Faktlar və rəqəmlər
İQTİSADİYYAT

Faktlar və rəqəmlər

80,0 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Dövlət Statistika Komitəsinin son məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-noyabr aylarında 80,0 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,2 faiz azalmış, qeyri-neft-qaz sektorunda isə 5,0 faiz artmışdır. Sənaye məhsulunun 76,1 faizi mədənçıxarma sektorunda, 20,1 faizi emal sektorunda, 3,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 8,0 faiz artmışdır.

 

Əsas kapitala 13053,6 milyon manat vəsait yönəldilib

2022 -ci ilin yanvar-noyabr aylarında əsas kapitala 13053,6 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 14,7 faiz azalmış, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 24,5 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 7161,1 milyon manatı və ya 54,9 faizi məhsul istehsalı sahələrinə, 5069,1 milyon manatı (38,8 faizi) xidmət sahələrinə, 823,4 milyon manatı (6,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 10081,0 milyon manatını və ya 77,2 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 9596,1 milyon manatı və ya 73,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

 

İstehlakçılara 45111,0 milyon manatlıq ərzaq və qeyri-ərzaq məhsulları satılıb

2022 -ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45111,0 milyon manatlıq, o cümlədən 25354,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19756,7 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,8 faiz artmışdır.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 407,4 manatlıq, o cümlədən 229,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 178,4 manatlıq qeyri-ərzaq malları almışdır.

"Respublika".