətlərin beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəliklərin pozulması deməkdir.  Yəni səfirliklərin ərazisi birbaşa dövlətlərin ərazisi hesab olunur. Bu halda səfirliklərin fəaliyyət göstərdiyi ölkələrin beynəlxalq və daxili hüquqla məsuliyyəti yaranır.

Millət vəkili Musa Quliyev bildirib ki, Livandakı səfirliyimizə ermənilər tərəfindən hücum edilməsini, səfirliyin inzibati binasına xəsarət yetirilməsini, inzibati binaya çirkləndirici və partlayıcı maddələr atılmasını səfirliyimizə qarşı terror və vandalizm aktı kimi qiymətləndirir: "Bu hadisəni pisləyirəm və ümid edirəm ki, Livan hökuməti məlum vandalizm aktını törədən cinayətkarları qısa müddət ərzində aşkar edib, onları ədalət mühakiməsinə təqdim edəcəkdir. Əlbəttə, ermənilərin Livandakı səfirliyimizə qarşı törətdikləri bu vandalizm ilk hadisə deyil. Təəssüflər olsun ki, ermənilər, o cümlədən İrandakı bəzi qüvvələr tərəfindən zaman-zaman bizim İngiltərədə, Fransada, Tehranda səfirliklərimizə, Təbrizdə konsulluğumuza belə hücumlar olub və biz bunları qətiyyətlə qınayırıq. Hesab edirik ki, bu, dövlətlərimiz arasındakı münasibətlərin soyumasına səbəb ola bilər. Əlbəttə, həm İran, həm Ermənistan dövləti bu məsələləri ciddi şəkildə analiz etməlidirlər və düşünməlidirlər ki, belə hərəkətlər heç vaxt cavabsız qalmayacaqdır. O ki qaldı bizə yaxın olan ölkələrdə belə hadisələrin baş verməsinə, mən hesab edirəm ki, həmin ölkələrin də hüquq-mühafizə orqanları çevik və ayıq olmalıdırlar. Bu mənada biz Azərbaycan ictimaiyyəti olaraq Livandakı hadisəni erməni vandalizminin, erməni terrorizminin növbəti çirkin aksiyası kimi qiymətləndiririk. Hesab edirik ki, belə hərəkətlərlə Azərbaycan dövlətinin və cəmiyyətinin iradəsinə təsir etmək olmaz. Azərbaycan hüquqi, dövlət və beynəlxalq normalar çərçivəsində bütün münasibətləri qurur və buna əməl edir. Düşünürəm ki, belə hərəkətlər dünya ictimaiyyəti tərəfindən də qınanılmalıdır və səfirliyimizin mühafizəsinin  bütün dünyada gücləndirilməsi istiqamətində lazımi addımlar atılmalıdır".

Nuranə DAXİLQIZI,

"Respublika".