Qərbin kölgəsində yatan haylar
Siyasət

Qərbin kölgəsində yatan haylar

Keçən ilin sonlarında Ermənistan və Azərbaycan arasında münasibətlər nisbətən normallaşmağa doğru getsə də, bu il iki ölkənin əlaqələrində yenidən gərginlik hiss olunur. Belə bir vaxtda geosiyasi mənzərədə tanış ssenarinin baş verdiyini  müşahidə edirik.

Ümumiyyətlə, böyük güclərin Cənubi Qafqaz regionunda nifaq salmaq üçün strateji manevrləri tarix boyu səngiməyib. Belə ki, Ermənistan yenidən böyük dövlətlərin şahmat taxtası üzərində "peşka" rolundadır.

Müdaxilə planları quran böyük güclər öz manipulyasiya oyunu üçün zəif ölkələri hədəf seçir. Ermənistanın təhlükəsizlik və iqtisadi dəstək baxımından Rusiyadan asılı olması onun siyasi gedişlərini manipulyasiya etmək istəyən xarici aktorlar üçün əlverişli şərait yaradır.

Məsələnin kökündə ermənilərin böyük siyasi qarşıdurma oyununda piyada olduqları XX əsrin əvvəllərinə qədər uzanan belə nümunələr çoxdur. Tarixdə münaqişələrin qızışdırılması ilə bağlı bir çox nümunələr var ki, bunların hamısı xaosa nail olmaq məqsədi daşıyıb. Hazırkı ssenari də keçmiş hadisələrə bənzəyir. Görünür, Ermənistan Azərbaycana qarşı növbəti qarşıdurmaya hazırlaşır. Bunun işarələri göz qabağındadır: silah tədarükü, təxribatçı ritorika və təşviş dolu atmosfer. Bununla belə, üzdəki görüntünün daha dərin bir mənası var.

Ermənistanı revanşa sürükləyən məhz Qərb dövlətlərinin strateji maraqlarıdır. Rusiyanın regionda hökmranlığını sarsıtmaq məqsədilə Ermənistan və Azərbaycan arasında gərginliyi qızışdıran bu güclər Moskvanın regiona təsirini zəiflətmək, öz mənfəətləri üçün yararlana biləcəkləri hakimiyyət boşluğu yaratmaq niyyətindədirlər. Bunun nəticəsidir ki, İrəvanın Rusiya ilə ikitərəfli münasibətləri gərginləşib, Ermənistan Moskvaya qarşı demarş elan edib. Hayların Moskvadan uzaqlaşdığı bir vaxtda, Ermənistanın baş naziri Nikol Paşinyanda ölkəsinin Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dondurduğunu deyib. Nikol Paşinyan fevralın 22-də "France 24" telekanalına müsahibəsində bu addımın Moskvanın bir neçə ay əvvəl Ermənistan vətəndaşlarını açıq şəkildə onun hökumətini devirmək çağırışından sonra atıldığını və ona qarşı təbliğat selinin "heç vaxt dayanmadığını" deyib.

İrəvan uzun müddətdir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Ermənistanın üzləşdiyi "təhlükəsizliklə bağlı çətinliklərinə cavab vermədiyinə" görə tənqid edir. N.Paşinyan özü də yaxşı bilir ki, Ermənistan Rusiyadan asılı vəziyyətdədir. Lakin Qərblə Rusiya arasında "gedib-gəlməyə" davam edir. İrəvan Moskva ilə Qərb arasında seçim etməkdə çətinlik çəkir. Ermənistan tərəfindən təhlükəsizlik və iqtisadi dəstək baxımından Rusiyadan asılılığın açıq şəkildə etiraf edilməsinə baxmayaraq, siyasi azadlıq, iqtisadi imkanlar və ittifaqların şaxələndirilməsi baxımından Qərblə daha sıx münasibət yaratmaq istəyir.

Keçmişlə indi arasında paralellər danılmazdır. XX əsrin əvvəllərində ermənilər çar Rusiyasının maraqlarına xidmət edən münaqişələrə qoşuldular, bu isə saysız-hesabsız problemlərə səbəb oldu. XIX əsrin ikinci yarısından etibarən Osmanlı imperiyasına problem yaradan "erməni məsələsi" başlayıb. Ermənilər Osmanlı ərazilərini parçalamaqda ruslara köməklərini əsirgəmədilər. Sərhəd məsələlərinin həllində də məhz yaxından iştirak ediblər. Osmanlı imperiyasında əsasən türklər, kürdlər, çərkəzlər, yunanlar, bolqarlar və ermənilər yaşayıblar. Bu xalqlar içərisində haylar ən başıbəlalısı olub. "Erməni məsələsi" süni bir problem kimi imperialist dövlətlər tərəfindən ortalığa atılıb. Bu gün ipi qlobal güclərin əlində olan Ermənistan daha bir potensial münaqişə astanasına doğru irəlilədiyi üçün tarixin təkrarlanması təhlükəsi ilə üz-üzədir.

Geosiyasi hiylələr arasında qalan haylar yenidən yol ayrıcındadırlar. İrəvan əsrlər boyu münaqişə məkanı olmuş, alət kimi istifadə edilmiş xalqını yeni münaqişəyə sürükləyir. Bunun arxasında isə məhz Qərb qüvvələri dayanır. Qərb mediasındakı anti-Azərbaycan ritorikası, Fransanın silahlandırma siyasəti, Avropa İttifaqının "müşahidə"çilik missiyası bunun sübutlarıdır. Ermənistan üçün doğru yol kənar ölkələrin maraqlarına uymaqdan yox, dialoq, əməkdaşlıq və qarşılıqlı anlaşmaya üstünlük verən siyasətin müəyyənləşdirilməsindən keçir. Lakin İrəvan ölkəmizin bu çağırışlarına məhəl qoymur.

Qərb yenidən Cənubi Qafqazda siyasi sabitliyi pozmaq üçün müxtəlif hiylələrə əl atır, Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlayır. Məhz buna görə də Qərb İrəvanı tam nəzarətə götürmək və Rusiyaya qarşı yeni münaqişə ocağı yaratmaq niyyəti güdür. Yeni planın alt qatında isə kəşfiyyat yolu ilə regiona sızmaqdır. Baş nazir Nikol Paşinyanın Parisə səfəri çərçivəsində Fransa və Ermənistan xarici kəşfiyyat xidmətləri arasında sıx tərəfdaşlıq əlaqələrinin qurulması barədə razılıq əldə olunub. Razılaşdırılmış məsələlər siyahısına uyğun olaraq İrəvana Azərbaycan, İran, Rusiya və Türkiyə üzrə Fransa Xarici Kəşfiyyat Xidməti tərəfindən alınan siyasi və hərbi xarakterli gizli məlumatların, o cümlədən peyk və elektron kəşfiyyat materiallarının ötürülməsi nəzərdə tutulur. Yəni Fransa, Avropa Ermənistanda təkcə anti-Azərbaycan fəaliyyəti ilə məşğul olmur, bu ölkəni silahlandırmaqla kifayətlənmir, Yelisey Sarayı indi də kəşfiyyat məlumatlarını İrəvanla bölüşmək istəyir. Lakin deyəsən Fransa son aldığı zərbəni yaddan çıxarıb. Belə ki, Fransa kəşfiyyat şəbəkəsinin üzvləri Azərbaycan və Türkiyədə həbs olunublar. Uğursuzluqlarından dərs almayan rəsmi Paris hələ də məkrli maraqların müdafiəçisi kimi çıxış etməyə davam edir.

Ermənistanın taleyi məchuldur. Tarix təkrarlanacaq, yoxsa Ermənistan ağlını başına yığacaq? Cavab qeyri-müəyyən olaraq qalır, lakin bir şey aydındır. Qərbin kölgəsi Ermənistan üzərindədir və regionun gələcəyinə qaranlıq salmaq niyyətindədir. Necə deyərlər, haylar Qərbin kölgəsində yatıb, elə bilir öz kölgəsidir. İrəvan müstəqil siyasət yürütmək əvəzinə marionet dövlət olmağa davam edir. Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimində də dediyi kimi bizim qabağımızda heç kim dura bilməz: "Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür".

Nurcan SÜLEYMANOVA,

"Respublika".