Pərviz Şahbazov: Britaniya ilə əməkdaşlığımız qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır
İqtisadiyyat

Pərviz Şahbazov: Britaniya ilə əməkdaşlığımız qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır

Böyük Britaniya ilə əməkdaşlığımızın prioritet sahələrindən biri olan enerji sektorunda uzunmüddətli və səmərəli əməkdaşlığımız qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan BP-nin Azərbaycandakı fəaliyyəti böyük uğur hekayəsidir.

"Respublika" xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Azərbaycan - Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclasında deyib.

“Ənənəvi enerji ilə yanaşı, biz bərpa olunan enerji sahəsində də əlaqələrimizi genişləndiririk. Energetika Nazirliyi ilə Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamenti arasında “Təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair 2021-ci ildə imzalanmış Anlaşma Memorandum”u bu kontekstdə böyük əhəmiyyət kəsb edir. Memorandumun şərtlərinin həyata keçirilməsi üçün işçi qrupu yaradılıb, digər sahələrlə yanaşı, enerji səmərəliliyi və bərpa olunan enerji, o cümlədən dəniz küləyi və hidrogen sahələrində məlumat və təcrübə mübadiləsi məqsədilə mütəmadi olaraq seminarlar və vebinarlar təşkil edilir”, - deyə nazir qeyd edib.

Pərviz Şahbazov bildirib ki, hazırda Böyük Britaniya şirkətlərinin 4 layihədə iştirak etdiyi işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri tərəfdaşlığımızın əhatə dairəsinin və miqyasının genişlənməsinə əlverişli şərait yaradır: “Biz Böyük Britaniyanın bu ərazilərdə minaların təmizlənməsi ilə bağlı dəyərli töhfələrini xüsusilə yüksək qiymətləndiririk. Böyük Britaniyanın itkin düşmüş şəxslərin müəyyən edilməsi sahəsində böyük təcrübəsini nəzərə alaraq, biz bu sahədə də əməkdaşlığın qurulmasını alqışlayırıq”.