ÖLKƏMİZİN BEYNƏLXALQ NÜFUZUNUN UĞURLU İFADƏSİ
İqtisadiyyat

ÖLKƏMİZİN BEYNƏLXALQ NÜFUZUNUN UĞURLU İFADƏSİ

COP29 beynəlxalq konfransının ölkəmizdə  keçirilməsi çox mühüm etimad, Azərbaycana  növbəti böyük hörmət və inamın təsdiqidir. Ölkə başçısı bu mühüm tədbirin Azərbaycanda keçirilməsinin  çox böyük siyasi və  iqtisadi  tədbir olduğunu qeyd edərək demişdir ki, biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında  çox güclü mövqelərə sahib olmuşuq.

Beynəlxalq aləmdə olan  hörmət günbəgün artır və biz bu hörməti  öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə ərazisində  suverenliyin  bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Belə bir  mötəbər beynəlxalq konfransın   Qarabağda aparılan  antiterror  əməliyyatlardan sonra keçirilməsi həm də bizim  haqq işimizə, torpaqlarımızın bütövlüyü uğrunda apardığımız  ədalətli müharibədə əldə etdiyimiz qələbəyə dünya ictimaiyyətinin dəstəyinin  ifadəsidir.

Ölkə başçısı COP29 konfransının Bakıda keçirilməsinin beynəlxalq aləmin razılığı ilə olduğunu xüsusi vurğulayaraq haqq işimizə yekdil mövqeyinin uğuru kimi dəyərləndirmişdir.

Heç təsadüfi deyildir ki, konfransın Bakıda keçirilməsi təklifi bəzi Qərb ölkələrini ciddi narahat etdi, onlar ölkəmizə qarşı əsassız ittihamlar irəli sürdü, ciddi-cəhdlə mane olmaq mövqeyi sərgilədilər. Bu siyasi qərəzli kampaniyanın başında Fransa olmaqla bəzi Qərb ölkələri barışmaz mövqe göstərdilər. Lakin ölkə başçımızın qətiyyətli mövqeyi, beynəlxalq nüfuzu həlledici rol oynadı, beynəlxalq birlik, hətta Ermənistan da sağlam beynəlxalq rəy qarşısında geri çəkilməyə məcbur oldu.

Bir fakt xüsusilə maraqlıdır ki, 2024-cü il COP29-a ev sahibliyi edəcək namizədlər arasında ölkəmizlə yanaşı Ermənistan və Bolqarıstan da var idi. Lakin aparılmış birbaşa gərgin danışıqların son nəticəsi kimi ortaya qoyulan bəyanatda əvvəlcə Ermənistan, sonra da Bolqarıstan öz namizədliklərini geri götürdülər. Bu qələbənin bünövrəsini ölkə başçımızın apardığı daxili və xarici siyasətə inam, haqq işimizə beynəlxalq dəstək təşkil edir. Bu həm də sübut etdi ki, Azərbaycan öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı apardığı antiterror əməliyyatlarında çox haqlıdır və bu mübarizədə beynəlxalq hüququn aliliyinə əsaslanmış, humanitar normalara riayət edərək öz suveren hüquqlarını bərpa etmişdir.

"Bir də bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azıərbaycana öz böyük dəstəyini göstərmişdir. Bu, birinci dəfə deyil. Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir", - deyən ölkə başçısı çox haqlı olaraq qeyd etmişdir ki, COP29 beynəlxalq konfransı həm siyasi, həm məsuliyyəti, həm də iştirakçıların sayına görə möhtəşəm tədbirdir. 70-80 min xarici qonağın iştirak edəcəyi konfrans zamanı ölkəmizin paytaxtı dünyanın diqqət mərkəzində olacaqdır. Mötəbər beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malik ölkəmiz, heç şübhəsiz COP29 beynəlxalq konfransını da yüksək səviyyədə keçirəcək, bu da ölkəmizin və xalqımızın növbəti nailiyyətidir, "yaşıl enerji" növlərinin yaradılması və dünya bazarına nəqli bizim enerji siyasətimizin prioritetidir və bu reallığı bütün dünya bir daha görəcək.

Dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərdən biri olan COP29-a ölkəmizin ev sahibliyi etməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin növbəti beynəlxalq qələbəsidir.

Beynəlxalq konfrans qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə sanballı töhfə verəcəkdir. Heç təsadüfi deyildir ki, ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.

Heç təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti erməni işğalından azad edilmiş torpaqları "Yaşıl enerji zonası" elan edib. Bu ərazilərin 2050-ci ilədək "netto sıfır emisiya" zonasına çevrilməsi nəzərdə tutulur.

Qeyd edildiyi kimi, COP29 beynəlxalq konfransı "Yaşıl dünya naminə həmrəy olaq" şüarı ilə keçiriləcək. COP29-un və Liderlər Sammiti Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub. Hazırda stadionda və ətrafında layihələşdirmə, yenidənqurma işləri aparılır. Təşkilat Komitəsinin sədri Samir Nuriyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf ölkələrin dövlət və hökümət başçılarına dövlət məktubu göndərilmişdir. COP29-un rəsmi internet səhifəsi fəaliyyətə başlayıb, yerli mediada COP29 ilə bağlı proses geniş işıqlandırılır, xarici media ilə fəal iş aparılır.

Mütəxəssislərin fikrincə, Bakı konfransı sadəcə ekoloji problemlərin müzakirəsi ilə yadda qalmayacaq, həm də ekoloji problemlərin uğurla həll edilməsi üçün birlikdə atılmış mühüm qlobal forum kimi tarixə düşəcək. Heç təsadüfi deyildir ki, ölkəmizin aktual ekoloji problemləri həll etmək və davamlı həll yolları tapmağa yönəlik digər ölkələrlə işləmək üçün geniş imkanlar açacaq və iqlim dəyişmələrinin azaldılması və yaşıl təcrübələrin təşviqinə yönəlmiş qlobal təşəbbüslərin təşviqinə də təkan verəcək.

Gəncə və gəncəlilər iqlim dəyişmələri ilə mübarizə baxımından COP29 Beynəlxalq Konfransının ölkəmizdə keçirilməsini dərin razılıq hissi ilə qarşılayır, həyata keçiriləcək işlərə yeni töhfələr verəcəyinə əmindirlər. Qədim şəhər sözün əsl mənasında yaşıllıqlar səltənətidir. Uzunluğu 2 kilometrdən çox, ərazisi 500 hektara yaxın Heydər Əliyev Park Kompleksi dünyada 5 ən böyük yaşıl bağlardan biridir. Burada 20 növ möhtəşəm çinar ağacı, habelə həm ekzotik və yabanı, həm də meyvə ağacları əkilmişdir. Eldar şamı, Kreml şamı, kedra, maqnuliya, palıd, yabanı xurma və şabalıd ağacları, feyxoa, nar, alma, armud, gilas yetişdirilib, gül-çiçək bolluğu, xüsusilə də balaca qızılgüllər bağı gözəlliklər məskəninə çevirib.

Nəriman Nərimanov parkının ümumi sahəsi 5 min kvadratmetrə yaxındır. Görkəmli bəstəkar Fikrət Əmirovun adını daşıyan park 20 min kvadratmetr ərazini əhatə edir. 110 ədəd böyük dibçəklərdə mindən artıq dekorativ gül kolları əkilib, ərazi vaxtaşırı yeni ağaclarla genişləndirilir.

Dahi şair Məhəmməd Füzulinin adını daşıyan park və "İstiqlal" parkı 5 hektardan artıq ərazini əhatə edir. Dekorativ ağaclar, 2 mindən artıq müxtəlif gül kolları salınmış ərazinin ümumi sahəsi 1300 kvadratmetrdən artıqdır.

Şəhərdəki Mirzə Şəfi Vazeh parkının ümumi sahəsi bir hektardan çoxdur, Əziz Əliyev parkı da son dövrlərdə salınmış yaşıllıq sahələrindəndir.

Gəncəlilər iqlim dəyişmələri ilə mübarizə baxımından COP29-un dünyanın ekoloji təmizliyinə verəcəyi sanballı töhfələrə inanır və yüksək qiymətləndirirlər. Əmindirlər ki, ölkə başçısının xüsusi diqqət və qayğısı ilə keçiriləcək beynəlxalq konfransın yekunları yaşıl və təmiz dünya uğrunda bəşəri hərəkata xüsusi təkan verəcək, bu sahədə həlledici dönüş nöqtəsinə çevriləcək.

Heç təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29 Beynəlxalq Konfransının ölkəmizdə yüksək səviyyədə keçirilməsinə xüsusi önəm verir və ətraf mühitin dayanıqlılığına böyük töhfə verəcəyinə əminlik ifadə edir.

Vaqif TANRIVERDİYEV,

"Respublika".