Azərbaycan-Pakistan: nümunəvi əməkdaşlıq modeli uğurla inkişaf etdirilir
Siyasət

Azərbaycan-Pakistan: nümunəvi əməkdaşlıq modeli uğurla inkişaf etdirilir

Bu gün yeni inkişaf mərhələsinə yüksələn Azərbaycan-Pakistan münasibətləri qarşılıqlı dəstək, səmimiyyət, ehtiram üzərində qurulan və tarixən formalaşan dostluğa, siyasi əlaqələrə əsaslanır. Dövlətimizin müstəqilliyini ilk tanıyan ölkələrdən biri olan Pakistanla diplomatik əlaqələr 1992-ci ildə qurulmuş, Bakıda Pakistanın, İslamabadda isə Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Ermənistanın 30 il davam edən təcavüzkar siyasətini beynəlxalq təşkilatlar çərçivəsində pisləyən Pakistan hər zaman dövlətimizin mənafeyini müdafiə etmiş, siyasi və mənəvi dəstək göstərmişdir. Münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinə tərəfdar çıxan dost Pakistan da qardaş Türkiyə kimi Ermənistanla diplomatik münasibətlər qurmamış və yüksək tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb etmişdir.

Azərbaycanın qalibiyyəti ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqları prosesinə münasibət bildirən Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ötən il ölkəmizdə səfərdə olarkən mətbuata bəyanatında bu barədə demişdir: "Məmnunam ki, Ermənistanla sülh sazişi üzərində artıq danışıqlar gedir. Bildiyiniz kimi, Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir. Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik". Azərbaycan da beynəlxalq platformalarda Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləmiş və bu dəstək davam edir. Bu çərçivədə qarşılıqlı münasibətlər ölkələri və eyni zamanda xalqları daha da yaxınlaşdırır. İki ölkə arasında səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərə eyni mövqe və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Azərbaycan ilə Pakistan nümunəvi əməkdaşlıq modelini uğurla inkişaf etdirir.

44 günlük İkinci Qarabağ müharibəsində dost, qardaş ölkə sarsılmaz, möhkəm təməllər əsasında qurulmuş əlaqələri bir daha bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsində Azərbaycana ən böyük dəstəyi Türkiyədən sonra Pakistan göstərdi. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ötən il ölkəmizə səfəri zamanı dövlət başçımız mətbuata bəyanatında demişdir: "Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi". Bütün dünyaya nümunə olan bu birlik ölkələrimiz arasında əlaqələrin dərinləşməsi, siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə əməkdaşlıq istiqamətində yeni perspektivlər açır.

Azərbaycan və Pakistan bir-biri ilə əməkdaşlığa, müttəfiqliyə böyük önəm verərək problemlərin həllində birlik, həmrəylik nümayiş etdirir. Dost, qardaş ölkələr arasında mövcud əlaqələr Qarabağ müharibəsindən sonrakı dövrdə yaranmış problemlərin həllində, o cümlədən Zəngəzur dəhlizinin istifadəyə verilməsində, Türkiyənin antiterror mübarizəsində, Kipr və Kəşmir problemlərinin həlli istiqamətində də mühüm rol oynayır.

İki ölkə arasında ticarətin həcminin artırılması, sərmayə qoyuluşu, enerji, o cümlədən bərpaolunan enerji məsələsi, müdafiə sənayesinin inkişafı, birgə hərbi təlimlərin keçirilməsi sahəsində əməkdaşlığa ciddi səy göstərilir. Hər zaman çiyin-çiyinə dayanan iki qardaş ölkənin istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə mövqeləri üst-üstə düşür.

2021-ci il iyulun 27-də Milli Məclisdə ilk dəfə olaraq Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin imzaladıqları Bakı Bəyannaməsi üç dost ölkənin birliyinin, güclü ittifaqının, həmrəyliyinin göstəricisi, Azərbaycan, Türkiyə və Pakistan strateji tərəfdaşlığının yeni mərhələsi və eyni zamanda hər üç dövlətin gündən-günə möhkəmlənən münasibətlərinin təzahürüdür. Nəqliyyat, ticarət, energetika, xalqlararası təmas, təhsil, sosial, mədəniyyət mübadiləsi, turizm, informasiya-kommunikasiya texnologiyaları sahəsində regional əməkdaşlıqdan tutmuş hibrid müharibələr və islamafobiyaya qarşı mübarizə, regional və qlobal mövzularda yaxından fəaliyyət göstərmək haqqında əməkdaşlığın qeyd olunduğu Bəyannaməyə əsasən ölkələr xaricdən dəstəklənən terror və kiber hücumlar, dezinformasiya kampaniyalarına qarşı və digər sahələr üzrə əməkdaşlığı genişləndirməyə razılaşmışlar. Bu baxımdan, Bakı Bəyannaməsi regionda yeni üçtərəfli formatın və üç ölkə arasında milli, mənəvi səviyyədə qardaşlığın əsasını qoymuşdur.

Mart ayının 21-də Brüsseldə keçirilən Nüvə Enerjisi Sammiti çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Pakistan İslam Respublikasının xarici işlər naziri Məhəmməd İşaq Dar ilə görüşü zamanı da ölkələr arasında qarşılıqlı etimad və həmrəyliyə əsaslanan ikitərəfli dostluq münasibətləri, əməkdaşlıq perspektivləri, bölgədəki cari vəziyyət müzakirə olunub. Həmçinin mövcud siyasi dialoqun yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, mütəmadi səfərlərin, qarşılıqlı təmasların əhəmiyyəti vurğulanıb, bütün sahələrdə əməkdaşlığın geniş potensialı diqqətə çatdırılıb.

İki qardaş ölkə xalqların mənafeyi, regionda sülhün təmin edilməsi naminə birlikdə daha böyük nailiyyətlər əldə etmək üçün səyləri artırır. Ölkə başçımızın 23 mart - Pakistan Günü münasibətilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə ünvanladığı təbrik məktubunda bütün bunlar bir daha öz təsdiqini tapır: "Hazırda istər iqtisadi-ticari, istərsə də nəqliyyat, enerji, müdafiə, humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin genişlənməsi üçün yaxşı şərait mövcuddur. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Pakistan ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, çoxşaxəli əməkdaşlığımızı inkişaf etdirmək və strateji tərəfdaşlığımızı daha da dərinləşdirmək naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik".

Mehparə ƏLİYEVA,

"Respublika".