Neft ölkəsi kimi tanınan Azərbaycan həm də qaz ixracatçısına çevrilir
İQTİSADİYYAT

Neft ölkəsi kimi tanınan Azərbaycan həm də qaz ixracatçısına çevrilir

2007-ci il iyulun 3-də "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz qardaş ölkə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub

Azərbaycan təbii sərvətlərin zənginliyinə görə dünyada sayılıb-seçilən bölgələrdən biridir. Xüsusilə neft və təbii qaz ehtiyatlarının çox olması ölkəmizin Odlar Yurdu adlandırılmasına səbəb olub. 70 il SSRİ-nin tərkibində olan Azərbaycan bu illər ərzində İttifaqın neft mərkəzinə çevrildi. Lakin təəssüflə qeyd etmək lazımdır ki, ölkəmiz Sovet imperiyasının bir hissəsi olduğundan karbohidrogen yataqları kortəbii şəkildə istismar olunurdu.

1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən üç il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanı dünyada neft ölkəsi kimi tanıtdırdısa, Prezident İlham Əliyevin rəhbərliyi ilə nəhəng təbii qaz layihələrinin işlənib hazırlanması bu sahənin də ön plana çıxmasına zəmin yaratdı. Cənub Qaz Dəhlizi adlanan bu marşrut vasitəsilə Xəzər dənizindən çıxarılan qaz resursları Türkiyə üzərindən Avropa qitəsinə daşınır. Dünyada baş verən son proseslər və Avropa ilə Azərbaycanı birləşdirən qaz kəmərinin olması ölkəmizi Qərbin gözündə daha da maraqlı edib. Dövlətimizin yürütdüyü enerji siyasəti Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişdirərək, regionda sülhə və təhlükəsizliyə də böyük töhfələr verir. Bu strategiya sayəsində enerji siyasətini zənginləşdirən respublikamız dünyada enerji təhlükəsizliyinin təchizatçısı kimi çıxış edir. Bu səbəbdən son bir ildə karbohidrogen ehtiyatlarının nəqlində artımların olması ilə yanaşı, həm də tərəfdaşların da sayının çoxalması müşahidə edilir.

Cənub Qaz Dəhlizinin icrası Xəzər dənizində yerləşən "Şahdəniz" yatağında istismar edilən təbii qazın daşınmasını təmin edir. 1996-cı il iyunun 4-də SOCAR xarici tərəfdaşlarla perspektivli "Şahdəniz" sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü (HPBS) haqqında saziş imzalayır. Bundan 3 il sonra 1999-cu ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng "Şahdəniz" qaz-kondensat yatağı kəşf olunur. 2001-ci ilin martında isə dost və qardaş ölkə Türkiyənin Azərbaycandan qaz almasına imkan yaratmaq üçün Ankarada Hökumətlərarası Saziş və Alqı-Satqı Sazişi imzalanır. Həmin il sentyabrın 29-da isə Azərbaycan və Gürcüstanın rəsmi təmsilçiləri təbii qazın tranziti, nəql edilməsi və satışı üçün Hökumətlərarası Saziş və müvafiq müqavilələr imzalayırlar.

 "Şahdəniz" qaz yatağının kəşf olunmasından sonra yaranan yeni çağırışlar fonunda Xəzər dənizindən hasil edilən təbii qazın daşınması üçün boru kəmərinin çəkilişi vacib olur. Cənub Qaz Dəhlizinin bir hissəsi olan "Bakı-Tbilisi-Ərzurum" Cənubi Qafqaz Qaz Boru Kəməri 2006-cı ildə istifadəyə verildi. Həmin ilin dekabr ayında isə "Şahdəniz" yatağından hasilat başlanıldı. 2007-ci il fevral ayından etibarən Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından hasil olunan təbii qaz "Bakı-Tbilisi-Ərzurum" (BTƏ) vasitəsi ilə Gürcüstana, 2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz BTƏ marşrutu üzrə Türkiyəyə ötürüldü. Beləliklə, dünyanın ən böyük enerji layihəsi olan Şahdəniz qaz yatağının istismarı Azərbaycan-Türkiyə və Azərbaycan-Avropa əməkdaşlığının dərinləşməsində əsaslı rol oynadı və Şahdəniz qaz yatağının istismarının birinci mərhələsi uğurla icra olundu. Respublikamızın yeraltı təbii sərvətlərinin zənginliyi ilə yanaşı, nəhəng enerji infrastrukturuna malik olması da təqdirəlayiq haldır. Bir çox hallarda enerji marşrutlarının çəkilişində problemlər yaşansa da siyasi dözümlülük və prinsipiallıq sayəsində uğurlarımıza kölgə salınmasının qarşısı məharətlə alındı. Çox keçmədən "Şahdəniz" layihəsinin tammiqyaslı işlənilməsinin yeni mərhələsi olan "Şahdəniz 2" layihəsi Azərbaycan qazını Avropa və Türkiyəyə çatdıran nəhəng bir layihə olmaqla, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchiz etməklə, qazın təchiz edildiyi region və ölkələrin enerji təhlükəsizliyini artırdı. Cənub Qaz Dəhlizinin əsas məqsədi "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi zamanı hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. İlkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulmuşdu. Lakin 2022-ci il iyulun 18-də Azərbaycan və Avropa İttifaqı arasında yeni enerji Sazişi imzalandı. Anlaşma memorandumuna əsasən TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrədək genişləndirilməsi nəzərdə tutulur.

Musa BAĞIRLI,

"Respublika".