BƏƏ liderinin Azərbaycana səfəri: yüksələn xətlə inkişaf edən münasibətlər
Siyasət

BƏƏ liderinin Azərbaycana səfəri: yüksələn xətlə inkişaf edən münasibətlər

Məlum olduğu kimi, yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub. Görüş çərçivəsində "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" və s. bir sıra vacib sənədlər imzalanıb.

Ümumiyyətlə, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam İnkişaf Bankı (İİB), Birləşmiş Millətlər Təşkilatı (BMT) kimi beynəlxalq qurumlarla yanaşı, bir çox dövlətlərlə, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə də sıx əməkdaşlıq edir. BƏƏ 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Zaman keçdikcə qarşılıqlı əlaqələr yüksələn xətlə inkişaf edib. Son dövrlərdə Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsi xeyli artıb. BƏƏ-nin 2011-ci ildə Bakıda səfirliyinin açılması da qarşılıqlı münasibətlərin inkişafına töhfə verib. İki dövlət arasındakı əlaqələrin genişləndiyinin daha bir nümunəsi isə Dubay Ticarət və Sənaye Palatasının ilk xarici filialının məhz Azərbaycanda açılmasıdır. Bu gün sözügedən Palata Cənubi Qafqazdakı digər ölkələr üçün də açar rolunu oynayır. Dubay Ticarət və Sənaye Palatası sayəsində azərbaycanlı iş adamları və yerli şirkətlər BƏƏ-də iqtisadi imkanlara çıxış əldə edirlər.

Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə komitənin təsisi ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradıb. Məhz bunun sayəsində müxtəlif biznes forumlar keçirilib və həmin tədbirlərdə bir çox şirkətlər də iştirak edib. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana səfəri iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirəcək. Ərəb liderinin təzə ildə ilk xarici səfərinin məhz Bakıya təsadüf etməsi, ikitərəfli etimada əsaslanan əlaqələrin təcəssümü kimi qiymətləndirilir.

Ölkələrimiz arasında iqtisadi sahədə, xüsusilə qeyri-neft sektorunda sıx əməkdaşlıq mövcuddur. Qarşılıqlı ticarət dövriyyəsinin ümumi həcminin 3 dəfədən çox artması bunu bir daha təsdiqləyir. Belə ki, qeyri-neft ticarətinin həcmi son beş ildə artıb. Göstəricilər 2018-ci ildəki 451 milyon manatdan 2022-ci ildə qeydə alınan rəqəmlərə, yəni 1 milyard 482 milyon manata qədər yüksəlib. Bu rəqəmləri 2021-ci ilin göstəriciləri ilə müqayisə etsək, 46 faiz artım olduğunu görmək mümkündür. Əməkdaşlıq sazişləri çərçivəsində tərəfdaş ölkənin İnvestisiya Nazirliyi ilə dövlətimizin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında birgə əməkdaşlığın şaxələndirilməsi, investisiya prosesinin sadələşdirilməsi istiqamətində də mühüm addımlar atılıb.

Onu da qeyd edək ki, son dövrlərdə iki dövlət arasında müxtəlif mövzularda fikir mübadilələri aparılıb. Səfərdən öncə dekabr ayında İlham Əliyevlə Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığında ölkə liderləri BƏƏ ilə Azərbaycan arasında müxtəlif sahələrdə, eləcə də bərpaolunan enerji sahəsində birgə əməkdaşlığın inkişaf səviyyəsini müzakirə ediblər. Dövlət başçıları, eyni zamanda bir sıra regional və beynəlxalq məsələlər və ümumi maraq doğuran məqamlar barədə də danışıblar. Ötən il noyabrın 30-da da iki ölkə başçısının görüşü baş tutub. Görüş zamanı ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi yolları diqqət mərkəzində olub.

Xatırladaq ki, Azərbaycan və BƏƏ arasında təmiz və bərpaolunan enerji sahəsində əməkdaşlıq son illərdə daha da genişlənib. Bu gün planetin ən aktual probleminə çevrilən iqlim dəyişikliyinə qarşı iki ölkə birlikdə mübarizə aparır. Təsadüfi deyil ki, ötən il BƏƏ COP28-ə evsahibliyi edib. Bu il isə COP29-un növbəti sessiyasının Azərbaycanda keçirilməsi qərara alınıb. Bütün bunlar bir daha iki ölkə arasındakı qarşılıqlı etimadın olduğunu və Azərbaycanla BƏƏ-nin bu mövzuda müştərək çalışdığını söyləməyə əsas verir.

Nəzrin ELDARQIZI,

"Respublika".