Güclü iqtisadiyyat, müzəffər dövlət vəhdəti
İqtisadiyyat

Güclü iqtisadiyyat, müzəffər dövlət vəhdəti

Azərbaycan vətəndaşları 20 il bundan öncə prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə dövlətimizin taleyi ilə yanaşı, Qarabağın azadlığı uğrunda mübarizənin gələcəyini də ona etibar etdilər. 15 oktyabr 2008-ci ildə cənab İlham Əliyev xalqın böyük etimadını qazanaraq yenidən ölkə Prezidenti seçildi. Bu, xalqın ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyinin bariz nümunəsi idi. Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində neft sektorunda, eləcə də sənayenin digər sahələrində böyük uğurlar əldə edildi. 2013-cü il prezident seçkilərində qələbədən sonra dövlət başçısının yeni islahatlar paketi bütün sahələrdə sürətli inkişafa təkan verdi.

2018-ci ildə xalqın dəstəyi ilə yenidən Prezident seçilən İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi və 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti" ili elan edilməsi haqqında imzaladığı sərəncamlar dövlətçilik tariximizdə çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin yüksək qiymətləndirildiyinin, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin göstəricisidir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Prezident İlham Əliyevin 20 illik rəhbərliyi dövründə Vətən müharibəsi zamanı qazanılan Zəfər böyük əhəmiyyətə malik olan hərbi-siyasi hadisə kimi Azərbaycan tarixinə həkk olunub. 44 günlük müharibə ilə tarixi ərazilərimiz 30 illik işğaldan azad olundu. 23 saatlıq antiterror tədbirləri ilə ölkəmiz tam suverenlik əldə etdi. Bu, dövlət başçısı İlham Əliyevin xalq və dövlət qarşısında əvəzsiz xidmətidir.

Dünya hərb tarixində xüsusi yer tutan Vətən müharibəsi Prezident İlham Əliyevin sərkərdəlik məharətini göstərdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı xarici televiziya və mətbuat orqanlarına otuzdan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Ölkəmizdə elm, təhsil, mədəniyyət sahəsi cənab İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 20 ildə özünəməxsus şərəfli yol keçib. Dövlət başçısının adı ilə bağlı olan bu 20 il "Heydər Əliyev İli"nə ən böyük hesabatdır.

Məhz Ali Baş Komandanın ötən həftə keçmiş münaqişənin yekununu vuraraq Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırması xalqın və ümumilikdə ölkənin 30 il ərzində Qarabağla bağlı ümidsizliyinə birdəfəlik son verdi. Vətən müharibəsindən sonra Xankəndi və Qarabağın bir hissəsinin hələ də separatçıların işğalı altında olmasından istifadə edən bəzi ünsürlər bu məsələdən çirkin təbliğat kimi istifadə edirdilər. Lakin cənab İlham Əliyevin özünün də dediyi kimi, nəyi, nə vaxt, necə etmək lazım olduğunu çox yaxşı bilir. Və bu günlərdə yaşadığımız əvəzsiz anlar gələcəkdə qürurla geriyə baxa biləcəyimiz əbədi xatirə olaraq yaddaşlarda qalacaq. Əldə olunan bu uğurlar həm də ölkənin bir çox sahədə inkişafına yol açdı.

Belə ki, Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə ümumi daxili məhsul 7.3 milyard dollardan 78.7 milyard dollara yüksəlmiş, dövlət büdcəsinin xərcləri 1.2 milyard manatdan 36.6 milyard manata çatmışdır. Bununla yanaşı, strateji valyuta ehtiyatları 1.4 milyard dollardan 66.1 milyard dollara qədər artmış, orta aylıq əməkhaqqı 77.4 manatdan 839.4 manata yüksəlmiş, yoxsulluq səviyyəsi 44.7%-dən 5.5%-ə enmişdir. Əldə olunan tarixi zəfərlərdən sonra ekspertlərin fikrincə, iqtisadi göstəricilərin xarici investorların dəstəyi ilə 2 dəfədən çox artacağı gözlənilir.

2023-cü ilin birinci yarısı ölkəmizdə iqtisadiyyatın bütün sahələrində uğurlu və yaddaqalan olmuşdur. Xüsusilə, qeyri-neft sektorunda 3 faiz, qeyri-neft sənayesində 6,5 faiz, büdcəyə daxilolmaların proqnoz üzrə nəzərdə tutulduğundan 3 milyard manatdan çox artım iqtisadiyyatın yüksəlişini əks etdirir. Ulu öndər Heydər Əliyevin miras qoyduğu neft strategiyasının bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan neftinin bütün dünyada tanınması ilə nəticələnmişdir. Lakin ölkə sadəcə neftdən asılı ola bilməzdi. Uzaqgörən siyasətçi cənab İlham Əliyev neftdən asılılığın azaldılması və qeyri-neft sektoruna investisiyaların qoyulması istiqamətində imzaladığı Sərəncamlar ölkənin rifahının neftdən asılı olmayacaq şəkildə, günü-gündən yaxşılaşdırılmasına xidmət edir.

Tacir SADIQOV,

"Respublika".