Müasir Azərbaycan tarixində dönüş nöqtəsi
Siyasət

Müasir Azərbaycan tarixində dönüş nöqtəsi

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda formalaşdırılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki xilas edə bilmədi, əksinə hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr vəziyyəti daha da ağırlaşdırdılar. Bunu görən ziyalılar yeni partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. 91 azərbaycanlı Heydər Əliyevə müraciət ünvanladı. Tarixə "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd xalqın arzu və istəklərinin də ifadəsi idi.

Azərbaycanın görkəmli ziyalıları, nüfuzlu şəxslərinin imzaladıqları bu sənəddə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Böyük təcrübəyə malik ümummilli lider o dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, o zamankı hakimiyyətin onun Bakıya gəlməsinə maneələr yaratması səbəbindən 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını keçirdilər. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu tədbir 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Ulu öndər yekdilliklə partiyanın sədri seçildi. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, eləcə də təşkilatın Proqram və Nizamnaməsi qəbul edildi. Sənədlərdə yer alan əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi idi.

1993-cü il oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin ümumxalq səsverməsi ilə prezident seçilməsi isə Partiyanın həyatında yeni dövrün əsasını qoydu. 1995-ci il noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar blokuna çevrildi. Heydər Əliyev 1999-cu il dekabrın 20-21-də keçirilən YAP-ın I Qurultayında yenidən partiyanın Sədri seçildi. Qurultayda YAP-ın təsis konfransında qəbul olunmuş Proqram və Nizamnamə geniş şəkildə müzakirə edildi, müəyyən əlavə və dəyişikliklər həyata keçirildi, strateji fəaliyyət istiqamətləri müəyyənləşdirildi. Yenilənmiş Proqramda yer almış başlıca vəzifələr dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi davamlı inkişaf etməsi, əhalinin sülh və təhlükəsizlik şəraitində, firavan həyatının təmin edilməsi idi. Partiyanın ideoloji xəttinin leytmotivini dövlətçilik, qanunun aliliyi, ulu öndərin azərbaycançılıq məfkurəsi, sürətli tərəqqi, möhkəm vətəndaş həmrəyliyinin yaradılması, eləcə də sosial ədalət prinsipləri təşkil edirdi. YAP-ın II Qurultayı 2001-ci il 21 noyabr tarixində, yəni partiyanın yaranmasının 9-cu ildönümündə Bakı şəhərində baş tutdu. Tədbiri əlamətdar edən məqam isə odur ki, həmin vaxt Milli Məclisin deputatı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev YAP sədrinin I müavini vəzifəsinə seçildi.

2002-ci ildə partiyanın yaradılmasının onuncu ildönümü münasibətilə keçirilən tədbirdə ulu öndər təşkilatın böyük uğurlara nail olacağından əminliyini ifadə etdi. Təsadüfi deyil ki, ümummilli lider həmin konfransda demişdi: "Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır".

Ulu öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.

Jalə QASIMZADƏ,

"Respublika".