Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
İqtisadiyyat

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Energetika Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın "Elektrik təchizatı şəbəkələrinə qoşulma" işçi qrupunun növbəti iclası keçirilib.

Nazirliyin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, qrupun rəhbəri energetika nazirinin müavini Samir Vəliyev müvafiq normativ-hüquqi aktlarda mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi alması üzrə 150 kVt güc həddinin 200 kVt-ya artırılmasını Komissiyanın və İşçi qrupun fəaliyyətinin nəticələrindən biri kimi qiymətləndirib.

Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bu ilin əvvəlindən elektrik şəbəkəsinə qoşulma üzrə sadələşdirilmiş prosedurun (2 prosedur 20 gün ərzində) əhatə dairəsinin genişləndirilməsini xüsusi qeyd edərək bildirib ki, bu iqtisadi təşəbbüs biznes mühitinə geniş və sərfəli imkanlar yaradır. Müvafiq sahədə yeni təşəbbüslərin hazırlanması və həyata keçirilməsində "Elektrik təchizatı şəbəkələrinə qoşulma" işçi qrupunun əhəmiyyətli rol oynaması vurğulanıb.

"Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov isə sahibkarlıq subyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurlarının sadələşdirilməsi, qoşulma müddətinin azaldılması, müvafiq sahədə məlumatlandırma və maarifləndirmə istiqamətində səhmdar cəmiyyət tərəfindən görülən işlər, qarşıda duran prioritetlər haqqında danışıb.

İclasda Dünya Bankının "Business Ready" hesabatının "Kommunal xidmətlər (elektrik)" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi" üzrə görülmüş işlər haqqında məlumat verilib, icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib.

Həmçinin elektrik şəbəkəsinə qoşulma üzrə aparılan iqtisadi islahatlar nəticəsində yaranan əlverişli imkanlar diqqətə çatdırılıb.

İclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, "Azərişıq" ASC, Avtomobil Yolları Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri və "Yol Xəritəsi"nin icrasına bilavasitə cəlb olunan məsul şəxslər iştirak ediblər.

"Respublika".