Azərbaycan və Mərakeş arasında ədliyyə sahəsində əlaqələr genişlənir
İqtisadiyyat

Azərbaycan və Mərakeş arasında ədliyyə sahəsində əlaqələr genişlənir

Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasında iştirak etmək üçün ədliyyə nazirinin müavini Toğrul Musayev həmin ölkədə səfərdə olub.

Bu barədə "Respublika"-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Səfər çərçivəsində Mərakeşin ədliyyə naziri Abdellatif Ouahbi ilə görüş keçirilib.

Ədliyyə Nazirliyində təşkil olunan görüşdə dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin möhkəmlənməsində ölkə rəhbərlərinin xüsusi rolu qeyd edilib, hüquqi sahədə birgə fəaliyyətin perspektivlərinə toxunulub.

Nazir müavini T.Musayev iki ölkənin müqavilə-hüquq bazasının, o cümlədən ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında sazişin və qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsinə xidmət etdiyini bildirib, ədliyyə sistemində son illər aparılan köklü islahatlardan, əhaliyə elektron xidmətlərin göstərilməsi istiqamətində görülən işlərdən danışıb.

Söhbət zamanı dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunaraq suverenliyimizin tam təmin edildiyi xüsusi qeyd olunaraq, mərakeşli nazirə şəhər və kəndlərimizin, dini və mədəni irsimizin dağıdılması, hazırda həmin ərazilərdə aparılan geniş bərpa-quruculuq işləri barədə məlumat verilib. 

Səmimi keçən görüşdə Mərakeşin dövlətimizlə hərtərəfli əməkdaşlığa böyük önəm verdiyini bildirən nazir A.Ouahbi ölkəsinin beynəlxalq müstəvidə haqlı mövqeyimizi daim dəstəklədiyini vurğulayıb, ədliyyə sahəsində əlaqələrin dərinləşdirilməsinin, rəqəmsal innovasiyaların tətbiqi və digər istiqamətlərdə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək, Azərbaycan tərəfinin iki ölkənin ədliyyə nazirlikləri arasında yeni əməkdaşlıq proqramının qəbul olunması təşəbbüsünü məmnuniyyətlə qarşılayıb.