VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

7 yanvar

  • Yaponiyanın, Perunun, Lüksemburq Böyük Hersoqluğunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri etimadnamələrini Azərbaycan Prezidentinə təqdim ediblər.
  • Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti müəyyən edilib.
  • Birinci vitse-prezident Mehriban Əliyeva Milad bayramı münasibətilə paylaşım edib.
  • Prezident seçkiləri ilə əlaqədar "Polis əməkdaşları üçün yaddaş kitabçası" hazırlanıb.

8 yanvar

  • Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabatı və ABŞ Dövlət Departamenti tərəfindən ölkəmizin qondarma xüsusi izləmə siyahısına daxil olan ölkə kimi müəyyən edilməsi ilə bağlı bəyanat yayıb.

ABŞ-ın əsassız iddiaları və qərəzli hesabatı

Dünyada elə ölkələr var ki, fövqəldövlət statusu daşımasına baxmayaraq, xarici siyasətində həm ciddi yanlışlıqlara yol verir, həm də beynəlxalq məsələlərə yanaşmalarında ikili standartlar nümayiş etdirirlər. Bu ölkələrdən biri də ABŞ-dır.

Son dövrlərdə Vaşinqtonun Azərbaycana qarşı münasibətini təhlil etsək görərik ki, ABŞ daha çox regiondakı vəziyyətə müdaxilə etmək niyyəti güdür. Ərazilərimizin 30 il müddətində işğal altında qalmasında ABŞ-ın Ermənistana yardımları da xüsusi rol oynayıb. Zaman-zaman qərəzli açıqlamaları ilə gündəmə gələn Vaşinqton bu dəfə də heç bir fakta əsaslanmayaraq Azərbaycanı din azadlığı ciddi şəkildə pozan ölkələr siyahısına salıb. Bununla bağlı bəyanat dövlət katibi Antoni Blinken tərəfindən səsləndirilib.

Siyahıya daxil edilən ölkələr arasında Əlcəzair, Mərkəzi Afrika Respublikası, Komor adaları və Vyetnam da yer alıb. Blinken qeyd edib ki, hökumətlər dini azlıqların icmalarına və ziyarətgahlarına hücumlara, fikirlərin dinc şəkildə ifadəsinə görə həbslərə, transmilli repressiyalara və dini icmalara qarşı zorakılıq çağırışlarına son qoymalıdırlar. Görünür, Ermənistan 30 il işğal altında saxladığı torpaqlarımızda müqəddəs ibadət yerlərimizi təhqir edərkən Blinken "fil qulağında yatmışdı". Yada salaq ki, işğal dövründə İslam dininə aid olan bütün nümunələrimiz məhv edilib, məscidlərimiz vandalizmə məruz qalıb. Xalqımızın milli kimliyinin, mənəvi-əxlaqi dəyərlərinin və adət-ənənələrinin simvolu olan müqəddəs məkanlarda donuz saxlanması bunun əyani sübutudur. Bütün bunların fonunda ABŞ-ın mövqeyi, eləcə də Blinkenin qərəzli açıqlamaları Vaşinqtonun selektiv yanaşmasının bariz nümunəsidir.

  • Papa Fransisk Azərbaycan və Ermənistanı sülh müqaviləsi imzalamağa çağırıb.
  • Xankəndi və Xocalıda çoxlu sayda silah-sursat aşkarlanıb.

9 yanvar

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü keçirilib.

Səmimi dostluq, etibarlı tərəfdaşlıq

Məlum olduğu kimi, yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub. Görüş çərçivəsində "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" və s. bir sıra vacib sənədlər imzalanıb.

Son illər Azərbaycanla BƏƏ arasında nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə yüksəldib. Etibarlı tərəfdaşa çevrilən Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır. Prezident İlham Əliyevin yürütdüyü uğurlu müstəqil xarici siyasət sayəsində ölkəmizin Avropa, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər hazırda ən yüksək səviyyədədir və getdikcə inkişaf edir.

Münasibətlər təkcə iqtisadi əməkdaşlıq üzərində qurulmur, siyasi münasibətlərin inkişaf etdirilməsinə də önəm verilir. Dövlətimizin başçısı ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında keçirilən görüş zamanı bu məsələyə diqqət çəkilib.

  • Prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.

10 yanvar

  • Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.

Yeni dövrün başlanğıcı

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir sıra məqamlara toxunub. Televiziya nümayəndələri ilə səmimi söhbət zamanı ölkə gündəmində baş verən hadisələr diqqət mərkəzində olub. Bununla yanaşı, cənab Prezident fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri də açıqlayıb. O, qeyd edib ki, bu, sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqəlidir. Digər bir səbəb isə müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək ilk seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyidir: "Mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur".

Azərbaycan son illərdə yüksələn nüfuzu, strateji siyasəti ilə fərqlənir. Bu inkişafın yeni mərhələsinin təməli 2020-ci il İkinci Qarabağ müharibəsində atılıb. Belə ki, 44 gün müddətində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın göstərdiyi misli görünməmiş birlik nümunəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı ilə şanlı qələbə əldə edilib.

Prezident İlham Əliyevin siyasəti və 20 il müddətində gördüyü işlər isə göz qabağındadır. Bu vaxt ərzində ölkəmizin beynəlxalq münasibətləri, xüsusən qonşu ölkələr və qlobal tərəfdaşlarla əlaqələri əhəmiyyətli dərəcədə inkişaf edib. İqtisadi strategiyalarda, inkişaf planlarında və investisiyaları cəlb etmək səylərində yüksək inkişaf müşahidə edilib. Sosial rifah, səhiyyə, təhsil və infrastrukturun inkişafı kimi mühüm daxili məsələlərin həlli istiqamətində müəyyən addımlar atılıb.

  • Bakıda Milli QHT Forumunun Ümumrespublika Forumu keçirilib.
  • Azərbaycan ictimaiyyəti adından Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibətlə bağlı bəyanat qəbul olunub.

11 yanvar

  • Prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Prezident Edqars Rinkeviçsə təbrik məktubu ünvanlayıb.
  • "Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar" mövzusunda forum çərçivəsində "COP29 ərəfəsində imkanlar və çağırışlar, turizm sənayesindən gözləntilər" adlı panel təşkil olunub.
  • Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirə keçirilib.

12 yanvar

  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Bolqarıstan Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriel arasında telefon danışığı olub.
  • "THE Impact 2024" reytinqində iştirak edən Azərbaycan universitetlərinin sayı 2 dəfədən çox artıb.
  • MDB PA-nın Azərbaycanda növbədənkənar prezident seçkilərini izləyəcək beynəlxalq müşahidə qrupunun əlaqələndiricisi təyin edilib.
  • Antiterror əməliyyatı zamanı 9 türk əsgəri şəhid olub.

13 yanvar

  • Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
  • Azərbaycan XİN Avropa Şurası komissarının hesabatını şərh edib.

“Respublika”.