Qərb bəşəri cinayətlərə “fransız qalır”
Siyasət

Qərb bəşəri cinayətlərə “fransız qalır”

Oktyabrın 7-də "HƏMAS"la İsrail arasında mövcud situasiyanın gərginləşməsi fonunda uzun müddətdir davam edən münaqişənin bir anda alovlanması iki tərəf arasında qanlı toqquşmalara səbəb oldu. Mülki infrastrukturun bombalanması minlərlə insan ölümünə gətirib çıxardı. Bu gərginliyin fonunda isə xüsusilə siyasi məsələlərdə öz çəkisini hiss etdirən Qərb də hadisələrə müdaxilə etmək qərarına gəlib. Yenə də öz mənafelərini hər şeydən üstün tutan bəzi dövlətlər insanlıq cinayətlərinə "fransız qalmağa" davam edirlər.

Fransa prezidenti Emmanuel Makron oktyabrın 24-də Qüdsə səfər edib. O, Qüdsdə İsrailin baş naziri ilə görüşüb. Görüşdən sonra iki lider mətbuat konfransında çıxış ediblər. Baş nazir Benyamin Netanhayu çıxışı zamanı bildirib ki, Qəzza əhalisinin yaxşı yaşaması üçün yeganə şərt var, o da "HƏMAS"ın yox olmasıdır. ABŞ da "HƏMAS" terrorçularının maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq üçün beynəlxalq koalisiya yaratmağa çalışır. Bunu ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo deyib. Adeyemonun fikrincə, bu koalisiyaya təkcə region deyil, bütün dünya ölkələri daxil olmalıdır. İlk baxışdan hər şey normal görünə bilər. Lakin məsələnin kökündə isə Qərbin dünyada baş verən münaqişələrdə islam dinini "terrorçu" qiyafəsinə bürüməsi dayanır. 2020-ci ilin noyabrında Avstriyanın Vyana şəhərində baş vermiş terror aktına münasibət bildirən Almaniya Kansleri Angela Merkel açıq şəkildə müsəlman düşmənçiliyini ortaya qoymuşdu. O, hadisə ilə əlaqədar yaydığı bəyanatda "islamçı terrorizmlə mübarizə bizim ümumi mübarizəmizdir" fikirlərini bildirərək islamofobiyanı qızışdırmışdı. Müsəlman düşmənçiliyində "bermud üçbucağı" yaradan ABŞ, Fransa və Almaniya öz çirkin siyasətlərini bu dəfə Yaxın Şərqə yönəltmək niyyətindədirlər. Belə ki, baş vermiş toqquşmaların səngiməsini və bölgəyə sülh gətirilməsini dəstəkləmək əvəzinə, "hələ müharibəni dayandırmağın vaxtı deyil deyən" ABŞ BMT-nin iclasında Qəzzaya təcili humanitar yardım paketinin dəstəklənməsinə də veto qoymuşdu. Bundan başqa, Amerika Birləşmiş Ştatlarının bölgəyə əlavə döyüş təyyarələri və gəmiləri göndərməsi, münaqişəni nizamlamaq əvəzinə daha da qızışdırır. Qərbdə yenidən baş qaldıran islam düşmənçiliyi pik həddə çatıb. Avropa dövlətlərinin rəsmiləri İslama qarşı kəskin düşmənçilik yolu tutublar. Hansısa bir dinin təmsilçisinin haradasa cinayət törətməsi o demək deyil ki, o dinin özü "terrorçu" dindir. Yox, əgər Qərb dövlətləri həqiqətən də terroru pisləyirlərsə, burada da ziddiyyət var. Fransanın Afrikada törətdiyi qanlı soyqırımlarından açıqlama tələb etdikdə "bu işi tarixçilərin öhdəsinə buraxaq" deyən rəsmi Paris bəs nəyə görə Ermənistanın Xocalıda törətdiyi qanlı soyqırımı və guya 1915-ci ildə türklərin ermənilərə qarşı "qətliam" törətməsində tarixçilərin əməyindən istifadə etmir. O zaman qərbin sülh anlayışı islamofob maraqları ilə ziddiyyət təşkil edir. Bütün bunlar isə əbəs deyil. Orta dövrlərədək hamam və sanitar qovşaq mədəniyyəti olmayan Qərb bütün bunları Şərqə səfərləri zamanı mənimsəmişdir. Səfillik və çirkinlik içində yaşayan Qərb həmin vaxtdan sonra özünün qızıl dövrünə keçid etmişdir. Bu gün isə artıq Qərb Şərqin onların bu səviyyəyə gəlib çıxması faktlarını gözardı etmək üçün islama qarşı "səlib yürüşü"nə çıxıb. Necə olur ki, keçən əsrdə yəhudilərə qarşı "fransız qalan" Qərb, bu gün eyni münasibəti müsəlmanlara qarşı sərgiləyir?

Baş verən hadisələr fonunda Qərbin 30 il boyunca Azərbaycana olan "xidmətlər"i də gözardı edilməməlidir. Cənubi Qafqazda söz sahibi olmaq istəyən sözügedən dövlətlər münaqişənin həllinə süni baryerlər yaratmış və mümkün sülhün bu gün də yubanmasına səbəb olmuşlar. Azərbaycan lehinə 4 qətnamə çıxaran BMT ilə paralel olaraq həmin dövrdə erməni lobbisinin maliyyələşdirdiyi ABŞ konqresi "907-ci düzəliş" süni baryerini yaratmış və beləcə bir daha insanlığa biganə davranış nümayiş etdirilmişdir. Ermənistanın masa arxasında və cəbhədə göstərdiyi fərqli münasibət 30 il Qərbin mənasız üçlü, dördlü və digər tərkibli görüşləri ilə birləşmiş və yenə də islamofob siyasət özünü büruzə vermişdir. 2020-ci ildə Azərbaycanın Qarabağı azad etməsindən sonra isə bu düşmənçilik daha da artmışdır. Məhz Ermənistanın əldə alət olmağa çoxdan hazır olması Qərbi daha da şirnikləndirmiş, terrorçu dövlətə öz qısa tarixinin ən qızıl dövrünü yaşadaraq onu ayaqüstə alqışlamışdır. Lakin dünya unutmamalıdır ki, müharibə aparan tərəflər hər kim olursa-olsun, əgər ortada günahsız insan ölümü varsa, bu, bəşəri cinayətdir. Məhz Azərbaycan apardığı müharibə və tədbirlər zamanı daima mülki insan amilini prioritet məsələyə çevirib. Qərb dövlətləri isə insanlıq cinayətlərinə biganə qalaraq, silah satışı və naftalin iyi verən diplomatiyası ilə daha da varlanmaq uğrunda bəşəriyyəti 3-cü dünya müharibəsinə doğru sürükləyir. 

Tacir SADIQOV,

"Respublika".