Prezident seçkilərində üç təşkilat “exit-poll” keçirəcək
Siyasət

Prezident seçkilərində üç təşkilat “exit-poll” keçirəcək

Mərkəzi Seçki Komissiyasının 26 yanvar tarixli iclasında növbədənkənar prezident seçkilərində "exit-poll" keçirmək üçün akkreditasiya ilə əlaqədar üç təşkilatın müraciətinə baxılıb.

MSK-nın sədr müavini Rövzət Qasımov qeyd edib ki, növbədənkənar prezident seçkilərində "exit-poll" keçirmək üçün akkreditasiya ilə əlaqədar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, "Rəy" Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi sənədlərini MSK-ya təqdim edib. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "exit-poll"u ABŞ-ın "Oracle Advisory Group" şirkəti ilə birgə keçirmək niyyətindədir. Məsələ səsverməyə çıxarılaraq sözügedən təşkilatların akkreditasiyaya alınması barədə qərar qəbul edilib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "Oracle Advisory Group" şirkəti ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində, "Rəy" Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, Sosioloji Tədqiqatlar Mərkəzi 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində "exit-poll" keçirməyi planlaşdırır. Bu seçki məntəqələrindən 6-sı işğaldan azad edilmiş ərazilərdədir. Bunlar 84 saylı Füzuli seçki dairəsinin 75 saylı, 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin Suqovuşanda yerləşən 58 saylı seçki məntəqəsi, 118 saylı Ağdam şəhər seçki dairəsinin 57 saylı seçki məntəqəsi, 122 saylı Xankəndi seçki dairəsinin Xankəndi şəhərində yerləşən 14 saylı seçki məntəqəsi, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Şuşada yerləşən 105 saylı seçki məntəqəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin Ağalı kəndində yerləşən 33 saylı seçki məntəqələridir.

Tacir SADIQOV,

"Respublika".