Siyasət

"Heydər Əliyev-100: Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında Ümummilli Liderin rolu"

Oktyabrın 25-də "Heydər Əliyev İli" çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Heydər Əliyev-100: Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında Ümummilli Liderin rolu" mövzusunda onlayn formatda beynəlxalq konfrans keçirilib.

YAP Mərkəzi Aparatından verilən məlumatda qeyd olunur ki, tədbirin moderatoru, YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün həyata keçirdiyi siyasətin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu konfrans Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarının, əldə edilən nəticələrin təhlili, həmçinin Ümummilli Liderin siyasi irsinin təşviqi və öyrənilməsi baxımından önəmlidir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilən videokonfransın işinə uğurlar arzulayıb və tədbirin Heydər Əliyev irsinin hərtərəfli öyrənilməsinə mühüm töhfə olacağına inamını ifadə edib. Tahir Budaqov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir. Bu münasibətlə istər respublikamızda, istərsə də bir çox xarici ölkələrdə silsilə tədbirlər keçirilir, Heydər Əliyevin müasir dövlətçilik tariximizdə müstəsna yerinə və roluna nəzər salınır, Onun zəngin siyasi irsinin müxtəlif aspektləri geniş ictimaiyyətin diqqətinə çatdırılır. Bu tarixi şəxsiyyətin adı ilə bağlı olan və hazırda Onun siyasi varisi cənab İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edərək Azərbaycana böyük nailiyyətlər qazandıran Yeni Azərbaycan Partiyası da Heydər Əliyev ideyalarının təşviqi və gənc nəslə aşılanması baxımından böyük əhəmiyyətə malik olan müxtəlif tədbirlər reallaşdırmaqdadır.

YAP Sədrinin müavini qeyd edib ki, "Heydər Əliyev-100: Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında Ümummilli Liderin rolu" mövzusunda keçirilən bugünkü konfransın da, xüsusilə də dost və tərəfdaş ölkələrdən olan ictimai-siyasi və dövlət xadimlərinin, Ulu Öndərlə müxtəlif səviyyələrdə təmasda olmuş şəxslərin müdrik dövlət xadimi haqqında fikirlərinin Heydər Əliyev irsinin öyrənilməsi baxımından faydalı olacağına, dahi şəxsiyyətlə bağlı xatirələrinin maraq doğuracağına şübhə yoxdur: "Məlumdur ki, Heydər Əliyev bir-birindən iqtisadi və siyasi-ideoloji xüsusiyyətlərinə görə kəskin fərqlənən iki ayrı dövrdə Azərbaycana rəhbərlik etmişdir. Onun respublikamıza siyasi rəhbərliyinin birinci dönəmi SSRİ dövrünə təsadüf edir. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyevin rəhbərliyi ilə atılan addımlar - görülən işlər respublikamızın yüksəlişini təmin etməklə yanaşı, müttəfiq respublikalarla münasibətlərin inkişafına da xidmət göstərmişdir. Prezident İlham Əliyevin bu məsələlər ilə əlaqədar fikirlərini diqqətinizə çatdırmaq istəyirəm: "Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan Sovet İttifaqı çərçivəsində ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrilmişdir. Əlbəttə, Azərbaycan müstəqil deyildi və Sovet İttifaqında müəyyən ideoloji çərçivələr də var idi. Ancaq buna baxmayaraq, həm respublikanın sosial-iqtisadi inkişafında, həm milli-mənəvi dəyərlərin təbliğində o illərdə Heydər Əliyev böyük işlər görmüşdür".

1982-ci ilin dekabrında SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi də məqsədyönlü fəaliyyətini uğurla davam etdirmişdir. Bu, respublikanın 1969-1982-ci illər ərzində yaradılmış güclü sosial-iqtisadi baza əsasında inkişafını daha da sürətləndirmişdir. Bilirsiniz ki, Heydər Əliyev bu vəzifədə işləyərkən SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir. Xüsusi qeyd etmək istəyirəm ki, bu dövrdə atılan addımlar təkcə Azərbaycan SSR-in deyil, Sovet ittifaqının tərkibində olan digər respublikaların da inkişafına töhfə olmuşdur. Eyni zamanda, Heydər Əliyevin istər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, istərsə də də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi dövrlərdə respublikamızda digər xalqların nümayəndələri də qarşılıqlı anlaşma şəraitində yaşamış, onların bütün hüquqları qorunmuş, rifah və firavanlığı yüksək səviyyədə təmin edilmişdir".

Vurğulanıb ki, SSRİ-nin dağılması ərəfəsində ittifaq tərkibində olan 15 respublika öz müstəqilliklərini elan etməyə başladılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası tarixi isə 1991-ci ilin oktyabrın 18-ə təsadüf etdi. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, torpaqlarımızın ard-arda işğal edilməsi və digər bir sıra problemlər respublikamızın olduqca mürəkkəb şəraitlə üzləşməsinə, hətta müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmasına səbəb oldu. Belə bir ağır vəziyyətdə Heydər Əliyev xalqın israrlı tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıtmaqla xilaskarlıq missiyasını yerinə yetirdi. O, Azərbaycanı iqtisadi böhrandan, siyasi xaosdan qurtardı, Ermənistanın işğalçılıq müharibəsinin qarşısını aldı, səmərəli xarici siyasət həyata keçirməklə ölkəmizin beynəlxalq münasibətlər sisteminə uğurlu inteqrasiyasının əsasını qoydu. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması, ikitərəfli münasibətlərin inkişafı, beynəlxalq təşkilatlarda yüksək fəallığın təmin olunması və digər amillər bu baxımdan xüsusi qeyd edilməlidir. Ümummilli Liderin milli maraqlara əsaslanan siyasi kursu Azərbaycanın dostlarının və müttəfiqlərinin sayının artması, beynəlxalq mövqeyinin möhkəmlənməsi, Qarabağ məsələsində ölkəmizin haqlı və birmənalı yanaşmasının qlobal miqyasda dəstəklənməsi kimi hədəflərə yönəlmişdi. Ulu Öndər bu məqsədlərə nail oldu - Azərbaycan regionun aparıcı dövlətinə çevrildi, etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində layiqli yer tutdu. Bütövlükdə isə, Ümummilli Liderin müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi, sabitlik və inkişaf dönəmi kimi yadda qalan 1993-2003-cü illərdə iqtisadi potensialın artırılması, praqmatik enerji strategiyasının həyata keçirilməsi, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması və münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi kimi amillər Azərbaycanın regionda rolunun artmasını, qlobal siyasi arenada imkanlarının genişlənməsini təmin etdi.

YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, 2003-cü ildən etibarən isə Heydər Əliyev siyasətinin davamçısı - Ümummilli Liderin siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycana yeni uğurlar qazandırmışdır: "Son 20 il ərzində Azərbaycanın təşəbbüsləri və liderliyi ilə böyük enerji və nəqliyyat layihələri reallaşdırılmış, regional miqyasda yeni əməkdaşlıq platformaları yaradılmış, ölkəmiz mötəbər beynəlxalq təşkilatlara sədrlik və qlobal xarakterli mühüm tədbirlərə ev sahibliyi etmişdir. 2011-ci ildə 155 dövlətin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə ölkəmizə, şəxsən cənab İlham Əliyevə olan böyük inam və etimadın ifadəsi, dövlətimizin yüksək nüfuzunun və geostrateji əhəmiyyətinin göstəricisidir. Azərbaycan 2019-cu ildən BMT-dən sonra dünyanın ikinci böyük beynəlxalq təsisatı olan və sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına sədrlik edir. Şərqlə Qərb arasında mənəvi-siyasi və mədəni-intellektual körpü rolunu oynayan Azərbaycan bəşəriyyət üçün böyük önəm və aktuallıq kəsb edən bir çox mühüm təşəbbüslərlə çıxış etmiş, humanizm dəyərlərinə sadiqliyini, milli maraqlara və beynəlxalq hüquq normalarına hörmətini hər zaman nümayiş etdirmişdir".

Qeyd edilib ki, Azərbaycana misilsiz nailiyyətlər qazandıran Heydər Əliyev siyasətinin zirvə nöqtəsi 30 il ərzində Ermənistanın işğalı altında qalmış torpaqların azad edilməsi, ərazi bütövlüyünün bərpası və suverenliyin bərqərar olunmasıdır: "İstər Ulu Öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin siyasi kursunda Qarabağ məsələsinin həlli başlıca strateji prioritet - bir nömrəli məsələ kimi xüsusi yer tutmuşdur. Təbii ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında milli maraqlara əsaslanan səmərəli xarici siyasətin müstəsna rolu olmuşdur. Beynəlxalq miqyasda etibarlı dostluq və tərəfdaşlıq əlaqələrinin formalaşdırılması, Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəkləndiyi sənədlərin qəbuluna nail olunması, Azərbaycan həqiqətlərinin təbliğinə yönəlik məqsədyönlü kampaniyaların və genişmiqyaslı layihələrin həyata keçirilməsi ölkəmizin mövqeyinin möhkəmlənməsinə şərait yaratmış və təsir imkanlarımız artmışdır. 2020-ci ilin sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti təxribatına Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə layiqli cavab verməsi ilə başlanan 44 günlük Vətən müharibəsində ölkəmizin tarixi Qələbəsi isə torpaqlarımızın azad olunması uğrunda çoxillik fəaliyyətin qanunauyğun nəticəsi olmuşdur. Prezident İlham Əliyevin prinsipial mövqeyi nəticəsində bu ilin sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində 24 saatlıq lokal antiterror əməliyyatı isə suverenliyin, ölkəmizin konstitusiya quruluşunun tam bərpasını təmin etmiş, respublika ərazisində separatizmə birdəfəlik son qoyulmuşdur".

"Əlbəttə, bu Qələbə böyük tarixi və siyasi məzmuna malikdir. Çünki birincisi, Azərbaycan işğal faktına, separatizmə öz milli gücü ilə, hərbi-siyasi resursları vasitəsilə son qoymuş, BMT-nin 1993-cü ildə qəbul edilmiş, amma kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etmişdir. Yəni biz həm tarixi ədalətin, həm də beynəlxalq hüququn bərpasına müvəffəq olmuşuq. İkincisi, bu tarixi Zəfər xalqımızın milli qürurunun və milli ləyaqətinin bərpası, "münaqişənin hərbi həlli yoxdur" deyən, işğalçı ilə işğala məruz qalanı fərqləndirməyən qərəzli dairələrin ikili standartlara əsaslanan siyasətinin iflasa uğradılmasıdır. Nəhayət, Azərbaycan regionda yeni geostrateji reallıqlar yaratmışdır ki, bu da nəinki Cənubi Qafqazda, hətta bütövlükdə postsovet məkanında və daha geniş miqyasda yeni təhlükəsizlik mühitinin və əməkdaşlıq imkanlarının formalaşması deməkdir. Çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan hər zaman rifah, firavanlıq, sülh, sabitlik və əməkdaşlıq tərəfdarı olmuşdur, bu gün də öz mövqeyinə və prinsiplərinə sadiqdir" , - deyən Tahir Budaqov əlavə edib ki, bütün bu aşkar reallıqlar - qazanılan möhtəşəm nailiyyətlər Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev yolu ilə addımlayaraq möhtəşəm uğurlar və yeni qələbələr əldə etmək əzmindədir.

Çıxışının sonunda YAP Sədrinin müavini konfransın işinə uğurlar arzu edib, səmərəli fikir mübadiləsinin aparılacağına ümidvar olduğunu bildirib.

Sonra dünya şöhrətli yazıçı, Qazaxıstanın ictimai-siyasi xadimi Oljas Süleymenovun konfransa ünvanlanmış videomüraciəti nümayiş olunub.

Rusiyanın TASS xəbər agentliyinin baş direktorunun birinci müavini, Əməkdar jurnalist Mixail Qusman çıxışında doğulduğu gündən dünyasını dəyişdiyi günə qədər inanılmaz dərəcədə zəngin, möhtəşəm həyat yolu keçmiş dahi lider Heydər Əliyevin istər Sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın inkişafına verdiyi töhfələrdən söhbət açıb. Mixail Qusman bildirib ki, o vaxt Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan bütün istiqamətlərdə inanılmaz dərəcədə inkişafa nail olmuşdu. Bu, həm iqtisadiyyata, həm mədəniyyətə, həm ictimai-siyasi həyata, həm elmə, bir sözlə, ölkə həyatının hər sahəsinə aid idi.

Konfransda YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, siyasi və dövlət xadimi, VII çağırış Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının deputatı Tengiz Dumbadze, Tacikistan Respublikasının keçmiş xarici işlər naziri və BMT-dəki daimi nümayəndəsi, Şanxay Əməkdaşlıq Təşkilatının sabiq baş katibi, Tayxe İnstitutunun professoru Rəşid Alimov, Gürcüstanın Azərbaycandakı sabiq səfiri Zurab Qumberidze və YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova da çıxış ediblər.

Konfransa yekun vuran YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarına təşəkkürünü bildirib. O vurğulayıb ki, çıxış edənlərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında xatirələri, Onun barəsində dəyərli fikirləri bütövlükdə xalqımıza və onun görkəmli oğluna - dahi şəxsiyyətə olan ehtiramın parlaq nümunəsidir. T.Budaqov qeyd edib ki, bütün çıxışların məzmun və mənası Heydər Əliyevin dahi şəxsiyyət olduğunu bir daha təsdiq edir. Heydər Əliyev öz həyatı ilə müasir Azərbaycanın tarixini yaratdı və özü də əbədi olaraq tariximizə həkk olundu. Məşhur alman filosofu Şopenhauerin "istedadlı şəxs odur ki, heç kəsin vura bilmədiyi, dahi şəxs isə odur ki, heç kəsin görə bilmədiyi hədəfi vurur" kəlamını xatırladan T.Budaqov Heydər Əliyevin uzaqgörənliyini xüsusi qeyd edərək Onun qəbul etdiyi qərarların, yeritdiyi siyasətin hələ uzun illər bundan sonra da Azərbaycana xidmət edəcəyinə əminliyini ifadə edərək konfrans iştirakçılarına Heydər Əliyev irsinin tədqiqi və təbliği, Heydər Əliyev yolunun davam etdirilməsi sahəsində hər kəsin öz imkanları daxilində həyata keçirdiyi fəaliyyətdə uğurlar arzulayıb.

Xaqani KOSAYEV,

“Respublika”.